Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:58

Balkanlar Çinin qlobal ambisiyaları üçün 'ağır bədəl' ödəyəcək


Xi Jinping Serbiyada, 2016-cı il
Xi Jinping Serbiyada, 2016-cı il

Çin Prezidenti Xi Jinping 2013-cü ildə Qazaxıstanda Kəmər və Yol Təşəbbüsünü elan edəndən, bunu Asiyanı Avropaya birləşdirmək strategiyası kimi qələmə verəndən bəri Çin Qərbi Balkanlara daha dərindən nüfuz etməyə başlayıb. Xorvatiyada körpü tikintisi layihələri gerçəkləşdirən, Bosniyanın enerji infrastrukturuna sərmayələr qoyan, Serbiyadan 5G şəbəkəsini inkişaf etdirməyə çalışan Pekin Balkanları özü üçün vacib tranzit yoluna çevirib. Həm öz məhsullarının Avropaya ixracını gücləndirməyə, həm də Çinə birbaşa xarici investisiyanı artırmağa çalışır. “National İnterest” dərgisində Karina Barbesino və Kristine Lee yazırlar ki, hazırda Çinin Qərbi Balkanlarda ən güclü iştirakı Serbiyadadır, burada strateji dayaq nöqtəsi yaradıb.

“Ancaq Çinin Serbiyayla sıx münasibəti Sincan vilayətində müsəlman etnik azlığına qarşı hüquq pozuntuları fonunda qurulub və Serbiyayla Bosniya Herseqovinanın dərinləşən rəqabətini nəzərə alsaq, bunun regionda sabitsizlik yarada biləcəyini ehtimal etmək olar. Bosniyadakı serb çoxluğuna söykənən qurum – Republika Srpska (RS) Bosniyadan serblərin ayrılması hərəkatını yenidən gündəmə gətirib. 2018-ci ilin sonunda hakimiyyətə gəlmiş Bosniya Prezidenti Milorad Dodik-in bölücü baxışları və etnik-millətçi ritorikası, onun Serebrenitsa genosidində təqsirli bilinmiş keçmiş RS liderini müdafiə etməsi etnik gərginliyi alovlandırır”, –müəlliflər yazır.

Məqalədə qeyd olunur ki, Serbiya və Bosniyanın serb rəhbərliyi Çinə daha da yaxınlaşdıqca Pekin regiondakı onsuz da kövrək sabitliyi özünün qeyri-liberal elementlərinin əsirinə çevirir. Axı, Çinin bir milyondan çox uyğura qarşı repressiyası cəzasız qalıb; geosiyasi ağırçəkili qüvvə etnik azlığa qarşı pozuntuya yol verir və cəzasız qalırsa, bu, onun himayəsindəki digər insan hüququ pozucularını da dolayısı yolla rahatlaşdırır və səlahiyyət verir, elə RS ayırıcı hərəkatı kimi.

“Çinin Sincandakı vəhşiliklərinə görə məsuliyyət daşıyanlar cəzalandırılmasalar, bu, nə qədər ağlasığmaz görünsə belə, onun Balkanlardakı fəaliyyəti yalnız RS və digər Borniya serblərinin etnik-millətçi hisslərini cəsarətləndirə bilər. Unutmayaq ki, Balkanlarda sabitsizlik Avropa tarixində faciəvi münaqişələrə yol açıb. Avropanın barıt çəlləyində Çinin mövqeyini gücləndirməsi, ola bilsin, ilk qığılcımı alovlandırmaya bilər, ancaq daha bir Balkan böhranının təməlini atar”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG