Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:47

Gunnar düz deyirmiş, İslandiyada da rüşvət var


Yazıçı Azər Əhmədov
Yazıçı Azər Əhmədov

-

"Deyirəm: “Gunnar, bizdə korrupsiyaya şərait yaradan elə hökümətdir. Camaat bezib. Qarrrdaş bax, bax burrra yığılmışıq” - əlimi xirtdəyimə aparıram, az qalır barmağım boğazımı kəssin. “Bizdə də eynən elədir, hökümətdir korrupsiyanı yaradan” - Gunnar heç tövrünü də pozmadan cavab verir".


"- Əə, bunun elə ikicə milyard pulu varmış?
- Azdır?
- Əə, sən heç bilirsən Qarabağı qaytarmaq üçün nə qədər rüşvət lazımdır?"

Azər Əhmədov

GUNNAR*

(hekayə)

Gunnar Gudmundsson hündürboy sarışın bir vikinqdir. Gözləri sifətinin və saçlarının rənginə ən çox yaraşan bir rəngdədir – açıq mavi. Dürüst baxışları var.

Həftədə 2-3 dəfə şahmat oynayırıq onunla, universitetin tələbə mərkəzində görüşürük; bəzən nahar zamanı, bəzən də axşamüstləri.Gunnar blitz oynamağı sevir, mənsə klassik kontrolu xoşlayıram – bu iksinin ortasında bir razılığa gəlmişik, hərəyə 15 dəqiqəlik rapid oynayırıq, hər gedişdən sonra 5 saniyəlik zaman artımlarıyla. Aramızdakı fərq təkcə birimizin sürətli, o birimizin yavaş oyunu sevməyimiz deyil – şahmatla bağlı az qala istənilən məsələdə Gunnar’la mən əks cəbhələrdəyik. Məsələn, mən d4-lə açmağı çox xoşlayıram, o isə Fischer kimi e4-lə başlayır hər zaman. Mən pozisiyalı oyunu sevirəm, o taktiki. Debütdə fili piyada zəncirindən kənara çıxarmagı çox sevir, ölür Fischer’in f1-c4-b3 manevrindən ötrü.

Oynayanda gedişlərimizə şərh də veririk bəzən, tez-tez zarafat eləyirik. Oyun zamanı danışsaq da əslində ikimiz də çox ciddi yanaşırıq oyuna – zərrə qədər də olsun güzəşt söhbəti yoxdur. Bir dəfə Şah+Vəzir+Piyada vs. Şah+Vəzir sonluğu alındı – Gunnar məni uzun bir zaman “kəndirin üzəri ilə gəzdirsə də” canımı dişlərimdə tutaraq heç-heçəyə nail ola bildim axırda. Bir dəfə də Şah+At+Fil vs. Şah sonluğuna çıxdıq. “Sən bunu mat eləməyi xatırlayırsanmı?”, soruşdu. “Xatırlayıram”, dedim, halbuki darmacalda 50 gedişə mat asan olmayacaqdı.Əlini uzatdi, təslim oldu.

Bu sonluq təbii şəkildə çox nadir hallarda baş verir. Mən deyərdim peşəkar şahmatçı bütün karyerası boyu belə sonluğa bir dəfə ya çıxa, ya da heç çıxmaya. Kim çıxsa da, nə qədər böyük qrossmeyster olur olsun, əminəm ki, bir uşaq kimi sevinər buna. Daha demirəm ki, oyunu, tarixi, rəqibi həmişəlik yadında saxlayar – qrossmeysterlər zatən karyeralarındakı bütün oyunlarını əzbər bilirlər, və təkcə öz oyunlarını deyil. “Bir insan üçün ana dilindəki sözlər nədirsə, bir qrossmeyster üçün də şahmatda oynanılmış oyunlar odur” – Kasparovun sözləridir.

Taxta üzərində söhbətlərimiz təkcə şahmat barəsində olmur; Gunnar’la hər şeydən danışırıq. Maraqlıdır ki, şahmatda az qala bütün məsələlərdə baxışlarımız fərqlənsə də, şahmatdankənar mövzuların hamısında asan razılaşırıq.

Tez-tez mən ona Azərbaycandan danışıram, o da mənə Islandiyadan. Hərdən də mən ona Islandiyadan bildiklərimi deyirəm, suallar verirəm. O da qaytarıb Azərbaycandan sual verir, bildiklərini mənə deyir

- Sizin Radyabov çox güclü oynayır, Məmmədyarov hələ bəlkə ondan da güclüdür. Gördün Karlsen’i necə uddu? Fil a5-i gördün?
- Hə, Gunnar, çox sevinirəm azərbaycanlı şahmatçıların uğurlarına, amma ümumilikdə ölkəmiz haqda bədbinəm.
- Mən də İslandiya haqqında bədbinəm. Bizdə də son illər şahmat inkişaf elədi çox; əsas da Fischer’ə siğinacaq verməyimiz bütün şahmatçıları ruhlandırıb, amma qalan şeylər barədə mən də yaman bədbinəm.

Deyirəm, Gunnar, yox ee, bizdə vəziyyət dəhşət ağırdır, güclü korrupsiya var. “Bizdə də elədir, korrupsiya dəhşət çoxdur”, Gunnar da öz ölkəsi haqqında eyni şeyi deyir. Deyirəm: “Gunnar, bizdə korrupsiyaya şərait yaradan elə hökümətdir. Camaat bezib. Qarrrdaş bax, bax burrra yığılmışıq” — əlimi xirtdəyimə aparıram, az qalır barmağım boğazımı kəssin. “Bizdə də eynən elədir, hökümətdir korrupsiyanı yaradan” - Gunnar heç tövrünü də pozmadan, gözünü taxtadan çəkmədən cavab verir.

Söhbət həmişə də hərlənib-fırlanıb şahmatətrafı mövzülara gəlir. Gunnar həm şahmatın tarixini yaxşı bilir, həm də müxtəlif şahmatçıların şəxsi bioqrafiyasına yaxından bələddir.

- Bilirsənmi, Spasski birinici arvadından boşananda nə deyib?
- Nə deyib?
- Deyib ki, biz onunla əks rəngli xanalarda duran fillər kimiyik, yolumuz heç vaxt kəsişmir.

Super-turnirlərdəki maraqlı, gülməli hadisələr barədə Gunnar həmişə məndən tez xəbər tutur. Topalovun Lekoya “sən niyə hər gün bu masada oturursan, bu gün də mən oturacam” deyib dalaşmasından, Anandın həmişə eyni köynəyi geyməsindən (köynəyi əynindən çıxartsa uduzacaqmış guya), Kramniklə Topalovun “tualet matçı”nın detallarından maraqlı-maraqlı danışır mənə.

Mən də çalışıram söhbətə nəsə qatım. Məsələn, şahmatla yazı sənətinin, xüsusilə də şahmat oynamaqla şeir yazmaq arasinda hiss etdiyim qohumluqdan danışmışam ona. Şahmatda ağlına gələn ilk gedişi etməkdən özünü saxlamaq çox vacibdir, seirdə də ağlına gələn ilk seyi elə o dəqiqə yazmayıb gözləmək.

Şeirdə nəyi yazmaqdan bəlkə daha vacib olan nəyi yazmamaqdır. Bir keyfiyyətli şahmat oyununun da məzmunu təkcə qrossmeysterin etdiyi gedişlər deyil, daha çox etmədiyi gedişlərdir. Və yaxud, deyəlim taxta üzərində ağlına bir fikir gəlir – nə qədər gözəl və cazibəli olsa da gərək özünü məcbur edib sonacan kombinasiyanin işləyib-işləməməsini yoxlayasan. İşləmirsə, demək gedişi etməməlisən. Etmədiyin bu gedişin oyuna çox dəxli var, amma seyrçi çox vaxt bunu qiymətləndirmir, çox böyük əmək sərf edilib yoxlanilan variant, bütün gözəlliyi ilə, pərdə arxasinda qalır. Yazı sənətində də belədir – hər hansi bir maraqlı ideyanı təftiş edəsən gərək, əgər o ideya yerinə düşmürsə, gərək ona əlvida deməyi bacarasan. Beləcə, ağlıma gələn sadəlövh fikirləri danışıram Gunnar’a, maraqlı görünür ona.

Bir dəfə YahooNews’da bir məqalə gördüm; dünyan müxtəlif ölkələrində korrupsiyanın səviyyəsindən bəhs edirdi. Məqalənin aşağısında da Transparency International’in son beş ildəki cədvəllərinə keçidvermişdilər. Hər il tərtib olunan bu cədvəldə dünya ölkələri korrupsiyanın səviyyəsinə görə sıralanır.

Elə birinci keçidin uzərinə tıklayıb baxıram – dünyanın 200-ə yaxın ölkəsi içərisində Azərbaycan lap axırıncı yerlərdən birini tutur. Birinci yerdə isə Islandiyadir. Cədvəli print edib təcili Gunnar’ın ofisinə götürürəm.

- Əə, Gunnar, sən məni dolamısan?
- Noolub?
- Necə nə olub, ala bax! Transparency International’in cədvəlidir. Islandiya birinci yerdədir!
- Başa düşmədim.
- Allah evini tiksin sənin, mən nədən danışıram, sən nədən danışırsan. Islandiya dünyanın ən şəffaf ölkəsidir. Azərbaycana bax hələ.
Sənədi əlimdən alıb baxır. Görürəm ki, gözü elə vərəqin başındadır, daha heç aşağılarına əhəmıyyət də vermir.
- Ola bilməz.
- Necə ola bilməz əə, Transparency International’dən də ciddi təşkilat var dünyada?

Gunnar gözünü hələ də vərəqin başına dikib. Elə baxdığı yerə də baxır, nə gözləri tərpənir, nə əli, nə vərəq. Quruyub qalıb. Sapsarı sifəti iki dəqiqənin içində qıpqırmızı qızarıb pörtür. Sonra hiddətlə cədvəli masanın üstünə çırpır.

- Yalandır, inanma bunlara, yalandır!

* * *

Gunnar’la artıq çoxdandır ki, danışmıram. O da, mən də əvvəlki yerimizdə deyilik daha. Ikimiz də eyni ildə köçdük, hətta eyni həftədə. Sonuncu görüşümüzdə ağlımdan da keçmirdi ki, bir də heç vaxt görüşməyəcəyik. Birinci ili onun harda olduğunu bilirdim, amma yazmadıq bir-birimizə, yəqin aramızdakı bu qədər xoş xatirələrimiz hələ ikimizə də bəs edirdi bir müddət. Ikinci ildə Gunnar radardan itdi;internetdə arayış verəndə də tapa bilmirəm. Sanki belə bir insan heç olmayıb. 330 minlik Islandiyada da nə qədər Gunnar varmış. Neçə Gunnar tapsam da heç biri mənim köhnə dostum Gunnar deyil. Hərdən ağlıma ən pis variant gəlir, bəlkə… yaxın qoymuram özümə bu fikri.

Şahmat oynayanda, həmişə olmasa da hərdən xatirlayiram onu. Indi mən də açıq taktiki oyunları sevirəm, hərdən Gunnar’ın gedişlərini də eləyirəm oyun zamanı. Qalaqurmadan sonra h3 edib sonra atı gətirib h2-yə qoyuram. Bunu çox da məsləhət görmürlər, amma Gunnar edirdi, mən də Gunnar’in xətrinə edirəm, məntiqli də görünür mənə. Onun debüt repertuarına da müraciət eləyirəm. Ağlarla Italyan partiyasını, Danimarka qambitini, qaralarla Albin Counter qambitini tez-tez oynayıram. Bir də ki, həmin o at+fil sonluğu… yadımdan çıxmayacaq.

Gunnar’ı ötənlərdə bir səbəbə görə də xatırlamışdım. Transparency International’in yeni cədvəlini görmüşdüm. Azərbaycan artıq axırıncı yerlərdə deyildi, 40-50 pillə irəliləyib. Maraqlıdır… Ökədə korrupsiya azalıbmı? Yoxsa nə olmuş ki, yahu, Yahoo belə yazır?

** *

Kaliforniyada yaşayan bir azərbaycanlı tanışım zəng vurub mənə. Həyəcanlıdır.

