Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:44

Azərbaycanda sürücülər benzinin keyfiyyətindən dad deyir


İlham Əliyev
İlham Əliyev

İstiqlal tarixinə fərqli baxışlar, iqtisadiyyatda geriləmə, inhisarçılıq və benzinin keyfiyyətinin pisləşməsi bu gün medianın aparıcı mövzusudur.

YENİ İSTİQLAL MANİFESTİ MÜƏLLİFİ – İLHAM ƏLİYEV

«Azərbaycan» qəzetində «İstiqlalın yeni manifesti» sərlövhəli məqalə dərc edilib. Müəllif 25 illik müstəqillik dövrünü mərhələlər üzrə dəyərləndirir.
Məqalənin girişində dövlət müstəqilliyinin 25-ci ildönümündə dövlət başçısı İlham Əliyevin çıxışından sitatlara yer verilir. Bu çıxışla artıq ölkədə 4-cü mərhələnin başlandığı bildirilir: «Müstəqillik illərini tarixi cəhətdən 3 dövrə ayıran prezidentin mülahizələrinin məntiqi nəticəsi isə artıq istiqlal salnaməmizin dördüncü mərhələsinin - Azərbaycanın dünya miqyaslı qüdrətli, nüfuzlu və inkişaf etmiş dövlətə çevrilmə prosesinin başlanmasını göstərir».

Məqalədə qeyd edilir ki, 1991-ci ildə hətta Azərbaycan Xalq Cəbhəsi də SSRİ-nin yeni İttifaq Müqaviləsi ilə razı idi. Yalnız deputat Heydər Əliyev müstəqillik uğrunda mübarizə aparırdı. Müəllif fikirlərini əsaslandırmaqdan ötrü 1991-ci il Azərbaycan Ali Sovetinin sessiyalarında deputat H.Əliyevin ayrı-ayrı çıxışlarına istinad edir.

Məqalədə 1993-cü ildə Heydər Əliyevin, bundan 10 il sonra isə İlham Əliyevin hakimiyyətə gəlməsi dəyərləndirilir.

Müəllif daha sonra dövlət başçısı İlham Əliyevin müstəqilliyinin 25-ci ildönümündəki çıxışına qayıdır. Bunu 13 illik siyasi fəaliyyətinin istiqlal mübarizlərinin ruhları qarısında hesabatı adlandırır: «Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Müstəqilliyimiz dönməzdir, əbədidir».

Müəllifə görə, bu həm də prezident İlham Əliyevin yeni İstiqlal Manifesti idi...

Azadlıq hərəkatı
Azadlıq hərəkatı

BAŞQASININ ƏMƏYİNİ ÖZ ADINA ÇIXANLAR...

Azadliq.info saytında isə «Azadlıqdan qorxanların müstəqillik günü» sərlövhəli məqalə oxumaq olar. Bu yazıda isə əksinə, hakimiyyətin Dövlət Müstəqilliyi Gününə laqeyd münasibət göstərdiyi və tarixi faktları təhrif etdiyi bildirilir.

Müəllif mövzuya belə bir giriş verir: «Bəli, bu gün (oktyabrın 18-i) hər bir Azərbaycan vətəndaşının fəxr duyacağı, qürur hissi keçirəcəyi gündür. Amma YAP hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı ögey münasibət göstərdiyi kimi, müstəqillik gününə də həmişə biganə olub. Müstəqillik uğrunda mübarizə aparanları sıradan çıxarmağa çalışıb. Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yeganə heykəli doğulduğu Novxanı kəndindədir. Gəncədəki büstünə çuval keçirildi, BDU-dan adını götürdülər, dərsliklərdən Rəsulzadənin adı çıxarıldı. Amma hökumətin bütün səylərinə baxmayaraq, Rəsulzadə qəlblərdə yaşadı və Azərbaycan xalqı onu ümumi milli lider kimi qəbul etdi».

Yazıda vurğulanır ki, hakimiyyət 25 il öncə baş verənləri təhrif edir və özünün bütün səhvlərini birillik AXC hakimiyyətinin üzərinə atmağa çalışır: «Səriştəsiz, xəyanətkar adlandırdıqları AXC hakimiyyəti dövründə məmurlar vətəndaşın qəniminə çevrilməmişdi. Yüksəkvəzifəlilər milyarder deyildi, ölkə başçısının ailəsi biznes imperiyası yaratmamışdı. Amma müstəqillik dövründə Əliyev hakimiyyəti 150 milyard neft pulunu talan etdi, ölkəni xarici borcdan asılı vəziyyətə saldı və vətəndaşı intihar həddinə çatdırdı. Məhz Əliyev hakimiyyəti dövründə ölkə vətəndaşları Sovet dövrünün xiffətini çəkməyə başladı».

