Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:56

AB-nin 'xımır siyasəti'


Donald Tusk İlham Əliyevlə görüşdə insan haqlarından danışdı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

«EUobserver» qəzeti Avropa Birliyinin Azərbaycanla bağlı «xımır siyasət» yürütdüyünü yazır və bunun həm də birliyə xələl gətirəcəyini bildirir.

Məqalənin müəllifi – «Human Rights Watch» beynəlxalq insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia-dır.

Müəllif diqqəti hər şeydən öncə Brüsselin İlham Əliyevin səfər tarixini öncədən açıqlamamasına çəkir, bunun şübhəli olduğunu yazır. Azərbaycan prezidenti İlham Əliyev Brüsselə fevralın 6-da Azərbaycanla AB arasında razılaşmayla bağlı danışıqların açılışına gedib.

BAKININ AB-YƏ TƏSİRİ

G.Gogia-nı təəccübləndirən onun yanvarda, AB rəsmiləriylə görüşlərində bu səfər haqda bilgi ala bilməməsidir. Gogia-nın sözlərinə görə, Bakının şəffaf olmaması gözləniləndir, Azərbaycan hökuməti ictimai rəyə və məsuliyyətə həmişə bu cür münasibət göstərib. Hökumətin tənqidçilərinə, siyasi fəallara və jurnalistlərə basqıları da bu münasibətdən qaynaqlanır: «Amma prezidentin səfəriylə bağlı bilgini Brüsseldəkilərin gizli saxlaması Bakının şəffaflığa münasibətinin AB-yə də sirayət etdiyini təsdiqləyir».

Buna da bax-Mehman Əliyev: 'Hər şey Qərbin mövqeyindən asılı olacaq'

Müəllif AB-nin öz öhdəliklərinə sədaqət göstərməməsindən təəssüflənir. «AB-ni qorxudan nədir? Azərbaycanda insan haqlarıyla bağlı durumun tənqid ediləcəyinin qaçılmaz olduğunu anlayır, Bakıya islahat aparmaqdan ötrü təzyiq göstərə bilməyəcəyindən qorxur?», – deyə sual verir.

Yazıda Azərbaycanın tənqidlərə layiq olduğu vurğulanır, Əliyev hökumətinin müxalifətçiləri həbsə atdığı, təqib və təzyiqlərə məruz qoyduğu, müstəqil qrupların fəaliyyətinə imkan vermədiyi, hətta AB-nin donorlarını Azərbaycandan uzaqlaşdırdığı xatırladılır: «Amma bu, AB-ni, deyəsən, o qədər də maraqlandırmır. AB iqtisadi mənfəətini güdür və ona can atmaqdadır».

Giorgi Gogia
Giorgi Gogia

«TƏLƏSDİLƏR»

Əslində, Avropadakı qurumlar Azərbaycan hökumətini insan haqlarının durumuna görə az tənqid etməyiblər. Hətta Avropa Parlamentinin 2014 və 2015-ci illərdə qəbul etdiyi qətnamələr Bakının ciddi narazılığına səbəb olub, 2015-ci ildə Azərbaycan hökuməti AB ilə dialoqu, demək olar ki, tamamilə dayandırmışdı.

Amma 2016-cı ildə bir neçə siyasi fəalı azadlığa buraxmaqla Azərbaycan hökuməti durumu dəyişməyə nail oldu. «AB-dəkilərin çoxu özlərini irəli atıb Əliyevi təbrik etdilər, sonra da bunu Azərbaycanın tənqidçilərə münasibətində dəyişiklik kimi qələmə verməyin yollarını axtarmağa başladılar», – yazan müəllif bundan sonra Azərbaycanla AB arasında münasibətlərin yavaş-yavaş yoluna düşdüyünü, 2016-cı ilin noyabrında isə Avropa Birliyi Şurasının Azərbaycanla danışıqlara start verdiyini yada salır.

Buna da bax-Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

«Amma AB tərifləri yağdırmağa çox tələsdi. Axı, o azadlığa buraxılan şəxslərin heç biri tutulmamalıydı. Və ən pisi, Azərbaycan hökuməti ona qarşı çıxan yeni fəalları barmaqlıların arxasına göndərməkdədir», – deyən müəllifin fikrincə, AB-nin bütün bunlara rəğmən münasibətləri yaxşılaşdırması, Azərbaycan hökumətiylə insan haqlarıyla bağlı inkişafa nail olmadan əməkdaşlıq etməsi qurum və qurumun prioritetləri haqda fərqli təsəvvür yaradır. Bu isə hər şeydən öncə təşkilatın özünə zərərdir.

ŞƏFFAFLIQ VƏ MƏSULİYƏT

«Azərbaycan liderinin ayaqları altına qırmızı xalı salmağa hazırlaşan AB rəsmiləri bu əməkdaşlığın onun prinsiplərinə – demokratiya, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlarla bağlı prinsiplərinə uyğun gəlməsinə əmin olmalıdırlar. Bu, qurumun öhdəliyidir», – müəllif xatırladır.

Yazıda şəffaflığın AB-nin öhdəliklərinin vacib elementi olduğu vurğulanır və müəllif Avropa rəsmilərini Azərbaycan hökumətiylə danışıqlarda şəffaflıq və məsuliyyətlə bağlı prinsiplərini gözardı etməməyə çağırır.

«AB qanunun aliliyinə və insan haqlarına hörmətlə yanaşan ölkəylə əməkdaşlıqdan daha çox şey qazana bilər, nəinki etimad doğurmayan tərəfdaşdan», – deyə müəllif qurumu Azərbaycan hökumətiylə əməkdaşlıqdan çəkindirməyə çalışır.

XS
SM
MD
LG