Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:29

600 fəhlə «Azimport»dan pulunu tələb edir


Fəhlə.
Fəhlə.

-

«Bizi aldatdılar ki, əmək müqaviləsi bağlayacaqlar. Adımıza hesab açacaqlar, maaş kartı verəcəklər. Qrupumuzda 600-ə yaxın işçi çalışırdı. Bizi Bayıl qəsəbəsində «Şanxay» deyilən ərazidə aylarla işlətdilər. Pulumuzu vermədilər. İndi də deyirlər, «şirkət sahibsiz qalıb». Pul üçün kimə müraciət edəcəyimizi bilmirik».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə bu ilin martında «Azimport» şirkətinin layihəsində işləmiş Tağı Kərimov deyir.

«600 FƏHLƏDƏN HARA QƏDƏR QAÇACAQLAR?»

Onun sözlərincə, martda şirkət azı 600 fəhləni Bayılda, «Şanxay» deyilən ərazidə fəhlə kimi işlədib, pullarını isə verməyib: ««Azimport» şirkəti ilə danışığımıza əsasən, Bayıl qəsəbəsi, «Şanxay» deyilən ərazidə evlərin ağardılması və dam örtüklərinin boyanması işlərinə başladıq».

Şikayətçilərin dediklərinə görə, dam örtüyünün bir kvadratmetrini 60, divarları 30 qəpiyə işləməyə razılaşıblar. İki aya işləri başa vurublar. Zəhmət haqlarının az hissəsi ödənilsə də, qalan hissəsi verilməyib.

Fəhlə İsmayıl Səfərov: «Bizi süründürdükcə anladıq ki, əslində elə pulumuzu verməmək üçün bizimlə nə əmək, nə də xidməti müqavilə bağlayıblar. 6 aydır bilmirik ki, pulumuzu kimdən tələb edək. Hamısı qaçıb gizlənib. 600 fəhlədən hara qədər qaçacaqlar axı?.. Qorxmurlar ki, bu 600 nəfər toplaşıb Prezident Administrasiyasına yürüş etsə, onların vəziyyəti daha da ağır olacaq?».

PULLAR AVROPA OYUNLARINA XƏRCLƏNİB?

Bayıldakı «Şanxay» layihəsində çalışan digər fəhlə Qulu Həsənov deyir, sonuncu dəfə üç ay əvvəl şirkətə pulu üçün gedəndə ona bildiriblər ki, fəhlələrə ödənilməli olan pullar Avropa Oyunlarına xərclənib:

«Şirkətin qarşısında dəfələrlə polis zorakılığına məruz qalmışıq. Şirkətin rəhbərlərindən olan Azər Əsgərov bizi «zibil tör-töküntüləri» adlandırıb, qapıdan qovub. Biz də Prezident Administrasiyasının qarşısına getmişik, Baş Prokurorluqda olmuşuq, heç bir nəticəsi olmayıb».

Fəhlə deyir ki, banklara olan borcunu qaytarmaq üçün müqaviləsiz işləməyə razılaşmaq məcburiyyətində qalıb. Ancaq, əksinə, vəziyyəti daha da ağırlaşıb.

«BURADA KÜTLƏVİLİK VAR»

«Azimport» şirkəti 2004-cü ildən, əsasən dövlətin maliyyəsi ilə fəaliyyət göstərib. Adı irihəcmli tikinti layihələrində keçir. Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi, «Azimport» şirkətinin sahibi Rəşad Məmmədov həbs olunduqdan sonra şirkətin fəaliyyəti də faktiki dayandırılıb. Bir müddətdir ki, şirkətdən zəngləri cavablandıran yoxdur. Son vaxtlar şirkətin adı təkcə qanunsuz söküntü məsələlərində yox, həm də müxtəlif layihələrdə minlərlə fəhləni işlədib məvaciblərini ödəməməkdə hallanır.

Hüquqşünas Fuad Hüseynov deyir, məsələnin həlli məhkəmədən keçir:

«Əlbəttə, söhbət bir-iki fəhlədən getsəydi, tərəflər arasında müqavilə olmadığına görə həmin bir-iki iddiaçı şirkət tərəfindən fəhlə kimi işlədildiyini çətinliklə sübuta yetirə bilərdi. Çünki müqavilə yoxdursa, iddiaçı gərək başqa sübutlar təqdim edə. Məsələn, işlədiyini sübut edən foto, video, yaxud iş yoldaşlarının şahidliyi və s. Ancaq söhbət 600 nəfərin işindən gedirsə, burada kütləvilik var. Yəni, hətta müqavilə olmasa da, fəhlələr işlədiklərini çox asanlıqla məhkəmədə sübut edə biləcəklər. Odur ki, məhkəməyə müraciət etsinlər».

Elə fəhlələr də qısa zamanda pulları ödənilməsə, «Azimport»a qarşı məhkəmə davası açacaqlarını bildirirlər.

XS
SM
MD
LG