Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:16

Rusiya, Türkiyə və çoxqütblü dünya - 'Alınana oxşamır'


Karikatura
Karikatura

Avqustun əvvəlində Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin-lə Recep Tayyip Erdoğan görüşəndə Qərbdə qəlblər şiddətlə vurmağa başladı. Bir təhlükəsizlik eksperti bunu «Ankaranın Moskvaya yan alması» adlandırdı, Qərbə bir çox cəbhələrdə meydan oxuyacaq Rusiya-Türkiyə oxunun formalaşması kimi yozdu. Amma Karneqi Fondunun saytında təhlilçi Thomas De Waal yazır ki, bütün bu fərziyyələr xeyli şişirdilmişdi.

YENİ OX OLMAYACAQ

«Ankara-Moskva yaxınlaşması başqa bir prosesin göstəricisi idi: Qərbin rəhbərliyi altında formalaşan çoxtərəflilik hesabına Rusiyanın sevimli qütblülük konsepsiyası zirvəyə doğru ucalırdı. Hər iki prezident Qərbdən narazılığını göstərmək istəyirdi. İyulda çevriliş cəhdindən sonra Qərb liderləri Erdoğan-ı birmənalı dəstəkləmədi və onun avtoritar metodlarını davamlı tənqid edirlər. Türkiyə prezidenti bundan narazı qaldığını ortaya qoyurdu», -müəllif yazır.

Thomas De Waal vurğulayır ki, Rusiyayla Türkiyənin barışmağa xeyli səbəbi vardı. Yarımil küsülü qaldılar, Azərbaycan, Orta Asiya respublikaları daxil, xeyli oyunçular bu mübahisədə tərəf tutmadı, onları barışmağa çağırdı. Rusiya turistlərinin kəskin azalması Türkiyə iqtisadiyyatına ciddi ziyan vurdu. Rusiya qaz ixracat marşrutu olan Ukraynadan asılılığı kəsmək, «Türk Axını» qaz layihəsini canlandırmaq istəyirdi.

Buna da bax-Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi

«Həm tarixi, həm də coğrafi bilgilər yeni bir Avrasiya oxunun yaranmayacağını göstərir. Bu iki ölkə Rusiya və Osmanlı imperiyalarının varisləridir, Böyük Yekaterina dönəmindən Qara dənizdə üz-üzə gəliblər, 10-dan çox müharibə aparıblar. Türkiyəylə Rusiyanın bu mirası bir kənara qoymasına liderlərinin bircə dostyana görüşü yetməz. Bu baxışdan əl çəkən deyillər, necə ki, regionda üçüncü böyük dövlət olan İranla oxşar köklü problemləri həll edə bilmirlər…», - yazan müəllif tarixən Rusiya Çarının Avrasiya xristianlarını, Türkiyə Sultanının isə sünni müsəlmanları qoruduğunu yada salır.

XRİSTİAN-MÜSƏLMAN MƏSƏLƏSİ

Elə indinin özündə də Rusiya Suriyaya müdaxiləsini xristianları Türkiyənin dəstəklədiyi sünni ekstremistlərdən qorumaq niyyətiylə izah edir. Erdoğan isə Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda tatarların müdafiəçisi kimi görünür. Suriyada bu iki dövlət «İslam Dövləti» (İŞİD) qruplaşmasına qarşı savaşdığını bildirsə də, faktiki olaraq, Hələbdə əks tərəfləri dəstəkləyirlər.

«Beləliklə, Erdoğan-Rusiya barışığı məhdud məqsədli biznes sövdələşməsinə bənzəyir, yeni strateji alyans deyil, iqtisadi çəkilidir. Başqa sözlə desək, bu, getdikcə harmonikliyini və beynəlmiləlçiliyini itirən dünyada daha bir qəlizlik yaradır. Axı Britaniyanın AB-dən çıxmağa (Brexit) səs verməsi, ABŞ-da prezidentliyə namizəd Donald Trump və Avropanın getdikcə özünə qapanması sayəsində əvvəlki dünyadan əsər-əlamət qalmayıb», - müəllif vurğulayır.

Buna da bax-Rusiya-Türkiyə yaxınlaşması Azərbaycana yaxşı heç nə vəd etmir?

Karneqi Fondundan Alexander Baunov-un fikrincə, «Brexit» Rusiyanı «çoxqütblü Avropa» xülyasına bir addım da yaxınlaşdırdı. Moskva belə bir Avropanın böyük dövlətləri ilə individual şəkildə baş edəcək, kollektiv bir qurum kimi deyil.

GÜNAH AVROPANIN ÖZÜNDƏDİR

«Rusiya-Türkiyə yaxınlaşması oxşar geosiyasi xaosun bir hissəsidir. Putin-lə Erdoğan baxır ki, NATO kimi alyanslar, Avropa Birliyi kimi transmilli qurumlar getdikcə zəifləyir və güclü anlam daşımırlar. Hər iki lider də alyansların keçici rol oynadığı bir dünyada özlərini daha rahat hiss edirlər. Belə bir dünyada ənənəvi güclü dövlətlər gündəmi müəyyənləşdirir, istənilən anda fikirlərini dəyişmək hüququnu saxlayır, kiçik dövlətlər isə onlara tabe olmalı olurlar. Belə bir baxış Trump-ın mövqeyi ilə də uzlaşır. O, iyunda «The New York Times» qəzetinə müsahibəsində deyirdi ki, NATO-nun çox üzvləri hesablarını ödəmirlər və onu da əlavə edib ki, ABŞ hərbi mühafizənin pulunu istəməlidir.

«Amma əlbəttə ki, çoxqütblülüyün artması çoxtərəfliliyin azalması deməkdir. Bu hökmü Ankarayla Moskva çıxarmayıb, bunu Avropanın çoxtərəfli təşkilatları formalaşdırır. Çoxqütblü tendensiyayla mübarizə aparmaq istəyirlərsə, AB, NATO, ATƏT Avropanın kənarında özünü rahatsız hiss edən ölkələrdən ötrü özlərini daha cazibədar, inklüziv etməlidirlər», - Thomas De Waal yazır.

XS
SM
MD
LG