Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:55

Polisdə ölən gəncin atası: Oğlumu onlar öldürdü


Arxiv fotosu
Arxiv fotosu

►“Adam dəhşətə gəlir. Uşağı sağ-salamat evdən apardılar. Heç yarım saat keçməmiş şöbənin həyətində ölü uzatmışdılar”

“Gənc övladımı onlar öldürdü… Öz cinayətlərini ört-basdır etmək üçün “günahı” oğlumun üstünə yıxdılar – guya infaktdan ölüb”.

Bunu AzadlıqRadiosuna mayın 12-də Xəzər rayon Polis İdarəsinin 1 saylı polis şöbəsində dünyasını dəyişmiş Zaur Sultanovun atası Səxavət Sultanov deyir. Ata iddia edir ki, oğlunu polis əməkdaşları işgəncə ilə öldürüb.

Atanın deməsinə görə, polislər günorta saatlarında yaşadıqları ünvana gələrək Zauru özləri ilə polis şöbəsinə aparıblar. Ailə üzvlərinə deyiblər ki, o, cinayət törədib, barəsində şikayət var:

“Evdən mənə zəng vurdular, dedilər, “üç maşın polis tökülüşdü qapıya, Zauru götürüb apardılar”. Dalınca qardaşım, oğlum polisə gedib. Nə baş veribsə, o arada baş verib. Zaura neyləyiblərsə, həmin vaxt ediblər. Qardaşımla oğlum onun dalınca polis şöbəsinə gedəndə görüblər ki, Zauru bölmənin həyətində uzadıblar, üzünü örtüblər”.

“HƏYƏTİN ORTASINA UZADILMIŞ MEYİTİ GÖSTƏRDİLƏR”

Zaurun əmisi Əfrayıl Sultanov deyir, onu polis şöbəsinə aparandan təqribən 20 dəqiqə sonra özlərini şöbəyə çatdırıblar:

“Şöbənin həyətinə girib dedim, “5-10 dəqiqə əvvəl uşağı bura gətiriblər”. Mənə işarə ilə həyətin ortasına uzadılmış meyiti göstərdilər. Gözlərimə inanmadım. Dedim, “uşağı indicə gətirmişdilər. Bəlkə içəridədir”. Dedilər, “yox, elə Zaurdur”. Adam dəhşətə gəlir. Uşağı sağ-salamat evdən apardılar. Heç yarım saat keçməmiş şöbənin həyətində ölü uzatmışdılar. Dedilər, “Zaurdur”, inanmadım, Kimə yaxınlaşırdımsa qaçırdı. Üzündəki örtüyü çəkəndə gördüm başı-gözü qan içərisindədir. İçəridən çıxan polis işçisi göstəriş verdi, hamımızı bölmənin həyətindən itələyib çıxartdılar”.

“GUYA ZAUR HƏMİN OĞLANLARI DÖYÜB”

Sultanovlar ailəsinə bildirilib ki, Zauru bölməyə aparmalarına səbəb onunla bağlı şikayətdir:

“Guya iki nəfərlə dalaşıb, onlara xəsarət yetiribmiş. Məsələ belə olub, Zaurun balaca bir dükanı var, başını qatırdı, bir tikə çörəyini qazanırdı. Bir gün xəbər tutduq ki, dükanı yarıblar. o da sahə müvəkkilinə bu barədə dedi. Sonra da sahə müvəkkili araşdırıb, dükana gəlib, Zaura şəkillər göstərib ki, bu adamları tanıyır, ya yox. Zaur həmin adamları tanıdı. Dünən də gəldilər ki, guya Zaur həmin oğlanları döyüb, onlar da polisə şikayət edib”.

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

“OTURACAQDAN YIXILARAQ ÖLÜB”

Bu arada Baş Prokurorluğun mətbuat xidməti Zaur Sultanovun Xəzər rayon polis idarəsinin 1 saylı polis şöbəsində baş vermiş ölümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Zaur Sultanov polis şöbəsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq ölüb. Hadisə Xəzər rayon prokurorluğunda araşdırılır. Məlumatda qeyd olunur ki, rayon prokurorluğunun, polis idarəsinin əməkdaşlarının, məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Polis bölməsinin inzibati binasında quraşdırılmış videokamera görüntüləri götürülüb, meyitin üzərində burun və dodaqlarındakı sıyrıqlardan başqa heç bir xəsarət aşkar olunmayıb.

Ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə meyit ekspertizaya göndərilib.

AİLƏSİ RAZILAŞMIR

İlkin araşdırmalarla müəyyən olunub ki, polisə həmin gün Şüvəlan qəsəbəsinin sakinləri Afiyyədin Hüseynov, Elməddin Hüseynov və Əliislam Rüstəmzadənin Zaur Sultanov tərəfindən bir neçə şəxslə birlikdə döyülmələri barədə şikayət ərizələri daxil olub. Zaur Sultanov polis bölməsinə dəvət olunub. Bölmənin həyətyanı sahəsində gözləyərkən oturacaqdan yıxılaraq ölüb.

Bundan əvvəl oxşar məlumatı Daxili İşlər Nazirliyi də yayıb.

Sultanovlar ailəsi isə nə Baş Prokurorluğun, nə də nazirliyin yaydığı məlumatla razılaşmırlar. Onlar Baş prokuror Zakir Qaralovdan və Daxili işlər naziri Ramil Usubovdan ölümün gerçək səbəblərinin üzə çıxmasını tələb edirlər.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

XS
SM
MD
LG