- Əə, bunun elə ikicə milyard pulu varmış?
- Azdır?
- Əə, sən heç bilirsən Qarabağı qaytarmaq üçün nə qədər rüşvət lazımdır?
- Nə qədər?
- Azı əlli milyard dollar.
- Saaallah gerçəyindir?
- Duran yeri əlli milyard. Sən heç bilirsən Qəddafinin nə qədər pulu vardı?
- Nə qədər?
- 150 milyard. Onun da hələ nə qədərini heç qaytarmadılar Liviyaya, xaricilər basıb yedilər.
- Hmmm…
- Neçə ildir işləyir, yığdığı pula bax gör.

Əvvəl ucunu-qulağını bizə göstərdikləri sənədin indi bütövünü göstəriblər. Tanışımı danışdıran budur.

Həə, sənəd deyirəm e sənə. Pəh, kimlər yoxdur burda. Proroşenko. Ukraynada camaatın Ali Radanı muhasirəyə alıb hakimiyyəti devirdiyi gündə, məhz həmin o gündə, Poroşenko neynəsə yaxşıdır? pullarını ölkədən çıxartmaq haqda sənədə qol çəkirmiş. Ukraynadan milyardlarla dollar pul çıxarılıb offşor şirkətlərə ötürülürmüş.

Sonra kimlər var sənəddə? Kimlər yoxdu denən… Bir az baxandan sonra Transparency International’in Çili şöbəsinin sədrinin də adı çıxır qarşıma. Ə, bunun da pulu varmış? Qudurasan qurbağa!

Tez təşkilatın websəhifəsinə gedirəm, orda press release də qoyublar, aprelin 5-də. Ondan iki gün sonra qoyulan press release daha maraqlı gəlir mənə. Britaniyanın dünya korrupsionerləri üçün “təhlükəsiz cənnət” rolu oynamasından bəhs edirlər. Elə də yazıblar, guya bunu daha heç kim təxmin belə etmirmiş, indicə məlum olur. Bəs o biri ölkələr? Isveçrə, Luksemburq… onlar məgər təhlükəli cənnətdirlər? daha bunlardan yazan yoxdur. Bircə o yazılır ki, Britaniya haqqında yazılanlar aysberqin səthinin görünən hissəsidir hələ. Aysberqin səthinin görünməyən hissəsi deyil, aysberqiniçində gizlənənlər maraqlıdır mənə.Orda gizlənənlər arasinda Transparency International’in daha hansı şöbələrinin sədrləri var görəsən?

Təşkilatın websəhifəsində künc tərfədən bir sual da qoyublar – korrupsiyaya qarşı mubarizə aparan şəxslər içərisində sizin qəhrəmanınız kimdir? “Nə bilim vallah”, öz-özümə mızıldanıram, səhifədən çıxıram.

İslandiyanın keçmiş baş naziri Sigmundur David Gunlaugsson korrupsiya faktları ilə bağlı jurnalistlərin suallarını cavablandırır.
İslandiyanın keçmiş baş naziri Sigmundur David Gunlaugsson korrupsiya faktları ilə bağlı jurnalistlərin suallarını cavablandırır.

Sonra xəbərlərdə görürəm – İslandiyanın baş nazirini danışdırırlar. “Dünyanın ən şəffaf ölkəsi”nin baş nazirini. Elə müsahibədəcə sübut olunur ki, bu da xeyli pul ötürübmüş offşor şirkətlərə. Müxbir düzünəqululuğuna salib soruşur ki, sənindəmi pulun var oralarda? Şəxsən məndən soruşsaydılar o dəqiqə bir şey uydurardım, aktyorluğuma salardım ki,guya sualdan əsəbləşmişəm – Eyjafjallajökull vulkanı kimi püskürüb külümü üfürərdim bütün islandların gözünə.

Bu da deyəsən elə etmək istəyir, amma dili topuq çalır. Hərifin heç qabiliyyəti də çatmir düz-əməlli bir şey uydursun. Ufak bir sual vermək gərəkirmiş ki, adamın cinayətini açasan…

Gunnar düz deyirmiş.

İyul, 2016.

* Qunnar kimi oxunmalidir.

XS
SM
MD
LG