Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:21

Blogger: Görməmişlərə müraciət edirəm


Yusif Hansen
Yusif Hansen

-

"Kababın iyi var. Bütün qonşuların isə bişirməyə imkanı yoxdur. İnsan şişə bilər iydən – belə bir cavab aldım və bunu anladım. İnsanların çoxu kababın iyi məsələsini sadəcə anlamır, anlamaq istəmir."

Yusif Hansen

Görməmişin oğlu olmayanda

Biz cəmiyyətin ayrılmaz hissəsiyik. Ətrafda baş verənlər istəsək də, istəməsək də bizə təsir edir. Digər insanlarla qarşılaşmağa, onların hərəkətlərini görməyə məcburuq.

Bir məsəl var, görməmişin oğlu oldu, ... Ardını yazmıram. Çünki işim məhz bu cümlə ilədir.

Görməmiş. Kimdir o? Ətrafımıza fikir versək, hər addımını faktla – şəkillə sübut edən insanları görmək mümkündür. Evdən çıxanda bir şəkil, yemək yeyəndə ayrısı, getdiyi yerdən digəri. Belə insanları fotoqolik adlandırmaq doğru olar. Yəni şəkildən asılı, xəstəsi.

Bəzən olur ki, eyni insanı uzun zaman müşahidə edirəm. Düşünürəm ki, insanların həyatında böyük bir boşluq var. O boşluğu doldurmaq üçün digərlərinə acıq vermək məqsədilə müxtəlif məkanlardakı şəkillərini sosial şəbəkədə paylaşırlar.

Adətən normal insanın uğurları olar. Əziyyəti ilə qazandığı pulun miqdarı, karyerasında çatdığı müəyyən zirvə, gördüyü xeyirxah işlər kimi.

Ətrafımıza fikir versək, hər addımını faktla – şəkillə sübut edən insanları görmək mümkündür.

Bizim ölkədə isə əşyalar uğurun göstəricisidir. Sürdüyü avtomobil, yaşadığı ev, restoranda yediyi bahalı yeməklər kimi.

İnsanlar o yerə gəlib çatıblar ki, bir bahalı paltar almaq, bahalı restoranda nahar etmək üçün az qala, aylarla ac qalmağı üstün tuturlar. Ac qalmağı üstün tutanların beynində tək fikir var: Qarnımı kimdir görən. Əsas geyimdir.

Bizim insanımız yalnız özünü düşünür: görəsən, restoranda yeməklə şəkil çəkib paylaşanda o dəbdəbəli həyata imkanları çatmayan kasıbları düşünürlərmi? Düşündüklərinə şübhəm var.

Son vaxtlar gecə həyatı keçirmək üçün nəzərdə tutulan istirahət mərkəzləri bağlanır. Məni sevindirən bu deyil. Lakin dost-tanışın həmin yerlərdəki gecə həyatına dair şəkilləri gözlərimi yormuşdu.

Kabab
Kabab

Xatırlayıram ki, uşaq olanda xüsusi günlərdə həyətdə kabab bişirərdik.

Bişirmə prosesini çox sevirdim. Bir dəfə daha bişirməyəcəyimizi biləndə səbəbini soruşdum.

“Kababın iyi var. Bütün qonşuların isə bişirməyə imkanı yoxdur. İnsan şişə bilər iydən” – belə bir cavab aldım və bunu anladım. İnsanların çoxu kababın iyi məsələsini sadəcə anlamır, anlamaq istəmir.

İnsanların maddi vəziyyətinin getdikcə pisləşdiyi bir vaxtda görməmişlik edənlərə müraciət edirəm. Heç olmasa bizə yazığınız gəlsin. Uzaq tutun bizim kimi kasıblardan o zəngin görünən həyatınızı.

Bizim həyatımız nə kino, nə serial, nə də məhəbbət romanlarındakı kimidir. Artıq bunu qəbul etməyin zamanı yetişib.

İnsan hər nə qədər zəngin olsa da, özünü dəbdəbəyə alışdırmamalıdır. Çünki pul bu gün səndədirsə, sabah ayrısında olacaq. Dəbdəbəli həyatdan məcburiyyət qarşısında imtina etmək zamanı yaxınlaşanda isə çətin olmasın deyə vaxtında ondan uzaq durmaq lazımdır.

Görməmişlik zəif insanların yaxasından yapışa bilər. Həyatın, təbiətin işləmə mexanizmini anlayanın gözü isə ac olmur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG