Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Hesablama Palatasının Azal-da nələri hesablaya bimir?


Arxiv fotosu
Arxiv fotosu

Hesablama Palatası bu il fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. Bu illər ərzində dövlət büdcəsinə 100 milyard dollardan çox pul gəldi və getdi. Amma əksər ekpertlər əmindirlər ki, büdcə oğurluqları haqda danışılanlara və yazılanlara rəğmən, qurum ciddi korrupsiya faktlarını aşkara çıxarmaqda aciz olub. Hər halda palatanın öz təşəbbüsü ilə keçirdiyi yoxlamaların nəticəsi olaraq indiyədək kiminsə cinayət məsuliyyətinə cəlb olunması haqda məlumata rast gəlinməyib.

“Gözü qorxudulmuş” auditorlar

Vaxtılə Palatanın auditorlarını dövlət qurumunun qapısından da qovurdular. İlk yarandığı dövrlərdə palatanın ozamankı sədri Namiq Nəsrullayevin onun auditorlarının Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin keçmiş rəisi Aydın Bəşirov tərəfindən yoxlamaya buraxılmalarına maneələr yaradılmasından gileyləndiyi də yaddaşlardan silinməyib. Görünür, elə o zamandan ali audit qurumunun auditorlarının «gözləri qorxudulub».

Pozuntu var, rəqəm yox

Son günlər Hesablama Palatası (HP) ayrı-ayrı dövlət təşkilatlarında keçirdiyi maliyyə nəzarəti tədbirlərinin yekunları haqda daha intensiv məlumat verir. Amma bu məlumatlarda da aşkara çıxarılan nöqsanlar ümumi şəkildə təqdim olunur. Həmin hesabatlarda korrupsiya yaradan faktlarla bağlı konkret rəqəmlər əksini tapmır.

Məsələn, bu günlərdə «Azərbaycan Hava Yolları» QSC-də 2011-2013-cü illərdə dövlət büdcəsinin gəlirlərinin hesablanması, həmçinin dövlət əmlakından istifadə ilə bağlı Vergilər Nazirliyi ilə birgə yoxlamalar nəticəsində bəzi pozuntular sadalanır, amma bunun maddi tərəflərinin üstündən sükutla keçilir.

***Bunlara da baxın: - Referendum məhbusları?

AZAL-ın eksklüziv agenti

Palata bildirir ki, AZAL-ın biletlərini eksklüziv agent qismində başqa şirkət satır. Amma bilet satışı hüququnun niyə məhz «Silk Way Travel» MMC-yə və hansı yolla verildiyi açıqlanmır.

Və ya mülki aviasiya sahəsində şübhəli başqa bir nüans: Palata Heydər Əliyev Beynəlxalq Aeroportunun ırazisində müxtəlif məzmunlu xidmətlərin hökumətin müvafiq qərarı ilə müəyyən edilmiş təbii inhisar subyektləri tərəfindən yerinə yetirildiyini göstərir. Palata ad çəkməsə də, söhbət «Silk Way Holding» qrupuna daxil olan şirkətlərdən gedir.

Bəs, bu şirkətlər təbii inhisarçıya necə çevrildi? Palata bu barədə susur.

Dövlət əmlakından istifadəyə nəzarət səlahiyyəti olan Hesablama Palatası 2001-ci ildə yaranan və hazırda AZAL-a məxsus Bakı hava limanında demək olar bütün yerüstü xidmətləri yerinə yetirən «Silk Way Holding»in elə AZAL-ın öz resursları hesabına böyüdüyünü sanki görmür.

Xatırladaq ki, AzadlıqRadiosu Silkway holdinqin prezidentin ailəsi və AZAL prezidenti Cahangirovun ailəsi ilə yaxınlığını hələ 2010-cu ildə üzə çıxarmışdı.

Hesablama Palatası bu il fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. Bu illər ərzində dövlət büdcəsinə 100 milyard dollardan çox pul gəldi və getdi. Amma əksər ekpertlər əmindirlər ki, büdcə oğurluqları haqda danışılanlara və yazılanlara rəğmən, qurum ciddi korrupsiya faktlarını aşkara çıxarmaqda aciz olub.

