Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:00

Əvvəl balası, sonra özü öldü – ailə isə həkimlərdən əl çəkmir


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyunun 14-də 27 yaşlı Günay Həşimova, bacısının iddiasına görə, həkimlərin səhvi ucbatından həyatla vidalaşıb. Günel Həşimovanın deməsinə görə, ötən ayın 18-də hamiləlik dövrü yaşayan Günayın səhhətində problem yaranıb. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında onu müayinə edən həkimlər narahatçılığı yaradan səbəbin böyrəkdəki kristal daşlar olduğunu bildiriblər.

«TƏRPƏDƏ BİLMİRDİK»

Günay iki gün müalicə qəbul etdikdən sonra həkimlər ona vaxtından əvvəl doğuş təhlükəsi diaqnozu qoyaraq Şəki Regional Perinatal Mərkəzə göndərdilər. Mərkəzdə də səhhətdəki problemi yaradan səbəb kimi böyrək daşlarını qeyd ediblər. Sonra da Günayı elə Şəkidəki «Invitro» Müalicə Diaqnostika Mərkəzinə göndəriblər ki, növbəti dəfə analiz versin. Ancaq bütün bunlar baş verərkən Günayın vəziyyətindəki ağırlaşma sürətlənib:

«Qarnının altındakı sancılar artır, qusmalar çoxalır, bir sözlə, bacım göz görə-görə əldən gedirdi. Həkimlərsə «böyrəkdəndir» deyib durmuşdular. Lazımsız dərmanlar qəbul etdirirdilər. Bacım Mərkəzdə qalmaq istəmədiyindən evə buraxıldı. Xəstəxanadan gələndən qısa müddət sonra ağrıları daha da kəskinləşməyə, qusması artmağa başladı. Təcili Şəkiyə - Mərkəzə götürdük. Bunlar yenə başladılar analiz götürməyə. Onu Bakıya götürməkdən başqa çarə yox idi. Çünki həkimlər hər dəfə analiz götürməkdən, boş-boş mülahizələr irəli sürməkdən başqa heç nə edə bilmirdilər. Ağrıları çoxaldığından tərpədə bilmirdik».

Bacı danışır, iş işdən keçəndən sonra məlum olub ki, Günayın dərdi böyrək daşı yox, həkimlərin analizlərə sərf etdikləri müddət ərzində yetişib dağılmış və zəhəri orqanizmə yayılmış, bətndəki körpəni tələf etmiş apendisit imiş. Həkimlər Günayı səhv diaqnoz üzrə «müalicə ediblərmiş». Körpə ölü doğulub. Günayınsa iztirabları davam etməkdə… Qarnının dayanmadan şişməsi həkimləri qorxuya salıb.

«QARNI ŞİŞMƏYƏ BAŞLADI»

«Bacımın qarnı şişməyə başladı və bu zaman həkimlər təşvişə düşdülər. Həkim öz günahlarını bizim üstümüzə atmaqdan ötrü bizə qışqırdı ki, niyə bacımın talassemiya xəstəsi olduğunu həkimlərdən gizlətmişik…Bacımda belə bir xəstəlik olmayıb. Qarnını yaran cərrah özü dedi ki, 4-5 gün əvvəl Günayın apendisiti partlayıb, artıq çox gecdir, zəhər bütün orqanlara yayılıb. Bacımın qarnından 4 litrdən çox çirk yığdılar».

Günayı süni tənəffüs aparatına qoşaraq Bakıya gətiriblər. Ancaq çifayda… 3 həftədən sonra – iyunun 14-də o, Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında gözlərini əbədi yumub.

Hələ Günay əcəllə çarpışarkən onun yaxın qohumları körpəsinin ölü doğulmasına görə həkimlərin cəzalandırılmasını tələb edirdilər. Xəstəxana isə ailəylə razılaşmayaraq Günayın xəstəxanaya ağır vəziyyətdə daxil olduğunu, yalnız ananın həyatını xilas edə bildiklərini demişdi.

Bu dəfə isə Şəki Regional Perinatal Mərkəzdən məsələyə aydınlıq gətirən olmayıb. Bildirilib ki, Günay Həşimovanın ölüm faktı prokurorluq tərəfindən araşdırılır. Mərkəzin həkimləri də izahatlarını veriblər. Son sözü istintaq orqanı deyəcək.

XS
SM
MD
LG