Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:12

Azərbaycana səfər edən M.Forst: 'Onlar xain yox, qəhrəmandırlar'


 Michel Forst
Michel Forst

«Azərbaycanda insan haqlarını müdafiə edənlərə xain yox, qəhrəman kimi baxmaq lazımdır. Onlar ölkədə azad və ədalətli cəmiyyətin qurulması naminə dəyişiklikləri təşviq edən insanlardır. Onları rədd yox, qəbul etmək lazımdır».

Bunu BMT-nin Azərbaycanda insan haqları müdafiəçilərinin vəziyyətini araşdıran xüsusi məruzəçisi Michel Forst Azərbaycana 9-günlük səfərinin yekununda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, səfər çərçivəsində Prezident Administrasiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Ali Məhkəmədə, Avropa Şurası və diplomatik korpusun nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, siyasi motivlərlə həbsdə olan şəxslər ilə görüşlər keçirib.

GENİŞMİQYASLI TƏQİBLƏR

M.Forst deyir ki, insan haqları müdafiəçilərinə təhlükəsiz və yaradıcı mühitin təmin edilməsi Azərbaycanın öhdəliyidir. Amma müşahidələr göstərir ki, 2014-cü ildən bəri Azərbaycanda yerli və beynəlxalq QHT-lər böyük miqyasda təqib olunur.

Buna da bax-'Siyasətlə məşğul olan hər kəs təhlükədədir'

«Azərbaycanda insan hüquqları müdafiəçiləri bir sıra problemlərlə üzləşirlər. Son 2-3 il ərzində vətəndaş cəmiyyəti təşkilatları ölkə müstəqillik qazandığı ildən bu günə kimi ən pis vəziyyətlə üzləşib – bu qənaətimi ilkin müşahidələrim çərçivəsində hökumətə də təqdim etdim. Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb. Dövlət rəsmiləri hüquq müdafiəçilərini Qərb dövlətlərinin «beşinci kolon»u, xarici dövlətlərin casusu kimi təqdim edir. Bunun da nəticəsində vətəndaş cəmiyyəti fəallarının oynadığı rola dair əhalidə yanlış təsəvvür formalaşır. Fundamental azadlıqları təşviq edən, qanun pozuntularını tənqid edən şəxslər hücumlara məruz qalır, damğalanır, xuliqanlıq, narkotik, dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd və s. ittihamlarla həbs olunur, məhkum edilirlər», – M.Forst bildirib.

Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icrası sahəsində də problem olduğunu deyən məruzəçi buna misal olaraq, REAL Hərəkatının sədri İlqar Məmmədov barədə qərarı göstərib. Azərbaycanda siyasi motivli həbslərdən, sərbəst toplaşma azadlığına qadağalardan danışan M.Forst Milli Şuranın 17 sentyabr mitinqindən öncə və aksiyadan dərhal sonra həbs edilən şəxslər barədə məlumatlı olduğunu bildirib. Qeyd edib ki, mitinq ərəfəsində və ondan sonra həbs olunan 45 nəfərin siyahısını hökumət təmsilçiləri ilə görüşlərdə onlara təqdim edib: «Siyahını hökumətə vermişik və məsələyə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirik».

AzadlıqRadiosunun Bakı ofisi bağlanıb.
AzadlıqRadiosunun Bakı ofisi bağlanıb.

MEDİAYA GƏRƏKƏN MÜHİT

Məruzəçi Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətə də toxunub: «Azərbaycan media və jurnalistlərə gərəkən mühitin yaradılmasında çətinlik çəkməkdə davam edir. Müstəqil media orqanları tez-tez hədəf seçilir. Tənqidi fikir söylədiklərinə görə onların lisenziyaları əllərindən alınıb. Məsələn, 2014-cü ilin dekabrında hökumət vətəndaş cəmiyyətinə qarşı təqib kampaniyası çərçivəsində AzadlıqRadiosunun fəaliyyətini dayandırıb. Eyni ayda «Meydan TV» də yayımını dayandırmağa məcbur edilib. Bu media orqanının həm redaktoru, həm də direktoru xaricə qaçmağa məcbur olub, jurnalistlərinin ölkədən çıxışına qadağa qoyulub. 2014-cü ilin avqustunda «Azadlıq» qəzetinin saxta xuliqanlıq ittihamı ilə həbs edilən və 5 il azadlıqdan məhrum olunan jurnalisti Seymur Həzi ilə də həbsxanada görüşdüm. «Azadlıq» qəzetinin maliyyə direktoru Faiq Əmirov bir ay əvvəl Fethullah Gülen barədə kitabları saxlamaq və yaymaq ittihamı ilə həbs olunub. Onun həbsi qəzetin bank hesabının dondurulmasına səbəb olub».

Buna da bax - 'Dialoq Platforması' kimə aiddir?

M.Forst Azərbaycanda internetə sərbəst çıxış imkanının olduğunu, lakin internetdə tənqidi fikir bildirənlərin cəzalandırıldığını vurğulayıb. O, misal olaraq bloqqer Mehman Hüseynov barədə cinayət işinin başlanması və onun ölkədən çıxışına qadağa qoyulmasını, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Facebook-da insanları öz hüquqlarını qorumağa çağırdığı üçün həbs olunduğunu qeyd edib.

«DİALOQU DAVAM ETDİRƏK»

QHT-lərin qeydiyyatı, maliyyələşməsi sahəsində də ciddi problemlərin olduğunu deyən M.Forst sonda əlavə edib ki, Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti ilə əlaqədar hökumətlə konstruktiv dialoqu sürdürməyə hazırdır: «Mandatıma hökumətlərə məsləhətlər vermək səlahiyyəti də daxildir. Bu hesabatdakı tövsiyələrin nəzərdən keçirilməsi və tətbiqi ilə bağlı hökumətə tələb olunan texniki yardımı göstərməyə və əməkdaşlıq etməyə də hazıram».

BMT məruzəçisi hökuməti hüquq müdafiəçilərinə qarşı təzyiqlərdən çəkinməyə, vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olmağa çağırıb.

Michel Forst-un dediklərinə hakimiyyət təmsilçilərindən, hələlik, reaksiya gəlməyib. Amma indiyədək rəsmilər ölkədə təməl insan hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirib, beynəlxalq və yerli insan haqları təşkilatlarının tənqidlərini qəbul etməyiblər.

XS
SM
MD
LG