Palata ad çəkmir

Palatanın məlumatında qeyd edilir ki, AZAL-da aparılan audit yoxlamasının nəticəsində nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə aviaşirkətin rəhbərliyinə təqdimat verilib. Amma rəsmi məlumatda söhbətin kimlərdən getdiyi, həmin təqdimatın icra vəziyyəti barədə heç nə deyilmir.

AzadlıqRadiosu AZAL-ın dövlət büdcəsindən yayındırdığı vergilərin məbləği ilə bağlı da HP-yə sorğu göndərib. Amma Palata sorğunu ümumi sözlərlə cavablandırsa da, təəssüf ki, vergi məsələsinə toxunmayıb.

Palatanın göndərdiyi cavabda deyilir: «nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatların məzmunu və forması qanunvericiliyə uyğun olaraq Hesablama Palatasınını kollegiyası tərəfndən təsdiq edilmiş meyarlar, o cümlədən nəzarət tədbirinin predmeti, əhatə etdiyi dövr, dövlət vəsaitlərinin formalaşması və istifadəsinin normativ sənədlərə uyğunluğu vəziyyəti, eləcə də səmərəliliyi və nəticəliliyi barədə məlumatlar nəzərə alınmaqla müəyyən edilir». Başqa sözlə, Palata göndərdiyimiz sualı cavabsız buraxıb.

Qanun nə qadağa qoyur, nə də tələb

Qeyd edək ki,«Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nda Hesablama Palatasına apardığı maliyyə nəzarəti tədbirləri barədə ictimaiyyəti məlumatlandırmaq tövsiyyə olunub. Qəribədir ki, bu sənəddə «maliyyə nəzarəti tədbirləri və onların sayı barədə məlumatların internet səhifəsində açıqlanması» tələbi qoyulur. Palatadan daha artıq şəffaflıq tələb olunmur.

Kənan Aslanlı: “Yayındırılan məbləğlərin əks olunması şərtdir”

İqtisadçı ekspert Kənan Aslanlı Hesabalama Palatasının audit yoxlamalarının nəticələri üzrə məlumatlarını yetərli hesab etmir, bu tipli fəaliyyətin effektivliyi, eləcə də hesabatların keyfiyyəti baxımından Almaniya və Britaniya təcrübəsindən yararlanmağı tövsiyyə edir:

«Ali audit qurumlarının beynəlxalq təşkilatı olan İNTOSAİ (The International Organisation of Supreme Audit Institutions) və onun regional işçi qruplarının dünyada hesablama palatalarının audit hesabatlarının məzmunu ilə bağlı standartları və tövsiyələri var. Bu sənədlərdə birmənalı olaraq qeyd olunur ki, audit fəaliyyətinin sonunda ortaya çıxan tapıntılar hesabatlarda öz əksini tapmalıdır. Cənubi Koreya bu məsələdə daha da irəli gedərək, dövlət vəsaitlərindən istifadə olunmasına ictimai nəzarət mexanizmləri də tətbiq edib».

Məlum olur ki, dövlət büdcəsinin vəsaitlərindən istifadə onunması haqda heç onun özünə də yetərli məlumat verilmir. Palata bildirir ki, Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»dan xərclənən 160 milyon manat vəsaitin bir hissəsinin haraya yönəldilməsini müəyyən edə bilməyib.

Ekspert deyir ki, dünyada hesablama palatalarının ictimai vəsaitlərin istifadəsində kənarlaşmalara yol vermiş şəxslərin adlarının çəkilməsi kimi bir ənənə yoxdur. Amma yayındırılan məbləğlərin əks olunması şərtdir. Bu sahədə qəbul edilən beynəlxalq standartlar və İNTOSAİ-yə üzvlük də Azərbaycanın Hesabama Palatası qarşısında məcburi öhdəlik yaratmır. HP-nin daxili nizamnaməsinə görə, açıqlanan rəsmi məlumatların məzmunu və forması Hesablama Palatasının Kollegiyasının iclası tərəfindən müəyyən olunur.

