Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:22

Bizim insanımız niyə onlardan geri qalmalıdır?!


Yusif Hansen
Yusif Hansen

- "Düzdür ki, hələ də yaşlı müəllimlər, professorlar öz işlərinin başındadırlar. Amma nə faydası. Komputerdən istifadə edə bilmirlər. Latın qrafikası ilə çətinliklə yazırlar. Gəncləri isə görən gözləri yoxdur."

Yusif Hansen

Qocalara burada yer yoxdur

"Marslı" romanını oxuyarkən ona çəkilən filmin tanışlıq fraqmentinə baxmaq istədim. İzlədim, bəyəndim və filmin rejissoru ilə maraqlananda görürəm ki, 77 yaşlı Ridley Scott (Ridli Skott).

Tənbəllik etmirəm və Ridlinin gələcək planlarına baxıram. Qarşıda rejissorluq edəcəyi 10-dan çox filmin adını görürəm.

Ağzım açıq qalır ki, adam bu yaşında ölümü gözə alıb hələ də çalışır. El arasında beləsinə yaxşı deyirlər. Bir ayağı burdadır, bir ayağı gorda.

Bir neçə gün öncə səhər 9-da gecə növbəsindən çıxıb banka pul ödəməyə getdim. Bank 9.30-da açıldığından yarım saat gözləməli oldum.

Bekarçılıqdan yaxınlıqda gəzirdim ki, 2 təqaüdçü kişinin parkda oturub söhbət etdiyini gördüm.

Ürəyimdə deyirəm ki, bekar olsam, öldürsələr də məni, səhər 10-dan tez durmaram.

İllüstrasiya
İllüstrasiya

İnsanlara fikr versək, çoxu təqaüd yaşının gəlməsini səbirsizliklə gözləyir. Həmin vaxt çatanda isə vaxtını öldürür, ölümünü gözləyir.

Bütün günü evdə oturub gənclərin başını xarab eləmək.

Gəlinin səhvlərini axtarmaq, nəvələrinə xatirələrindən danışmaq, bizim vaxtımızda belə idi, elə idi ilə başlayan cümlələr qurmaq.

Çayxanada, parkda nərd, domino oynayıb vaxtı öldürmək. Bütün bunlar bizim təqaüdçülərin, yaşlıların sevə-sevə gördüyü işlərdir.

Başqa yerlərdə baxsaq açıq-aydın görərik ki, insanlar ölənə qədər çalışırlar ki, cəmiyyətə xeyirli olsunlar. Ən azından çalışır ki, nəsə etsin.

Bizim bəzi yaşlılarımız isə ictimai nəqliyyatda oturmaq üstündə gənclərlə dalaşırlar. Ağızlarına gələni deyib alçaldırlar.

Xarici ölkədə yaşlı insana qalxıb yer versən adama deyər ki, qoca özünsən. Yəni bu dərəcədə özlərinə hörmət edirlər.

Qərb ölkələrində 80, 90 yaşlı insanlar var ki, hələ də beyinlərini işlədir, bekar dayanmır, yazır, yaradır və s. Bizim insanımız niyə onlardan geri qalmalıdır?

Düzdür ki, hələ də yaşlı müəllimlər, professorlar öz işlərinin başındadırlar. Amma nə faydası. Komputerdən istifadə edə bilmirlər. Latın qrafikası ilə çətinliklə yazırlar. Gəncləri isə görən gözləri yoxdur.

Qocalıq dövrü anladığım qədərilə, asan olmur. Amma oturub ölümü gözləmək nəyə gərəkdir ki?!

Tanıdığım az sayda yaşlı insanlar var ki, 5 dəqiqə bir yerdə dayanmır. Daima hərəkətdədir. Təqaüd aldığına baxmayaraq, işləyir. Kompüterdən istifadə edir. Övladlarına maddi dəstək olur.

İşlə bağlı bəzi problemlərin olduğu hamıya məlumdur. 40 yaşından sonra iş tapmaq çətin məsələdir. Bunların tək günahkarı isə bizik. Özümüz yaradırıq belə suni maneələri.

İnsanın ağlı başındadırsa və sağlamdırsa, heç kimə möhtac olmamalıdır. Həmçinin dövlətin təqaüdünə də.

Qərb ölkələrinə baxıb ağzımızın suyunu axıdırıq. Lakin nədəsə fədakarlıq etmək istəmirik. Tək şeyi unutmayaq. Ölkəni qüdrətli edən onun insanlarıdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG