Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

Britaniya 'Azərbaycan pulyuyan maşını'na bağlı hesabı dondurur


İllüstrativ foto
İllüstrativ foto

Britaniya təhqiqatçıları Azərbaycanın bir neçə milyard dollarlıq çirkli pulyuma mexanizminə bağlı bank hesabını dondurub. Araşdırmaçı jurnalistlər pulların həmin sxem vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş əsas dörd saxta şirkət vasitəsilə yuyulduğunu üzə çıxarıblar.

Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) çərşənbə günü bildirməsinə görə, Hesabın Dondurulması Orderi «Azərbaycan pulyuyan maşını» ilə əlaqədar ilk addımdır. Bu order təhqiqatçılara şübhəli hallarda hesabları dərhal dondurmağa imkan verir.

200 milyard avroluq qalmaqal

NCA əlavə məlumat verməyib, yaxud dondurulmuş hesabın Danske Bank-a bağlı olub-olmadığını açıqlamayıb. Kopenhagendə yerləşən bu bank 200 milyard avroluq (227 milyard dollar) çirkli pulyuma qalmaqalının mərkəzində dururdu.

«Azərbaycanın pulyuyan maşını» Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmanın adıdır. Araşdırmaçı jurnalistlərin bu şəbəkəsi tədqiqatı Danimarkanın «Berlinske» qəzeti və digərləri ilə birlikdə aparıb.

İllüstrativ foto
İllüstrativ foto

Araşdırmada iddia olunurdu ki, Danske-nin Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul, bahalı hədiyyələr verib, pul yuyub.

Danske sentyabrda bildirib ki, Estoniya filialı 2007-ci ildən azı 2015-ci ilədək Rusiya kimi ölkələrdən şübhəli transferlərə kömək edib, bəzi qeyri-rezident müştərilər isə Britaniya MMC-ləri və Danimarkanın saxta şirkətlərindən istifadə edib.

Danske 4 şirkətin izinə düşüb

Danske-nin sentyabrda yaydığı daxili hesabatda deyilirdi ki, Estoniya filialının altı müştərisi «Azərbaycan pulyuyan maşını»na bağlı ola bilərdi. Onların hamısı Britaniya MMC-ləri olub.

Hesabata görə, Danske-nin Estoniya filialı 2017-ci ilin aprelində digər bank departamentləri ilə həmin dörd şirkət barədə təhlil paylaşıb. Bu şirkətlərin də son sahibi Azərbaycandan olub, 3 milyard dollarlıq tranzaksiya gerçəkləşdirib.

2014-cü ilədək Estoniyada Danske Bank-da işləmiş britaniyalı Howard Wilkinson şübhəli tranzaksiyalar barədə boslarına xəbər verib. O, ötən ay Avropa Parlamentinə deyib ki, illərdir Şotlandiya şirkətləri bu məsələdə istifadə olunur və Britaniyanın qalmaqaldakı rolu «biabırçılıqdır».

MMC-lər əsas sahiblərinə kimliklərini gizlətməyə imkan verir və onlar anonim şirkətlərə çevrilirlər.

NCA bildirib ki, Britaniyada qeydiyyatdan keçmiş şirkətlərdən istifadəni və Danske qalmaqalına bağlı bir sıra peşəkarları araşdırır. Burda «peşəkarlar» deyəndə inzibati, məşvərət və menecment xidməti göstərən hüquqşünaslardan, agentlərdən, bankirlərdən və müsahiblərdən söhbət gedir.

XS
SM
MD
LG