Bu səbəbdən K.Aslanlı təklif edir ki, «Hesablama Palatası haqqında» qanunun 21-ci, «Hesablama Palatasının daxili nizamnaməsi haqqında» qanunun 25-ci maddələri yenidən işlənməli, HP-nin hesabatlarının məzmunu ilə bağlı standartlar və minimum tələblər müəyyən edilməlidir.

Əsas məlumatlar niyə qayçılanır?

Qanunvericilik tələb edir ki, audit yoxlamasının nəticəsi üzrə qərarda dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına, habelə dövlət əmlakına dəymiş zərərin məbləği, eləcə də bu pozuntuları törətmiş vəzifəli şəxslərin adları əksini tapsın. Mediaya təqdim olunan məlumatlarda isə elə məhz bu hissələr qayçılanır.

***Bunlara da baxın:

Palatanın Nizamnaməsində göstərilir ki, o, mütəmadi olaraq öz fəaliyyəti barədə KİV-ə məlumatlar verir. Həmin məlumatların məzmunu və forması Hesablama Palatasının Kollegiyasının iclası tərəfindən müəyyən olunur. Məlumatları isə palatanın sədrindən tutmuş, sədr müavini, auditorlar və digər vəzifəli şəxslər də verə bilər.

Maraqlıdır ki, Nizamnamədə də dövlət sirri təşkil etməyən məlumatlar istisna olmaqla hər hansı bilginin açıqlanmasına hüquqi maneə yoxdur.

Hətta Rusiyada da yoxlama daha şəffafdır

Azərbaycandan fərqli olaraq, Rusiyanın Hesablama Palatası daha şəffaf hesabatlar təqdim edir. Məsələn, bu ilin iyulunda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 2015-ci il fəaliyyətinə dair hesabatında hətta dövlətə məxsus səhmlər üzrə dividendlərin az hesablanıb ödənilməsi ilə bağlı konkret məbləğlər ifadə olunub.

Rusiyanın HP-si, yenə Azərbaycanda irəli gedərək, audit yoxlamalarının nəticələri üzrə təqdim olunmuş qərarların icra vəziyyəti haqda da hesabat təqdim edir. Lomonosov adına Moskva Dövlət Universitetinin aprel ayında təqdim etdiyi hesabatda aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən işlər sadalanır, təqsirkar şəxslər adbaad göstərilməklə onlara qarşı tətbiq olunan intizam məsuliyyəti tədbirləri haqda məlumat verilir.

ABŞ: “Əhəmiyyətli tərəqqi var”

Bu yaxınlarda ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatının Azərbaycanla bağlı bölməsində ölkədə bu sahədə «əhəmiyyətli tərəqqi» əldə etdiyi qeyd olunub, hesabat dövrü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatların geniş ictimaiyyətə açıqlanması müsbət qiymətləndirilib. Halbuki, yerli ekspertlərin də vurğuladığı kimi, bu hesabatlar təsviri xarakterli məlumatlardan o yana getmir.

Günah var, günahkar yox

Məsələn, 2015-ci il üzrə dövlət büdcəsinin icrasına dair Rəydə HP dövlət büdcəsindən maliyyələşdirilən qurumların istifadə edikləri dövlət vəsaitinin ayrılan vəsaitlərə nisbətini və ötən illərə nisbətən az və ya çox olması ilə müqayisə etməklə kifayətlənir. İstifadələr zamanı kənarlaşmanın hüquqi məsuliyyət yaradıb-yaratmaması haqda isə rəyini qeyd etməyə belə lüzum görmür.

Dövlət qurumları üzrə ayrılan və istifadə olunan vəsaitləri qəpiyinə kimi göstərən HP Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində (MKTD) apardığı nəzarət tədbiri nəticələrindən də söz açır. Qeyd olunur ki, qurum tərəfindən büdcə vəsaiti üzrə proqnozlar tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət olunmayıb:

Departament Bakıda əhalinin istifadəsində olan dövlət mənzil fondunun zərərinin ödənilməsi üçün proqnozlaşdırma zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərclərini nəzərə almayıb və nəticədə tərtib edilmiş maliyyə-təsərrüfat planında bəzi xərclər artırılmaqla hesablanıb.

