Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:40

Cəmil Həsənli: 'İslahatlara başlıca maneə İlham Əliyevdir'


İlham Əliyev Ağdamda.
İlham Əliyev Ağdamda.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr edilən iclası, iri dövlət şirkətlərinin gəlir və xərclərinə nəzarətin artırılması bu gün medianın əsas mövzularıdır...

BÖYÜK ZƏFƏR

«Azərbaycan» qəzetində «Azərbaycanın müdafiə qabiliyyəti daha da artıb» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 2016-cı ilin yekunlarına dair Nazirlər Kabinetinin bu günlərdə keçirilən iclasında dövlət başçısı İlham Əliyev Azərbaycan ordusunun gücünü yüksək qiymətləndirib: «2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurdu. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum keçdi və minlərlə hektar torpağı işğaldan azad etdi».

Məqalədə qeyd edilir ki, prezident İlham Əliyev də həmin döyüşlərdən sonra cəbhə bölgəsinə səfər edərək, orada yaşayan mülkü əhali ilə görüşüb: «Təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, səngərdə dayanan hərbçilərlə görüşü cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin, şücaətinin göstəricisidir».

Müəllif vurğulayır ki, aprel döyüşləri zamanı qarşı tərəfə həm texniki, həm də canlı qüvvə baxımından ciddi zərbələr vurulub.

Məqalədə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlar, onların təyinatı barədə də geniş məlumat verilir. Maddi-texniki baxımdan ölkənin müdafiə qüdrətinin hər il artırıldığı bildirilir: «Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan ordusu Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında istənilən an torpaqlarımızı azad etmək iqtidarındadır!».

Cəmil Həsənli
Cəmil Həsənli

«ÖLKƏDƏ TALANÇI ŞƏBƏKƏ VAR»

Azadliq.info saytında «Sonuncu müşavirə bir daha göstərdi ki, islahatların yolunda başlıca maneə İlham Əliyevin özüdür» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Milli Şura sədri Cəmil Həsənlinin Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına dair bu günlərdə keçirilən iclası ilə bağlı düşüncələrinə yer verilib.

C.Həsənli yazır ki, bu iclas özü ölkədə böhranın hansı fəlakətli həddə gəlib çatdığını nümayiş etdirdi: «Ən böyük dərd odur ki, bu dövləti idarə edənlər real həqiqətləri görüb ölkəni düşdüyü vəziyyətdən çıxarmaq istəmirlər».

Milli Şura sədri qeyd edir ki, yeridilən səhv siyasətin nəticəsi olaraq ölkədə işləyənlərin yarıya qədərinin, pensiyaçıların isə yarıdan çoxunun günlük gəliri2-3 dollar səviyyəsinə enib.

Milli Şura sədrinə görə, təkcə bu faktın özü ölkənin hansı uçuruma gətirilib çıxarıldığının aydıngöstəricisidir.

Müəllif cəmiyyətdə formalaşan «İlham Əliyev bu komanda ilə islahat apara bilməz» düşüncəsinə də cavab verir: «Mövcud acınacaqlı duruma toxunan bəziləri belə bir fikir səsləndirirlər ki, cənab İlham Əliyev bu komanda ilə islahat apara bilməz. Lakin sonuncu müşavirə bir daha göstərdi ki, islahatların yolunda başlıca maneə komanda deyil, İlham Əliyevin özüdür».

C.Həsənli yazır ki, böyük korrupsiya halları tək nazirlərin əməli ola bilməz: «Deməli, bu şişirtmələr büdcə vəsaitlərini oğurlamaq, ölkəni talayıb hazırkı acınacaqlı duruma salmaq üçün razılaşdırılmış bir şəbəkə olub və hazırda da davam edir. Necə olur ki, nazir 10 il ərzində hər ay 300 min manat paket alır, bunun iki mislini də ayrı bir nazirə göndərir, ancaq prezidentin bundan xəbəri olmur?».

