Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:15

"Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir"


Rövşən Yerfi
Rövşən Yerfi

-

"Hər dəfə yeni kitabın yarısı satılan kimi ardını gözləməyib elektron versiyasını İnternetə yerləşdirirəm"

Həbsxana həyatı haqda kitablar yazan yazıçı Rövşən Yerfi ilə bazar günü OxuZalında söhbət.

- Rövşən bəy, gündəmdəki məsələdən başlayaq. Siz penitensiar xidmətdə uzun müddət işləmisiz, həm də yazıçısız, "narkotik atmaqla tutmaq" ənənəsi haqda nə düşünürsüz?

- Düşünürəm ki, insanları cibinə, ya evinə narkotik atmaqla həbs etmək ilk növbədə bu işi icra edənlərin mənəviyyatsızlığından, mənəvi iflasından xəbər verir. Demək, onlar qarşı tərəfə münasibətdə haqsız olduqlarını bilirlər, amma cəzalandırmaq üçün qanuni yol tapmadıqlarından şərləməyə əl atırlar. Əslində bu, acizliyin əlamətidir.

Kitablar
Kitablar

Tutaq ki, “cinayətdə” təqsirli bilinib şərlənməklə müəyyən adamlar susduruldu, “zərərsizləşdirildi”. Belə “islah” doğru yol deyil. Heç bir inkişaf etmiş Qərb ölkəsində bu sayaq cəzalandırma metodundan istifadə edilmir. Yaranmış ənənədən ən çox keçmiş sovet ölkələrində yararlanırlar.

Ənənəni davam etdirənlər isə bilməlidirlər ki, günlərin birində əməllərinə görə ən azından Tanrı önündə cavab verəcəklər. O zaman Nürnberq məhkəməsində olduğu kimi “biz əmri yerinə yetirmişik” deməklə özlərinə haqq qazandıra bilməyəcəklər...

- Azərbaycan detektivinin fərqləndirici xüsusiyyətləri varmı, nələrdir?

- Mən özümü detektiv yazıçı saymıram. Bu sualı özlərini detektiv yazar hesab edənlər cavablandırsalar daha uyğun olar. Doğrudur, kitablarımı saytlarda çox vaxt detektiv adı ilə təqdim edirlər, ola bilsin onlarda detektiv elementləri də var.

Lakin kitablarımı müstəqillik dövründə ədəbiyyatda yaranmış yeni bir sahəyə - məhbəs nəsrinə aid edirəm. Məhbəs nəsrinin XIX əsrdən başlayaraq Qərb ölkələrində, XX əsrin əvvəllərində rus ədəbiyyatında gözəl nümunələri yaranıb.

A.Soljenitsyn'ın “Arxipelaq QULAQ”, “İvan Denisoviçin bir günü” və Varlam Shalamovun “Kolım hekayələri” məhbəs nəsrinin klassik şedevrləri sayılır. Hazırda da xeyli tanınmış imzalar var ki, “тюремная проза” deyilən bu sahədə böyük ədəbi uğurlar əldə edirlər.

Həmçinin bax: A.Soljenitsyn. Ruzveltin xanımı Sovet həbsxanasına baş çəkir. Kitabdan parça

Azərbaycan ədəbiyyatında isə Çingiz Ələkbərzadənin 1992-ci ildə çap olunan “Zindan” romanı ilə məhbəs nəsrinin əsası qoyulmuşdur. Onun ardınca hələlik beş yazıçımız həbsxana haqqında nəsr nümunələri qələmə alıblar. Bu mövzuda yazılmış bədii əsərlər cəmiyyətimizin qapalı hissələrindən biri olan məhbəs həyatını işıqlandırmaqla insanlarda humanizm, ədalət, qanuna hörmət hisslərinin korşalmamasına kömək etmiş olurlar.

Çox istərdim ki, “Üzdəniraq ada” adlı kitabım bütün böyük məktəblərin hərəsinə bir neçə nüsxə paylanılmaqla yeniyetmələrə çatdırılaydı və onlar məhkum talelərini oxuyub məhbəs həyatının acılığını, azadlığın isə necə bir şirin nemət olduğunu dərindən anlayaydılar.

- Siz, bildiyimizə görə, kitablarınızda həbsxanalar haqda real lövhələr yazırsız. Həbsxana işçiləri, şəraiti, sistemi... Misal üçün, kitablarınızı oxumayanlara bir neçə misal çəkə bilərsizmi?

Kitablar
Kitablar

- Bilirsiz, mənim yazdıqlarımın həbsxanaya dair digər yazılanlardan əsas fərqi odur ki, onlar penitensiar xidmət əməkdaşı (hazırda keçmiş) nəzəri ilə, düşüncəsi ilə qələmə alınıb.

Həm məhkumları, həm də işçiləri, oradakı şəraiti, aralarındakı münasibətləri, bir sözlə - olduğu kimi, heç bir qütbə üstünlük vermədən təsvir etmişəm.

Təxəyyül çox azdır, hamısı reallıqlardır. Mənə danışılan və gördüyüm həqiqətlərdir. “Penitensiar lövhələr”dəki əhvalatların bir-neçəsi öz başıma gələnlərdir. Hadisələr “Üzdəniraq ada”da şəhərin içərisində yerləşən cəzaçəkmə müəssisəsində baş verirsə, “Qazamat sanitarları”nda yarımsəhrada, daş karxanaların əhatəsində olan müəssisədə cərəyan edir. Şübhəsiz, məkanlar fərqli olsa da, hər birində məzmun xeyirlə şərin mübarizəsindən bəhs edir.

- Kitablarınızın satışı necədir? Bu mövzular necə oxunur Azərbaycanda?

- Kitablarım alınır, ancaq düzünü deyim ki, satışın ürəkaçan olmaması məni bir az pərt edir. Ona görə də hər dəfə yeni kitabın yarısı satılan kimi ardını gözləməyib elektron versiyasını İnternetə yerləşdirirəm. Onsuz da mən onları qazanc məqsədilə yox, mənəvi tələbatıma görə yazıram. Qoy internet vasitəsilə kim istəyir oxusun. Bu səbəbdəndir ki, yeddi kitab saytında doqquz elektron kitabımı oxuyan, yükləyən yüzlərlə oxucu qazanmışam. Məsələn, daimi izlədiyim təkcə bir saytda ”Qazamat sanitarları” son üç ay ərzində 192 dəfə yüklənib.

Bu mövzular gənclər tərəfindən maraqla oxunur. Əgər qaydasınca təbliğatı olsa, əminəm ki, mütaliə bacarığı olan heç bir gənc kitablarımı oxumağa tənbəllik etməz.

Elektron ünvanıma məktub yazan onlarla gənc var ki, İnternetdə yerləşdirilən bütün kitablarımı oxuyublar. Yeri gəlmişkən, mənim “internet nasiri” olmağıma Oxu zalının böyük köməyi olub. Altı il əvvəl – 2010-cu ilin mayında Oxu zalı ilk dəfə məni və qadın həbsxanasından yazdığım “Qadın düşərgəsi” povestindən bir parçanı oxuculara təqdim etmişdi. O zamana qədər iki kitabım çıxsa da, yaradıcılığımı olduqca az kütlə tanıyırdı. Həmin təqdimatdan sonra başqa ədəbi saytlarda da yazılarım mütəmadi dərc olundu, ədəbi mühitdə daha çox tanınmağa başladım...

XS
SM
MD
LG