Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:43

Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'


Bakıda məscid
Bakıda məscid

Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına dair iclasında dövlət başçısı İlham Əliyevin çıxışı, kredit ittifaqlarının durumu, bloqqer Mehman Hüseynovu polisin saxlaması və buraxması bu gün medianın aparıcı mövzusudur...

İSLAM HƏMRƏYLİYİ MƏRKƏZİ

«Azərbaycan» qəzetində «Azərbaycan İslam həmrəyliyinin mərkəzinə çevrilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif bildirir ki, dövlət başçısı İlham Əliyev 2016-cı ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasındakı çıxışında 2017-ci ili «İslam həmrəyliyi ili» elan edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan 2016-cı ildə inamla inkişafını davam etdirib. Artıq Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilən ölkələr sırasında yer alır.

Prezidentin bildirməsinə görə, yola salınan ildə ölkədə 100 mindən çox iş yeri açılıb. İndi qeyri-neft sektorunun inkişafı gələcəyə nikbinliklə baxmağa əsas verir.

Məqalədə İ.Əliyevdən Qarabağ problemi ilə bağlı sitat da gətirilir: «Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Heç vaxt bu vəziyyətlə barışmayacaq».

Dövlət başçısı 2016-cı il aprelin 2-dən 5-əkimi Qarabağ cəbhəsindəki hərbi əməliyyatları da dəyərləndirib: «Bu, bizim şanlı tarixi qələbəmizdir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik».

Dövlət başçısı keçən ilin sentyabrında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən ümumxalq referendumunu da yaddan çıxarmayıb: «Azərbaycan xalqı ötən il keçirilmiş referendumda bir daha öz iradəsini ifadə etdi. Bizim siyasətimizə öz böyük dəstəyini verdi. Referendum şəffaf, ədalətli, azad şəkildə keçirildi».

Natiq Cəfərli
Natiq Cəfərli

«AUTSAYDERLƏR BEŞLİYİ»

«Novoye Vremya» qəzetində «Ölkə iqtisadiyyatı ciddi islahatlara ehtiyac duyur» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif hakimiyyət rəsmilərindən fərqli olaraq hesab edir ki, 2016-cı il Azərbaycanda dərin sosial-iqtisadi böhran ili kimi yadda qalıb.

Ekspert Natiq Cəfərli də 2106-cı ili iqtisadi baxımdan mürəkkəb il sayıb: «2016-cı ildə Azərbaycanda ümumi daxili məhsul(ÜDM) 4 faiz azalıb ki, bu, MDB miqyasında ən pis göstəricidir. Dünya miqyasında isə ölkə «autsayderlər beşliyi» qrupundadır. İnflyasiya 12 faiz həddindədir, ərzaq malları 10 faiz bahalaşıb, manat dollara nisbətdə daha 16 faiz ucuzlaşıb».

Ekspert deyib ki, ölkədə valyuta qıtlığını aradan qaldırmaqdan ötrü 12 milyard dollar lazımdır.

N.Cəfərliyə görə, ölkə 2017-ci ilə qida məhsullarının bahalaşması, milli valyutanın devalvasiyası, neftin qiymətinin ucuzlaşması, inflyasiyanın sürətlənməsi kimi problemlərlə daxil olub.

Ekspert Oqtay Haqverdiyev isə qəzetə mövzu ilə bağlı bunları deyib: «Dövlət iqtisadiyyatında durum o qədər mürəkkəb və qeyri-sabitdir ki, yaxşı nəsə gözləməyinə dəyməz. İkirəqəmli inflyasiya göstərir ki, iqtisadiyyat super durğunluq durumundadır».

Ekspert əlavə edir ki, ölkənin bank sistemi özünün kreditləşmə kimi əsas funksiyasını yerinə yetirə bilmir. Çünki bankların pulu yoxdur.

O.Haqverdiyevə görə, ən pisi budur ki, ölkədə böhranın hansı mərhələdə olduğu bilinmir: «Biz bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa ona doğru gedirik. Odur ki, nikbinlik üçün əsas yoxdur. Bir sözlə, ölkə iqtisadiyyatının ciddi islahatlara ehtiyacı var».

Əli Kərimli
Əli Kərimli

«BLOQQERDƏN QİSAS ALIRLAR»

Azadliq.info saytında «Mehman Hüseynovdan oğruların qisasını alırlar» sərlövhəli yazı oxumaq olar.

Yazının müəllifi AXCP sədri Əli Kərimlidir.

AXCP sədri yazır ki, bloqqer M.Hüseynovun saxlanması onun vəzifəli şəxslərə aid olduğu deyilən mülklərin foto və videolarını sosial şəbəkələrdə yayması ilə bağlıdır: «Mehman Hüseynovdan ifşa etdiyi oliqarxların qisasını alırlar».

Ə.Kərimli hesab edir ki, dövlət hakimiyyəti rəsmən oliqarxların, büdcə oğrularının keşiyində durub: «Dövləti o qədər kiçildib, gülünc günə qoydular ki, indi bu boyda dövlət aparatı bloqqer Mehman Hüseynovun şərlənməsi üçün səfərbər edilib. Mehman Hüseynovu şərləyib həbs etmək əvəzinə, düşünün ki, bu gənc bloqqeri xalq niyə bu qədər sevir? Başa düşün ki, xalq sizlərin oğru olduğunuzu onsuz da bilir».

AXCP sədrinin fikrincə, bu ölkədə kimin kim olduğunu xalq hamıdan yaxşı bilir: «Mehmanla, Mehmansız da sizlərin böyük əksəriyyətinizin büdcə oğrusu olduğunuzu, azğın və dəbdəbəli həyat tərzi keçirdiyinizi xalq bilir. Sadəcə, Mehman bəy xalqın onsuz da bildiklərini əyani şəkildə, faktlarla çəkib göstərir».

Ə.Kərimli hesab edir ki, hakimiyyət zorakı üsullarla heç nəyə nail olmayacaq: «Mehman Hüseynovun saxlanması sizləri ifşalardan qorumayacaq. Hər gün, hər addımda ifşa olunacaqsınız, oğrular!»,-deyə AXCP sədri yazır.

Əkrəm Həsənov
Əkrəm Həsənov

KREDİT İTTİFAQLARI BAĞLANMAQDA DAVAM EDƏCƏK

«Exo» qəzetində «Sonun əvvəli: Azərbaycanda kredit ittifaqları bundan sonra da bağlanacaq» sərlövhəli məqalədə bu qurumların gələcək taleyi ekspert Əkrəm Həsənovla müzakirə edilir.

«Azərbaycanda kredit ittifaqları bundan sonra da bağlanmaqda davam edəcək. Bu meyl digər qeyri-kredit qurumlarını da əhatə edəcək»,- deyə Ə.Həsənov qəzetə bildirib.

Ekspertin fikrincə, belə addımlara səbəb isə bu qurumların qanunvericiliyin tələblərini pozması və qarşılarına qoyulan tələbləri yerinə yetirməmələridir. Ə.Həsənov deyib ki, bütün bu prosesdə pullarını bu qurumlara etibar edən vətəndaşların əziyyət çəkəcəyi təəssüf doğurur.

Ekspert vurğulayıb ki, qanunvericilik bu kredit ittifaqları qarşısına minimal tələblər qoysa da, onlar belə yerinə yetirilməyib. Ə.Həsənovun deməsinə görə, yalnız öz üzvlərinə kredit verməli olan bu ittifaqlar bu formatı aşıblar: «Artıq elə mühit yaranmışdı ki, bütün arzu edənlər kredit ittifaqı yarada bilirdilər və son 20 ildə kredit ittifaqları daim qanunvericiliyin pozulduğu yer olublar. Odur ki, 12 belə qurum lisenziyadan məhrum edilib və bu proses davam edəcək».

Ə.Həsənov xatırladıb ki, 2016-cı ilin sentyabrında ölkədə 109 kredit ittifaqı fəaliyyət göstərib. Elə həmin ildə 11 maliyyə institutunun fəaliyyətinə son verilib. 2016-cı ilin sonunda Azərbaycan bank sisteminin ümumilikdə aktivlərinin həcmi 32 milyard manata yaxın olub.

XS
SM
MD
LG