Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:03

Azərbaycanın adı rüşvət qalmaqalında


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

-
Əsgər qəhrəmanlıqları, İtalyan deputatın Azərbaycan hökumətindən rüşvət alması iddiaları və manatın taleyi bu gün medianın əsas mövzusudur.

AZƏRBAYCAN ƏSGƏRİ ERMƏNİ GENERALLARI İŞDƏN NECƏ QOVDU

«Azərbaycan» qəzeti son sayındakı baş yazısını Azərbaycan əsgərinə həsr edib. Qəzetin baş redaktorunun müəllif yazısı belə adlanır: «Azərbaycan əsgəri erməni generallarını işdən necə qovdu!».

Müəllif yazır: «General istədiyi vaxt əsgər və zabiti tərifləyə, tənbeh edə, rütbəsini artıra, aşağı sala, mükafatlandıra bilər! Əsgərin isə generalın əmrlərinə «baş üstə» deyərək əməl etməkdən başqa səlahiyyəti yoxdur! Sən demə, Azərbaycan əsgəri daha böyük «səlahiyyət» sahibiymiş! O, hətta generalları işdən qovdurmağı, yüksəkçinli zabitləri həbs etdirməyi də bacarırmış! Necə, nə sayaq?».

Yazıda 2016-cı ilin dördgünlük aprel müharibəsindən bəhs edilir.

Müəllif qeyd edir ki, Azərbaycan əsgəri bir həmləyə Ermənistan ordusunun 3 generalını - Alik Mirzabekian, Arshak Karapetian və Komitas Muradian-ı işdən qovub.

«Doğrudur, hər üç generalın işdən qovulma əmrlərini Ermənistan prezidenti Serzh Sarkisian verib! Amma, necə deyərlər, halvalarını Azərbaycan əsgəri çalıb!», - müəllif yazır.

Luka Volonte
Luka Volonte

AZƏRBAYCANIN ADI RÜŞVƏT QALMAQALINDA

«Azadlıq» qəzeti İtaliyada deputat Luka Volonte-yə cinayət işi açılmasından bəhs edir. İtalya mediasına istinad edilən məqalədə yazılır ki, cinayət işi Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alındığına görə açılıb. Bu barədə İtaliyanın Il Fatto QuotidianoLa Provincia qəzetləri yazıblar:

«2013- cü il yanvar ayının 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Strässer-in «Azərbaycanda 85 siyasi məhbus»la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etmədi. Prokurorların ittihamına görə, bu qərar o zamanlar İtaliya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volonte-nin «xarici dövlətin siyasi maraqlarını qorumaq» məqsədilə 2 milyon 390 min avro rüşvət alması hesabına təmin edilib», - qəzetdə yazılır.

Məqalədə yazılanlara görə, bundan əlavə, prokurorların ittihamında deyilir ki, bu rüşvət Azərbaycandakı «Baktelekom» MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın «Polux Management LP» və Estoniyanın «Danske Bank»ı iştirak edib.

Məqalədə həmçinin iddia olunur ki, Luka Volonte-yə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik edib.

Cəmil Həsənli
Cəmil Həsənli

DAHA BÖYÜK BİABIRÇILIĞIN ÜSTÜ AÇILACAQ

Azadliq.info saytında «Daha böyük biabırçılığın üstü açılacaq» başlığı altında gedən məqalədə isə bu məsələyə Milli Şuranın sədri Cəmil Həsənlinin şərhi təqdim edilir.

Cəmil Həsənli yazır: «2001-ci ildə AŞPA-ya üzv olanda, ölkə ictimaiyyəti elə bilirdi ki, hər necə olursa-olsun, insan haqları və demokratiya ilə məşğul olan bu beynəlxalq qurum Azərbaycanı öz prinsiplərinə uyğunlaşdıracaq. Amma bunun əksi alındı: Azərbaycan Avropa Şurasını öz natəmiz əməllərinə adaptasiya etdi. Bir anlığa diqqət yetirin. Bu 2.4 milyon avro AŞPA-dakı İtaliya nümayəndə heyəti sədrinin müavini Luka Volonte-yə hansı xidmətinə görə verilib? Birdən elə zənn edərsiniz ki, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycan hökuməti AŞPA-da lobbi qruplarına pul xərcləyib. Xeyr!».

Cəmil Həsənli yazır ki, Milan prokurorluğunun araşdırmaları həmin təxminlərin əksini göstərir: «Azərbaycan Milli Məclisinin üzvləri Elxan Süleymanov və Müslüm Məmmədovun vasitəçiliyi ilə Luka müəllimə ötürülən bu qədər pul 2013- cü ilin yanvar ayının 23-də Avropa Şurasının Parlament Assambleyasında Almaniyadan olan deputat Strässer-in «Azərbaycanda 85 siyasi məhbus»la bağlı hesabatını pozmaq, onun qəbul olunmasının qarşısını almaq üçün verilib»,-deyə Cəmil Həsənli İtaliya mətbuatına istinadən yazır.

VƏKİLLƏR TƏKZİB EDİR...

Meydan-TV-nin saytı isə adı rüşvət qalmaqalında hallanan İtalyan deputat Luka Volonte-nin vəkillərinin mövqeyini təqdim edib. Məsələni şərh edən vəkillər Alessandro Pistocchini və Domenico Pulitano cinayət işinin əsassız olduğunu bildiriblər.

Onların deməsinə görə, «bu istintaq işi hüquqi baxımdan əsassız olmasından əlavə, qanuni həyata keçirilmiş siyasi əlaqələrin son dərəcə düzənsiz izahı üzərində qurulub».

Vəkillər istintaqla bağlı hüquqi cavab hazırladıqlarını, «gərəksiz araşdırma»nın dayandırılacağına ümidvar olduqlarını bildiriblər.

Bakıda valyutadəyişmə məntəqəsi. Foto arxiv
Bakıda valyutadəyişmə məntəqəsi. Foto arxiv

QƏPİK-QƏPİK GƏLƏN DEVALVASİYA

«Yeni Müsavat» saytı «Dollar bahalaşır: qəpik-qəpik gələn devalvasiya -1.59 manat» başlıqlı məqalə yayıb.

Məqalədə qeyd edilir ki, iyunun 25, 26 və 27-si qeyri-iş günləri olduğundan, əsas diqqət dolların «qara bazar» və valyutadəyişmə məntəqələrindəki qiymətinə yönəlib.

Musavat.com-un əməkdaşının apardığı müşahidə zamanı bəlli olub ki, iyunun 25-də dolların satış qiyməti valyutadəyişmə məntəqələrində 1.57 manat olduğu halda, bir gün sonra 1.59 manata təklif olunub.

«1 ABŞ dollarının alış qiyməti isə 1.60-1.61 manat arasında dəyişir. Paytaxt Bakıda fəaliyyət göstərən əksər valyutadəyişmə məntəqələri dolların alış qiymətini göstərsə də, satış qiymətini göstərmir. Bu zaman isə qiymət razılaşma yolu ilə müəyyənləşdirilir. Belə ki, «exchange» işçiləri müştərilərin istədikləri dolların miqdarına görə qiymət təklif edirlər».

Qəzetə danışan ekspertlər «yay devalvasiyası»nı qaçılmaz sayırlar.
İqtisadçı ekspert Natiq Cəfərlinin proqnozuna görə, dollar yaxın zamanda 1.60- 1.65 manat səviyyəsinə qədər bahalaşacaq.

Deputat Vahid Əhmədov isə dolların 1.70-1.80 manat səviyyəsinə qədər qalxacağını düşünür.

XS
SM
MD
LG