Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

Qəhrəman tibb işçilərinin yaşantıları: alkoqol, intihar riski...


Moskvada xəstəxana
Moskvada xəstəxana

“Frans Pres” agentliyi koronavirus pandemiyasının onunla ön cəbhədə savaşan tibb işçilərinin psixologiyasına təsirini araşdırıb.

İngiltərədə tibb işçisi Steve iki ay öncə koronavirusa yoluxur, daha sonra həyat yoldaşı da xəstələnir. Onların hər ikisi sağalsa da, xəstəliyi oğlanlarına keçirməyin qorxusu ilə yaşayırlar.

“İşə qayıdandan sonra düz-əməlli yata bilmirdim, qorxurdum ki, virusu yenə evə gətirərəm, yenə xəstələnərəm”, – 46 yaşlı Steve agentliyə danışıb.

Tam qoruyucu geyimdə olan həkimlər, tibb bacıları, orta səviyyəli tibb personalı pandemiyanın əbədi imicinə çevrilib. Agentlik tibb işçilərinin hər gün ağır xəstələr və ölümlə üzləşməsinin özüylə stress və narahatlıq da gətirdiyini yazır.

Avropanın peşəkar qurumları və ekspertləri tibb işçilərinə psixoloji təsiri azaltmaq üçün dəstək istəyirlər.

Alkoqoldan istifadə artır...

“Travmadan sonrakı stress pozuntusu riski üçün gərəkən bütün inqredyentlərimiz var”, – Belçikanın zehni sağlamlıq eksperti Xavier Noel deyib. O, daha çox tibb bacılarının durumunun narahatlıq yaratdığını söyləyib, axı, onlar ağır xəstələrə, ölənlərə daha yaxındırlar.

Avropada koronavirusa iki milyondan çox insan yoluxub, 175 minədək xəstə dünyasını dəyişib.

Belçikada aparılan araşdırmalara görə, işini atmaq istəyən səhiyyə işçilərinin sayı həmişəkindən iki dəfə çoxdur. Bədbəxtlik hissinin səviyyəsi isə dörd dəfə artıb.

Başqa bir araşdırma tibb peşəkarları arasında alkoqoldan istifadənin artdığını üzə çıxarıb.

Fransa tibb işçilərinə dəstək assosiasiyası böhranla bağlı tibb işçilərindən gündə 70-dən artıq zəng aldığını bildirir. Hər 10 zəngdən yeddisini qadınlar edir. Bəzi zənglər “intihar riskinin qaçılmazlığını” göstərir.

İspaniyada 50 mindən artıq tibb işçisinin COVID-19 testi pozitiv çıxıb. Bu, ölkə üzrə ümumi yoluxmaların 22 faizi deməkdir.

“Depressiv simptomlar”

Madrid Complutense Universitetinin araşdırmasına görə, tibb işçiləri arasında narahatlıq yetişib, sorğu keçirilən 1200 tibb işçisinin yarıdan çoxunda “depressiv simptomlar” üzə çıxıb.

53 faizdə isə “post-travmatik stresə uyğun” əlamətlər görünüb, tədqiqatda deyilir.

“Çox qorxu yaradan ikinci dalğa baş verərsə, bu qrupa təcili psixoloji müdaxilə gərəkəcək”, – hesabatın müəlliflərindən Lourdes Luceno MorenoJesus Martin Garcia deyiblər.

Başqa bir araşdırma isə İtaliyanın pandemiyadan ən çox ziyan görmüş regionlarında hər 10 peşəkar tibb işçisindən 7-nin yorulub əldən düşdüyünü üzə çıxarıb. Hər 10-dan 9-u isə psixoloji stresdən əziyyət çəkib. Çoxu deyib ki, tez özlərindən çıxırlar, pis yatırlar, gecə pis yuxular görürlər, emosional durumları tez-tez pisləşir.

Ölü sayına görə ABŞ-dan sonra ikinci olan Britaniyada Laura Hyde Fondu gözlənən böhranla bağlı xəbərdarlıq edir. Bu fond 2016-cı ildə intihar etmiş tibb bacısının adını daşıyır. Qurum tibb bacılarından, həkimlərdən, orta personaldan xeyli zənglər aldığını bildirir. Fond ötən həftə “Zehni Sağlamlığın Maskası Yoxdur” adlı kampaniya başladıb, məqsəd pandemiyanın psixoloji təsiri haqda maarifləndirməni gücləndirmək, dəstək verməkdir.

Agentlik yazır ki, tibb işçilərinin dünyanın hər yerində “qəhrəman” adlandırılması da bəzən onları daha böyük təzyiqə məruz qoyur.

XS
SM
MD
LG