Yazıda qeyd edilir ki, AXC hakimiyyəti rus qoşunlarını ölkədən çıxartdığı halda, YAP hakimiyyəti Rusiyanın maraqlarını dövlət maraqlarından üstün tutur. Ermənistanı himayə edən Rusiyanın qarşısında təzim edir.

İnhisar
İnhisar

NƏ QƏDƏR Kİ, İNHİSAR VAR...

«Novoye Vremya» qəzetində dərc edilən «İqtisadiyyatın tənəzzülü davam edir, Nazirlər Kabineti isə fəaliyyətsizdir» sərlövhəli məqalədə ölkə iqtisadiyyatın durumu dəyərləndirilir.

Müəllif yazır ki, bir zamanlar ölkədəki tikinti bumu təkcə yeni iş yerlərinin açılması demək deyildi, bu həm də istehsalın artımına ciddi təsir edirdi: «Neftin ucuzlaşması ilə başlayan iqtisadi böhran ilk olaraq qeyri-neft sektorunu, məhz tikinti sektorunu vurdu. 10-larla tikinti şirkəti müflisləşərək biznesini bağlamalı oldu, minlərlə insan işsiz qaldı...».

Müəllifin fikrincə, bu hal həm də bütünlükdə iqtisadiyyatın çökməsinə səbəb oldu.

Yazıda ümumi daxili məhsulun (ÜDM) 65 faizinin qeyri-neft sektorunun payına düşməsi ilə bağlı rəsmi açıqlamalara da şübhə bəslənilir: «Bu belə olsaydı, ölkə iqtisadiyyatı bu sürətlə enməzdi. Bütün bəla bundadır ki, qeyri-neft sektorunun istehsal gücü aşağıdır. Biz, hələ, bu istehsalın ixracından danışmırıq. Qeyri-neft sektorunun inkişafı üçün maliyyə vəsaitləri lazımdır».

Müəllif vurğulayır ki, ölkənin bank sektoru dərin böhran içindədir. Bu isə ölkə iqtisadiyyatının gələcəyinə yaxşı bir şey vəd etmir.

Yazıda qeyd edilir ki, bir çox kommersiya qurumları dövlətdən dəstək gözləyirdi, amma bu da alınmadı: «Bu bir qapalı dövrəyə bənzəyir və çıxış yolu da görünmür».

Müəllifə görə, nə qədər ki, inhisar davam edəcək, vəziyyət dəyişməyəcək. Yazıda deyilir ki, Nazirlər Kabineti bu prosesi idarə etmək gücündə deyil.

Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

QİYMƏT BAHA, KEYFİYYƏT AŞAĞI...

«Bizim Yol» qəzetində isə «Azərbaycanda yanacağın keyfiyyəti daha da pisləşib» sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif yazır ki, Azərbaycanda benzinin keyfiyyəti aşağı olduğundan avtomobillər 5 min kilometr getməmiş mühərrikin gücü azalır, benzin sərfi isə normadan çox artır. Halbuki, Avropa ölkələrində filtrin dəyişmə ehtimalı 30-50 min km arasındadır. Yazıda qeyd edilir ki, hələlik, Azərbaycanda çıxış yolu daim eyni və güvənilən məntəqədən benzin almaqdadır: «Orta hesabla 10-15 litr benzinlə getdiyimiz məsafənin üçqatını bir qərbli gedə bilər. Yəni, bizdə nisbətən ucuz olsa da, həmin ucuz benzinin sərfi da çoxdur. Keyfiyyətsiz yanacaq avtomobilin mühərrikinin də ömrünü azaldır».

Müəllifin yazmasına görə, dünyanın bir çox ölkələrində Azərbaycanla müqayisədə yanacaq daha ucuz, amma keyfiyyətlidir. Yazıda vurğulanır ki, benzinin bahalı olduğu ölkələrdə keyfiyyət də yüksəkdir.

Müəllif iddia edir ki, ölkədə istifadə edilən benzin Azərbaycan benzini də deyil, Qazaxıstandan gətirilən keyfiyyətsiz benzindir.

Qəzetə danışan sürücülər isə deyiblər ki, istifadə edilən benzinə kənar qatqılar vurulur. Həmin qatqılar qaz halında olduğundan qısa zamanda uçub gedir.

Müəllif ABŞ-ın Beynəlxalq Yanacaq Keyfiyyəti Mərkəzinin (IFQC) hər il dünyanın 100 ölkəsi arasında benzinin və dizelin keyfiyyətinin qiymətləndirilməsinə dair açıqlamasını da nəzərə çatdırır. Bu açıqlamaya görə, Azərbaycan benzinin keyfiyyətinə görə 2011-2012-ci illərdə 100 ölkə arasında 68-ci yerdə olubsa, 2013-cü ildə 1 pillə geriləyərək 69-cu yerə düşüb. 2014-cü ildə daha 8 pillə geriləyib, 77-ci yerdə qərarlaşıb.

XS
SM
MD
LG