Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:07

Sovet quruluşundan üz çevirmiş Düdənginskini satqın adlandırmaq doğrudurmu...


Əbdülrəhman Düdənginski.
Əbdülrəhman Düdənginski.

İkinci dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı, "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının bаş rеdаktоru оlmuş Əbdülrəhman bəy Fətəlibəyli-Düdənginski 1954-cü ilin bu günündə, yəni 20 noyabrda öldürülüb. Oxu Zalı Düdənginskinin Azərbaycan tarixində yeri və zidiyyətlərlə dolu həyatı haqda məqaləni təqdim edir.

Pərviz Zeynalov

ADSIZ QƏHRƏMAN! ƏBDÜLRƏHMAN BƏY FƏTƏLİBƏYLİ-DÜDƏNGİNSKİ

Xeyli müddət idi ki, Ə. Düdənginski, onun Azərbaycanımızın istiqlalı, azadlığı yolunda dönməz mübarizəsi, lakin layiqli qiymətini ala bilməməsi haqqında yazmaq istəyirdim. Bu yaxınlarda yazıçı-publisist dostum Dilqəm Əhmədin “Tək Dahi” kitabında Ə.Düdənginski haqqında yazdığı məqalə mənə olduqca müsbət təsir göstərdi və “Bu cəsur insan” haqqında bir məqalə yazmağı özümə mənəvi borc bildim. Son zamanlar bir çox qəzet səhifələrində, sosial şəbəkələrdə Ə. Düdənginski haqqında- Ə. Düdənginski xaindir! Ə. Düdənginski vətəni satdı! İfadələrinə tez-tez rast gəlirik. Yəqin ki, bu yazı həmin ifadələri yazanlar üçün tutarlı cavab olacaq.

Buna da bax: Düdənginski - «Camali xaç ilə qızıl yıldız arasında»

Əbdülrəhman Düdənginski alman hərbçisi geyimində.
Əbdülrəhman Düdənginski alman hərbçisi geyimində.

Ə.Düdənginski ( Abo bəy) 1908-ci il iyunun 12-də Şərur rayonun Düdəngə kəndində anadan olmuşdur. Düdəngə və Zeyvə kəndlərinin bəyi olan atası Əlibəy həm də Çar ordusunun zabiti idi. Ə.Düdənginski 2 yaşı olanda rus zabiti tərəfindən atası zəhərlənərək öldürülür. Bundan sonra özünün sözü ilə desək Allahın himayəsində böyüyür. Ə.Düdənginski 1935-1936-cı illərdə Moskva Hərbi Akademiyasında təhsil alır və oranı əla qiymətlərlə bitirir. Sovet-Fin müharibəsində iştirak edir, “Qızıl ulduz” ordeni ilə təltif olunur. 1941-ci ildən Böyük Vətən müharibəsi başlayanda Pribaltika cəbhəsinə göndərilir və oradan könüllü olaraq bir qrup döyüşçü ilə birlikdə Almanlara əsir düşür. Ə. Düdənginskinin haqlı olaraq Azərbaycan tarixinə əbədi həkk olan şərəfli ömür yolu buradan başlayır. Məhz siyasi cəhətdən savadsız müəlliflərin Ə. Düdənginskini satqın adlandırılması bu hadisələrlə və onun sonrakı fəaliyyəti ilə bağlıdır.
Əvvəla bu şəxslərin nəzərinə çatdırım ki, minlərlə həmvətənimizin amansız qətli ilə işğal olunan doğma Azərbaycanımız SSRİ adlı imperiyanın tərkibinə qatılırsa həmin “Şər imperiyasına” vətən demək nə dərəcədə düzgündür? İkincisi 1918-ci ildə qurulan AXC 1920-ci ildə Bolşeviklər tərəfindən işğal olunmasaydı, Böyük Vətən müharibəsinin bizimlə birbaşa olaraq heç bir əlaqəsi olmayacaqdı və 350 min insanımızı itirəsi də deyildik. Almanların Bakını dəfələrlə bombalaması imkanı olmasına baxmayaraq bunu etməməsi əyani sübutdur. Məsələyə digər tərəfdən baxdıqda isə Abo bəy Almanların tərəfində olarkən dəfələrlə vurğulamışd: Biz Almaniya üçün deyil doğma Azərbaycanımızın müstəqilliyi və istiqlalı üçün vuruşuruq! Həm müharibənin gedişində, həm də müharibədən sonra minlərlə azərbaycanlının əsirlikdən xilas edilməsi məhz Abo bəyin adı ilə bağlıdır. 1947-ci il dekabr 5-də Abo bəyin Ceyhun Hacibəyliyə (Ü.Hacıbəyovun qardaşı) yazdığı məktubdan bir hissəni təqdim edirəm:

"Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir. 3-cü ildir ki, burada çırpınırıq. Olsun ki, Misirin köməyi ilə adamlarımızı İtaliyadan göndərə bildik. Artıq ikinci aydır ki, Zahid xan Qahirədədir (Fətəli xan Xosykinin yaxın qohumu) və onların problemləri ilə məşğuldur. O bütün müsəlman ölkələri hökumətləri ilə əlaqə saxlayır. Hələlik İordaniya və İraq ölkələri 2-3 mini qəbul etməyə hazırdır. Pakistanın qərarını gözləyirik. İtaliyadakı bütün müsəlmanları göndərdikdən sonra özü Misirə gedib orada Almaniyadan, Avstriyadan, İsveçrədən gələnləri qəbul edəcək. Mənim ailəm isə hələ də düşərgədə əziyyət çəkir. Onları görə də bilmirəm..."

Abo bəy uzaqgörən idi. Bilirdi ki, Almanlara əsir düşüb geri qayıdanları “Vətəndə” hansı tale gözləyir. Sovet Türkiyə sərhəddində-Boraltanda güllələnən yüzlərlə həmyerlimizin acı taleyinə yazılan ürəklər sızladan türkülər bugünədək unudulmayır. Belə bir İnsana-gərçək qəhramana, Azərbaycanın azadlığını hər şeydən üstün tutan cəsur həmvətənimizə xain deməyə dilimiz necə də dönür ey Bolşevikpərəstlər?

Buna da bax: Ərdoğandan azərbaycanlı mühacirlər haqda ürəkparçalayan hekayət (Yenilənib)

2016-cı ildə Azərbaycanlı mühacirlər Almaniyada Düdənginskinin məzarını ziyarət edir.
2016-cı ildə Azərbaycanlı mühacirlər Almaniyada Düdənginskinin məzarını ziyarət edir.

"Sizin məntiq adına ləkə olan məntiqinizə" görə əgər Ə.Düdənginski xaindirsə, bəs onda M. Rəsulzadə, Ə. Topçubaşov, M. B. Məmmədzadə kimdir? Axı Rəsulzadə də uzun müddət Abo bəy ilə birgə Almaniyada Azərbaycanlılardan ibarət legionların yaradılmasında iştirak etmiş, Alman hökumət ilə danışıqlara getmiş, minlərlə azərbaycanlını ölümün pəncəsindən qurtarmışdı. Ə. Topçubaşov ömrünün son 15 ilini Fransada yaşamış Sovet imperiyasının yeritdiyi qəddar siyasəti ifşa etməklə məşğul olmuşdur. Abo bəyin Almaniyada azərbaycanlılardan ibarət yaratdığı batalyonlar "İgid", "Qorxmaz", "Aslan", "Dönməz", "Cavad xan" adlanırdı. Yəni bu adlar da "bir çoxları üçün" heç bir şey ifadə etmir?

1937-ci ildə repressiyaya məruz qalan ziyalılarımız "Vətən xaini" adı ilə güllələndi və ya sürgün olundu. Deməli, dilimizdən düşməyən "Satqın" ifadəsini M. Müşfiqə, H. Cavidə, S. Mümtaza, Ə. Cavada, Y. V. Çəmənzəminliyə də aid edirsiniz? Ancaq AXC-nin süqutunda müstəsna rol oynayan milli xainlərimizə Ə. Qarayevə, H. Sultanova, Ç. İldırıma və başqalarına çatanda susursunuz...

Abo bəy hansı vətənə sədaqət nümayiş etdirməli idi ki, - müharibənin ən qızğın vaxtında azərbaycanlıları bütövlükdə "Bu vətənin atası" uzaq Qazaxıstan çöllərinə sürgün etmək istəyirdi?

Abo bəy hansı vətənə sədaqətli olmalıydı ki, 350 min insanı itirən bütün müharibədə böyük məharət və sədaqət nümayiş etdirən bir xalqın 200 min insanını öz dədə-baba torpaqlarından didərgin etdilər.

