Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:11

Prezident hakimlərin sayını artırır və onlara ədalətli olmağı tövsiyə edir


Prezident İlham Əliyev bu gün, aprelin 3-də “məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama görə, bütün məhkəmələrinin sədrlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü onlar fəaliyyətlərində ədalətli olsunlar.

Habelə, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyi və Azərbaycan qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Cəza siyasətinin humanistləşdirilməsi

Bundan başqa, sənəddə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması məsələsinə toxunulur.

Bununla bağlı, bir sıra qurumlara müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmələri tövsiyə olunur və ya tapşırılır.

Eyni zamanda, daha bir sıra məsələlərlə də bağlı normativ hüquqi aktların layihələri hazırlanmalıdır.

İxtisaslaşmış məhkəmə

Orada sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxması öz həllini tapmalıdır. Bundan ötrü, vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxmaqdan ötrü ixtisaslaşmış məhkəmənin yaradılması öz həllini tapmalıdır.

Hakimlərin müstəqilliyi və sosial müdafiəsi

Həmçinin hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması da vacib sayılır.

Eyni zamanda, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılmasına da diqqət yetirilməsi zəruri sayılır.

Sənədə görə, cavabdeh qurumlar məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etməkdən ötrü bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsinə də diqqət verməlidirlər.

Onlar eyni zamanda, mülki, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə tərəflərin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsinə də nəzər yetirməlidirlər.

Sənəddə Məhkəmə-Hüquq Şurasına da bəzi tövsiyələr verilir.

“Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın”, sərəncamda yazılıb.

İntizam məsuliyyəti

Habelə, hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyü təmin edilməlidir.

Sərəncamda daha sonra da Ədliyyə Nazirliyinə tapşırılır ki, məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanı özəl qurumların həyata keçirməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və təkliflərini üç ay müddətində prezidentə çatdırsın.

Sənəddə həmçinin, Vəkillər Kollegiyasına da tövsiyə verilir. Bu qurum isə vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınmasından ötrü tədbirləri gücləndirməlidir

Hakimlərin sayı artırılacaq

Sərəncama görə, habelə məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə hakimlərin ümumi sayı 200 nəfər artırılmalıdır.

XS
SM
MD
LG