Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:41

Yağış «8-ci kilometr bazarı»nı yuyub


8-ci kilometr bazarı
8-ci kilometr bazarı

-

«Bu boyda obyektdə normal kanalizasiya sistemi yoxdur ki, güclü yağış yağanda mallarımızı qucaqlayıb oturmayaq. İkigünlük yağış buraları elə günə salıb ki, azı bir həftə bura müştəri ayağı dəyməz. İtirənsə həmişəki kimi biz oluruq».

Noyabrın 8 və 9-da yağan yağış «8-ci kilometr bazarı»nda ticarətçilərə əməlli-başlı zərər vurub. Xalid İsmayılov deyir, bazarın tavanı köhnə olduğundan yağış malların üzərinə yağıb və yararsız hala salıb:

«Yağış başımıza yağdı. Obyektlərimiz su altında qaldı. Nə bir suçəkən texnika, nə bir kömək yoxdur… Heç nə… Bizim başımız həmişə bəladadır. Mallarımız ya yanğının qurbanı olur, ya da sel-suyun…».

TİCARƏTÇİLƏR YAPIŞMAĞA YAXA TAPMIRLAR

Ticarətçiləri çətinə salan məsələlərdən biri də sığortanın olmamasıdır. Deyirlər, malları yananda, ya su altında qalanda kimin yaxasından yapışacaqlarını bilmirlər. Sığorta tələb edəni isə bazara yaxın buraxmırlar.

Burada ticarətlə məşğul olan Elçin Məmmədov deyir, əsasən geyim mağazaları olan bölmədə obyektlər su içərisində qalıb. Mallara xeyli ziyan dəyib:

«Ayın 8-dən mağazanı bağlamışam. Qarşısında iri gölməçə yaranıb deyə, hələ də dükanı aça bilmirəm. İki gün idi mağazalar bağlı qalmışdı. Bu gün başlamışıq mağazaları açmağa. Ancaq dərin gölməçələr müştəriləri buradan uzaq salıb. Bir neçə gündən sonra bizdən icarəhaqqı tələb edəcəklər. Ancaq düşünən yoxdur ki, «əvvəl gərək, bu adama şərait yaradam, malını satsın ki, sonra ondan icarə haqqı istəyim». Mallarımı su basıbsa, mağazaya müştəri yaxın düşmürsə, o pulu necə qazanıb onlara verim?».

TİCARƏT «ÖLÜB»

Noyabrın 10-da yağış kəssə də, bazarda hələ də müştəri seyrəkliyidir. Halbuki, ticarətçilər deyirlər, adətən ilin bu vaxtları bazarda müştəri əlindən tərpənmək olmur.

Deyirlər, yağış daha çox üstü çadırla örtülən mağazalara ziyan vurub. Sel suları bazarın yuxarı hissələrində olan tullantıları avtomobillərin intensiv hərəkət etdiyi magistral yola töküb. Çirkab sular yığılaraq yolun çökək hissəsində iri gölməçə əmələ gətirib. Avtomobillərin və piyadaların gediş-gəlişi çətinləşib.

Bazar rəhbərliyini danışdırmaq mümkün olmasa da, Nizami rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, noyabrın 8 və 9-da yağan yağış nəticəsində bazarın qarşısında yaranmış problemlər aradan qaldırılıb. Bazarın içərisindəki problemlərə görə isə bazar rəhbərliyi cavabdehdir.

BAŞIBƏLALI BAZAR

8-ci kilometr qəsəbəsindəki bu bazar 5 il əvvəl iki dəfə yanıb. Ticarətçilərə xeyli zərər dəyib.

«8-ci kilometr bazarı» iki dəfə özəlləşdirilib. 1980-ci ildə yaradılan bazar ilk dəfə 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) qərarı məhkəmə hökmü ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. Lakin yüzlərlə mülkiyyətçinin itkisinin əvəzi ödənməyib. 2008-ci ilin fevralında «Ticarət Mərkəzi-4» MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında «8-ci km Ticarət Mərkəzi» ASC yaradılıb.

Ticarətçilərin çoxunun ASC ilə müqaviləsi və satdıqları malların sığortası yoxdur.

XS
SM
MD
LG