Mən Böyük Vətən Müharibəsində canından keçmiş, 350 min qəhrəman həmvətənimin müqəddəs ruhları qarşısında ehtiramla baş əyirəm və bu yazımla xalqımızın igid övladlarının zəhmətinə, igidliyinə kölgə salmaq fikrindən tamamilə uzağam. Onsuz da bu yazını oxuyan insanlarımızın bir çoxuna mənim baxışlarım bəlli olacaq.

Məlumat üçün qeyd edim ki, müharibə bitdikdən sonra Abo bəy öz fəaliyyətinə qaldığı yerdən davam etdi. Mayor Fətəlibəyli Almaniyanın ən yüksək medalı olan "Dəmir xaç" aldı. Müharibənin gedişində ən nüfuzlu Alman qəzetlərində Azərbaycanın üçrəngli bayrağı əks olundu. Çar Rusiyası bizi "tatar", Bolşeviklər isə "Azərbaycanlı" adlandırdı. Məqsəd xalqın yaddaşını milli kimliyi - Türklüyü silmək idi.

II Dünya müharibəsindən sonra ABŞ və SSRİ arasında soyuq müharibə başlayanda amerikalılar sovetlərdən üz döndərmiş insanları da əməyindən istifadə etməyi qərara aldı. Təbii ki, ilk yada düşən isimlərdən birincisi Abo bəy idi. 1953-cü il martın 1-də ABŞ dövlətinin maliyyələşdirdiyi "Bolşevizmə Mücadilə Kordinasiya Şurası" tərəfindən istiqamətləndirilən "Azadlıq radiosu" (əvvəl Qurtuluş adlanırdı) verilişlərə başladı. Radionun Azərbaycan xidmətinin ilk baş redaktoru da Ə.Düdənginski oldu. İlk veriliş 1953-cü il martın 6-da Abo bəyin səsi ilə efirə çıxdı. Radioda Sovetlərin və Kremlin siyasəti kəskin tənqid edilirdi.

Buna da bax: «Danışır Azadlıq radiostansiyası! Həmvətənlər, nəhayət!..» - II hissə

Əbdülrəhman Düdənginskinin Almaniyada öldürüldükdən sonra gizlədilmiş cəsədi.
Əbdülrəhman Düdənginskinin Almaniyada öldürüldükdən sonra gizlədilmiş cəsədi.

Təbii ki, Sovet DTK-sı bu işə biganə qala bilməzdi. Abo bəyin varlığı və fəaliyyəti onları narahat edirdi. Qatili axtarmaq çox vaxt aparmadı. Vaxtilə Abo bəylə çiyin-çiyinə vuruşan öz həmyerlisi Mikayıl İsmayılov bu qətli vəhşicəsinə yerinə yetirdi. Deyilənlərə görə bu qətli yerinə yetirsin diyə Mikayılın ailəsini Sovet DTK-sı girov götürmüşdü.

1954-cü ilin 20 noyabr Abo bəyin keşməkeşlərlə, sıxıntılarla dolu həyatının sonuncu günü oldu. Bu böyük insan əbədiyyata qovuşdu. Hər şeydən xəbərsiz Azərbaycan xalqı isə həmin vaxt "Sosializm yarışlarında qələbə çalmağa çalışır", "Keçici bayraqlar alır" “7 noyabr və 1 may nümayişlərində "URA" deyərək şüarlar söyləyirlər.”

Abo bəyin qəbri Münhen şəhəri yaxınlığındakı Nyu-Ulm qəbirstanlığındadır. Abo bəy haqqında polemikalar səngimir, Komminist Bolşevik fikirli insanlar hələ də bu böyük şəxsiyyətə iftira atmaqdan yorulmur. Abo bəyi sevənlər isə nədənsə pıçıltı ilə söyləyirlər.

- Ə.Düdənginski gərçək bir qəhrəman idi.

- Ə.Düdənginski 1918-ci ildə qurulan AXC-nin Bolşevik diktaturası tərəfindən işğal edilməsini həzm edə bilmədi.

- Ə.Düdənginski Azərbaycan xalqının yenidən Azadlığa, Hürriyyətə qovuşacağı günə inandı, bunun uğrunda mübarizə apardı və şəhid oldu.

Pərviz Zeynalov.
Pərviz Zeynalov.

Müəllifi: Pərviz Zeynalov

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG