Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:46

Çin 50 milyon nəfəri necə yedizdirəcək - Qərb mediası


Polis bağlanmış körpünü qoruyur
Polis bağlanmış körpünü qoruyur

Çində yeni koronovirusun episentri sayılan Vuhanda 11 milyon nəfər yaşayır. “The Associated Press” agentliyi şəhərə xüsusi gigiyenik vasitələrin, ərzağın, digər təchizat məhsullarının sərt nəzarət altında daşındığını yazır.

Vuhana giriş yanvarın 23-dən bağlanıb. Epidemiya səbəbindən hakimiyyət bu və digər qonşu şəhərlərdən 50 milyon nəfərin çıxmasına imkan vermir. Agentlik bu qədər adamın ərzaq və digər zəruri tələbat malları ilə təchizatından ötrü çox iş gərəkdiyini vurğulayır.

“Yangtze Daily” dövlət qəzeti elan edib ki, “Vuhan təcrid olunmuş ada deyil”.

Çin təcrübəsi

“AP” sayca Cənubi Koreya, yaxud Avstraliyanın əhalisindən də çox adama böyük məhdudiyyətlər qoymağı çox az hökumətin bacara biləcəyini qeyd edir. Ancaq hakim Kommunist Partiyasının cəmiyyətə total nəzarəti sayəsində bu mümkündür. Üstəlik, ölkənin 2002-03-cü illərdə SARS epidemiyası ilə mübarizə təcrübəsi də var.

17 qapalı şəhərdən ərzaq götürmək üçün çıxmağa bəzi yük maşınlarına icazə verilir. Dövlət mediasında yayılmış fotolarda nəzarət məntəqələrində növbə gözləyən yük maşınları görünür, sürücüləri maska taxıb. Ağ qoruyucu geyimdə olan polis sürücülərin qızdırmasını yoxlayır. İcazəsi olmayanlar geri qaytarılır.

Vuhanda məktəblər, kinoteatrlar, restoranlar bağlanıb. Bu sənaye mərkəzində Nyu York Sitidən daha çox əhali yaşayır. Metro və avtobuslar da işləmir, mərkəzi hissələrdə şəxsi maşınlardan istifadə qadağandır.

Giriş-çıxışı bağlanmış şəhərlərin hamısı Hubey vilayətində yerləşir. Yerli hökumət sakinləri göyərti, düyü, ət və tibbi ləvazimatla təchiz edəcəyini vəd edib.

Hökumət əhalini çaxnaşma yaratmamağa çağırıb.

Artıq Çində 9 min 692 yoluxma halı aşkarlanıb, 213 nəfər isə dünyasını dəyişib.

Epidemiyanın qlobal şirkətlərə təsiri

“Financial Times” isə koronovirusun Çində qlobal şirkətlərə təsirini araşdırıb.

British Airways, Lufthansa artıq Çinə birbaşa uçuşları dayandırıblar. Texnologiya şirkətləri, avtomobil istehsalçıları isə Çində zavodları bağlayırlar. İqtisadçılar ölkədə artımın azalacağı barədə xəbərdarlıq edirlər.

“Hazırda səyahət və turizmdən asılı şirkətlər iqtisadi ağrını hiss edir”, – “Capital Economics”də Asiya üzrə baş iqtisadçı Mark Williams deyib. Şirkət Çində artımın birinci rübdə yarıbayarı azalacağını proqnozlaşdırır.

Starbucks Çində 4 min 300 mağazasını bağladığını bildirir. Yüzlərlə McDonald’s restoranları, onlarla H&M və Uniqlo mağazaları da qapadılıb.

Hökumətin dəstəklədiyi Çin Sosial Elmlər Akademiyasında iqtisadçı Zhang Ming xəbərdarlıq edib ki, virus birinci rübdə Çinin iqtisadi artımını 5 faizdən də aşağı sala bilər.

XS
SM
MD
LG