Milli Şura sədri iclasda bu suallara cavab vermək əvəzinə, müstəqil iqtisadçıların təhqir olunmasını yersiz sayır.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

BÜDCƏ AĞIR DURUMDA OLMASAYDI…

«Exo» qəzetində «Azərbaycanda dövlət şirkətlərinin gəlir və xərclərinə nəzarət ediləcək» sərlövhəli məqalədə ekspert Oqtay Haqverdiyevin dəyərləndirmələri təqdim edilir.

«Əgər Azərbaycan büdcəsi indiki ağır durumda olmasaydı, heç bir qənaətdən söhbət getməyəcəkdi. İndi isə büdcəyə pul lazımdır, üstəlik, neftin qiyməti də aşağı səviyyədədir. Bundan irəli gələrək Nazirlər Kabineti iri dövlət şirkətlərinin gəlir və xərclərinin smetalarının tərtibi, habelə bu smetaların icrasının monitorinqi qaydalarını təsdiq edib»,- O.Haqverdiyev qəzetə deyib.

Ekspertə görə,bir sıra dövlət şirkətləri özəlləşdirilsəydi, daha təsirli nəticələr əldə oluna bilərdi.

O.Haqverdiyev deyib ki, bəzidövlət şirkətlərinin ciddi borcları yaranıb.

Ekspert hesab edir ki, bu qurumlar həmin borcları ödəyə bilsəydilər, dövlətin yükü xeyli yüngülləşərdi

O.Haqverdiyev hesab edir ki, buradan yeganə çıxış yolu bir sıra dövlət şirkətlərini özəlləşdirməkdir: «Əksər özəl şirkətlər vergiləri nizamla ödəyir, hansı ki, bunu dövlət şirkətləri haqda demək çətindir».

O.Haqverdiyev qeyd edib ki, nəzarətin gücləndirilməsi ağır maliyyə durumundan irəli gəlib. Neft gəlirləri kəskin azalmasaydı, bu şirkətlərin dövlət vəsaitini necə talan etmələri yada düşməyəcəkdi.

Dollar
Dollar

«DOLLAR 3 MANATA YAXINLAŞA BİLƏRDİ...»

«Bizim Yol» qəzetində ««Qara bazar» ləğv olunacaq, dollar qıtlığı aradan qalxacaq» sərlövhəli məqalə diqqəti cəlb edir.

Qəzetə danışan ekspertlər hesab edirlər ki, Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manat ayrılması məcburiyyətdən doğan addım olub. Hökumət pul ehtiyatlarını makroiqtisadi sabitliyə qurban verib.

Ekspertlərdən Natiq Cəfərli bu addımı düzgün sayır və hesab edir ki, bu, Mərkəzi Bankın valyuta bazarında yerini bərpa edəcək. Onun fikrincə, bazarda tək oyunçu kimi Neft Fondunun qalması ajiotaja səbəb olub: «Necə ki, son iki ayda bunu daha ciddi şəkildə gördük: valyuta satışı azaldı, valyutaya çıxış imkanları məhdudlaşdı. Bu da ölkədə daha ciddi fəsadlar yaratdı. Çünki valyutaya çıxış imkanının olmaması «qara bazar»ın yaranmasına səbəb oldu. Bu da heç yaxşı hal deyil».

Onun fikrincə, hökumət dolların məzənnəsinin 2 manatı keçməsini istəmir. Odur ki, bu, addım bir müddət maliyyə bazarında sabitliyin yaranmasına xidmət edəcək. N.Cəfərli qeyd edib ki, əgər banklar valyuta satışlarını həyata keçirməyə başlasalar, «qara bazar» sıradan çıxacaq.

Ekspert Əkrəm Həsənova görə də, bu, müsbət addımdır. Əks halda, dollar 3 manata yaxınlaşa bilərdi: «Artıq, belə ağır ssenariləri görməyəcəyik. Düzdür, manatın devalvasiyası qaçılmazdır və onsuz da addım-addım dəyərdən düşəcək. Ancaq elə də ciddi və kəskin devalvasiya olmayacaq».

XS
SM
MD
LG