Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:17

Cümhuriyyətə həsr olunan yeni dərgi nəşrə başlayıb


«Çapar» dərgisi
«Çapar» dərgisi

İlk sayı Azərbaycan Cümhuriyyəti Parlamentinin 100-cü ildönümünə həsr olunan tarix dərgisi nəşrə başlayıb.

Dərginin baş redaktoru Dilqəm Əhmədin AzadlıqRadiosuna verdiyi xəbərə görə, aylıq tarix dərgisi kimi nəzərdə tutulan «Çapar»ın məqsədi Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir.

«Çapar» adlanan dərginin təsisçisi Yusif İlhamoğludur.

Dərginin ilk sayında baş yazı «Azərbaycan Parlamenti 100 yaşında» adlanır.

Jurnalın ilk müsahibi Azərbaycan Cümhuriyyəti Parlamenti, 1937-ci il repressiyası ilə bağlı suallara geniş cavab verən professor Ədalət Tahirzadədir.

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisisti Mirzəbala Məhəmmədzadənin 14 yaşında Bakıda nəşr etdiyi «Nəf-i elm, yaxud elmin sonu» adlı kitabçası ilk dəfə İlahə Xantəmirovanın təqdimatında latın qrafikasında verilib.

Dərgidə Yusif İlhamoğlunun «99 illik universitet necə quruldu?», Ceyhun Nəbinin «Əhməd bəy Ağaoğlunun Xalidə Ədib Adıvara cavabı», Orxan Cəbrayılın «Mühacir hərbçi Firudin bəy Daryal» yazıları, eləcə də polkovnik Vəli bəy Yadigarın xatirələri, İrəvanın Göy məscidinin 100 illik fotoşəkilləri, Şuşanın çar dönəminə aid təsvirləri verilib, Əmin Abid, Ömər Faiq, Üzeyir bəy Hacıbəyli kimi klassiklərin məqalələri dərc edilib.

Dərgidə hər ay Azərbaycan tarixində önəmli rol oynamış bir şəxsiyyətin həyatı geniş yer alacaq.

Dərgi dekabrın 24-dən satışdadır.

XS
SM
MD
LG