Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:35

Putin Microsoft-u Rusiyadan çıxarmaq istəyir


V.Putin
V.Putin

Rusiyanın yeni hədəfi Microsoft-dur. Kreml bütün dövlət orqanları, eləcə də dövlətin nəzarətində olan şirkətlərin xarici proqram təminatlarından imtina planını gerçəkləşdirməyə başlayıb. NBC telekanalının ABŞ kəşfiyyat rəsmilərinə əsasən yaydığı məlumata görə, planın icrasına Moskvadakı idarələrdə, özü də Microsoft-dan imtinadan başlayıblar.

Bundan öncə Microsoft-un almağa hazırlaşdığı LinkedIn sosial şəbəkəsinin Rusiyada bloklanacağı barədə informasiya yayılmışdı. Şirkət qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edib.

«BİZ HEÇ KİMİ GÜDMÜRÜK»

Bir kəşfiyyat rəsmisi «NBC News»a müsahibəsində deyib ki, Putin-in Microsoft-u hədəfə almasının səbəbi onun informasiya texnologiyaları sahəsində ən böyük Amerika şirkəti olmasıdır. Həm də rusiyalıları şirkətin ABŞ kəşfiyyatına işlədiyinə inandırmaq asandır.

Microsoft-un «NBC News»a açıqlamasında deyilir ki, şirkət casusluqla bağlı heç bir əməliyyatda iştirak etmir.

«Biz heç kimi güdmürük. Başqalarını izləmək istəyən heç bir hökumətlə əməkdaşlıq etmirik və etmərik də», - Microsoft-un ictimai əlaqələr üzrə baş meneceri Dominic Carr belə deyib. O, Microsoft məhsullarının təhlükəsizliyinə əmin olmaqdan ötrü onun proqram təminatının hökumətlər tərəfindən yoxlanmasına imkan verildiyini, təhlükəsizliyin şirkət üçün vacib olduğunu vurğulayıb: «Biz istifadəçilərin təhlükəsizliyini qorumaq istiqamətində çox iş görmüşük, buna görə ABŞ hökumətini 4 dəfə məhkəməyə vermişik».

Microsoft's Windows 7.0
Microsoft's Windows 7.0

AMERİKA TEXNOLOGİYASINA BEL BAĞLAMAMAQ

Amma ruslar bilirlər ki, kiber-müharibədə bütün proqram təminatları kimi, Microsoft məhsullarından da silah kimi yararlanmaq olar. «NBC News»un əldə etdiyi ABŞ təhlükəsizlik sənədləri də keçən il rusların Microsoft Office qoşmasından yararlanaraq, Ukrayna elektrik şəbəkəsini söndürdüyünü təsdiqləyir.

ABŞ Nümayəndələr Palatasının üzvü, Kəşfiyyat komitəsindən olan demokrat Adam Schiff Rusiyanın Microsoft-u seçməsinə təəccüblənmədiyini söyləyir: «Keçmiş KQB zabiti olan Putin-dən ötrü bu dünya – Rusiya ilə ABŞ arasında «kim-kimə» oyunu meydanıdır… ABŞ-a yaxşı olan Rusiya üçün pisdir».

A.Schiff-in fikrincə, Microsoft-a qarşı hərəkətə keçməklə Putin həm də Rusiya xalqının Amerika texnologiyasına etibar etməməli olduğuna işarə edir: «Bu, bir qədər iqtisadi mesajdır, bir qədər qabaqdangəlmişlikdir, bir az da Amerika informasiya texnologiyalarına hücumdur, bir qədər yerli istehsalı mühafizədir… Bunların hamısı, fikrimcə, son vaxtlar Putin-dən gördüyümüz eskalasiyaya uyğundur».

«OYUN DAİRƏSİ GENİŞLƏNDİRİLİR»

Brukinqs İnstitutunun elmi işçisi Fiona Hill Rusiyanın ABŞ-ın seçki sənədlərinə müdaxiləsiylə bağlı ittihamlara toxunaraq, rusların oyun dairəsini açıq şəkildə genişləndirdiyini deyir: «Bunlar rusların internetin milliləşdirilməsi və öz təhlükəsiz kontentlərinin yaradılması fikrinə ciddi yanaşdıqlarını göstərir».

«NBC News» Rusiyanın Microsoft-a iqtisadi zərbə vurmaq niyyətinin baş tutmayacağını yazır. Çünki şirkətin aksiyalarının qiyməti ən yüksək həddə çatıb. İndi Microsoft-un bir səhminin dəyəri 60 dollardır.

Digər tərəfdən, ABŞ kəşfiyyatı rəsmiləri Microsoft-un Rusiyada qadağan olunmasının mümkünlüyünə inanmırlar. Onlar bu şirkətin məhsullarının Rusiyanın İT infrastrukturuna çox nüfuz etdiyinə əmindirlər.

XS
SM
MD
LG