Paytaxtda lift təsərrüfatı üzrə əsassız xərclərə yol verilib. MDTK bəzi xərclər üzrə ödənişləri faktiki alınmış və ya yerinə yetirilərək qəbul olunmuş işlər və xidmətlər əsasında deyil, icraçıların təqdim etdikləri plan üzrə xərclərin reyestrinə əsasən aparıb."

Göründüyü kimi, ümumi ifadələrlə kifayətlənən HP dövlət büdcəsindən özləri bildikləri kimi istifadə edənlərə qarşı görülən tədbirlərdən söz açmağı da «unudub».

Cavabsız qalan suallar

Eyni vəziyyət Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi haqqında qeyd edilir. Palatanın hesabatında göstərilir ki, burada büdcə proqnozları tərtib edilərkən normativ sənədlərin tələblərinə riayət olunmur:

"Yaşıllıqlara qulluq edilən sahənin faktiki qulluq göstərilən sahənin həcmindən çox göstərilməsi hesabına Bakı şəhərinin yaşıllıq sahələrinə xidmət xərci dövlət büdcəsi layihəsinə təqdim edilərkən artırılır.

Dövlət büdcəsindən ayrılmış vəsaitlərin nəzərdə tutulan sahələrə deyil, başqa istiqamətlərə xərclənməsi hallarına yol verilib, nəqliyyat xərcləri, yaşıllıqlara qulluq xərcinin tərkibində ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə xərci artıq hesablanıb və ödənilib". Amma burada da nə qədər vəsaitdən söhbət gedir, buna görə kimsə məsuliyyətə cəlb olunub? Bu suallar cavabsız qalır.

2015-ci ildə dövlət büdcəsinin xərclərinin 35,7 faizi əsaslı vəsait qoyuluşları ilə bağlı olub. Di gəl ki, burada da Palata aşkara çıxardığı və nöqsan kimi müəyyən etdiyi pozuntuları maddi ifadədə ictimaiyyətə təqdim etmir.

Cəzasız qalan korrupsiya

Aşkar olunan pozuntular arasında yaşayış məntəqələrinin ərazilərinin planlarınin hazırlanması bə başqa tikinti sənədlərinin dövlət ekspertizasından keçirilmədiyi də var.

Amma məsələ burasındadır ki, dövlət investisiyalarının dövlət büdcəsinin xərclərinin 50 faizindən çoxunu təşkil edən illərdə belə bu cür ciddi qanun pozuntularına yol verilməsi haqqında məlumatlar verilirdi, lakin buna görə indiyə qədər kiminsə cəzalandırılması haqda nə HP, nə də hüquq-mühafizə orqanları bir məlumat yaymayıb.

Dövlət büdcəsinin icrası haqda HP-nin rəyində çox incə məqamlar da var. Məlum olur ki, dövlət büdcəsinin vəsaitlərindən istifadə onunması haqda heç onun özünə də yetərli məlumat verilmir. Palata bildirir ki, «Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»dan xərclənən 160 milyon manat vəsaitin bir hissəsinin haraya yönəldilməsini müəyyən edə bilməyib.

Palatanın özünə də hesabat vermirlər

Yaxud, Hesablama Palatası giley-güzar edir ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi hesabatda dövlət müəssisələrinin fəaliyyəti ilə əlaqədar zərərin tənzimlənməsi və maliyyə sağlamlaşdırılması tədbirləri ilə bağlı xərclərin tərkibində 67 milyon 347,2 min manat məbləğində vəsaitin necə istifadə olunması haqda məlumatlar əks olunmayıb. Palata bu haqda Maliyyə Nazirliyinə irad bildirməsi, heç olmasa sorğu göndərib-göndərmədiyi haqda bir söz açmır.

XS
SM
MD
LG