Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:21

Kütləvi immunitet nə vaxt yaranacaq – Qərb mediası


ABŞ-da tibb bacılarının etirazı
ABŞ-da tibb bacılarının etirazı

Hazırda dünyanın bəzi yerlərində koronavirusa yoluxmalar və ölüm hallarında azalma tendensiyası müşahidə olunsa da, digər yerlərdə virus geri qayıtmış kimi görünür. Müxtəlif ölkələr virusa nə qədər insanın yoluxduğunu müəyyənləşdirməyə çalışırlar.

Yeni koronavirus üçün kütləvi (sürü) immunitetinin həddi, hələlik, bəlli deyil. Kütləvi immunitetin yaranması o deməkdir ki, virus ondan sonra daha geniş yayıla bilmir. Bir çox ekspertlərin fikrincə, bu, 60 faizdən yuxarı olmalıdır.

“The New York Times” qəzetində Nadja Popovich və Margot Sanger-KatzMay yazırlar ki, İsveç və qısa müddətdə Britaniya məhdud karantin qaydaları tətbiq etməklə əhalidə immunitet formalaşdırmağa çalışıblar. Ancaq hətta bu ölkələrdə belə, araşdırmalar əhalinin 7-17 faizinin indiyədək yoluxduğunu üzə çıxarıb.

60-80 faiz yoluxarsa...

ABŞ-da koronavirusun episentri sayılan Nyu York şəhərində mayın əvvəlində sakinlərin 20 faizə qədəri yoluxmuşdu. Bunu rəsmilər sorğu əsasında müəyyənləşdirib. Oxşar sorğular koronavirusun ilk dəfə baş qaldırdığı Çində də aparılıb, ancaq nəticələr bəlli deyil. Vuhan şəhərində bir xəstəxanada aparılan tədqiqata görə, işə qayıtmağa çalışanların 10 faizə qədəri artıq virusu keçirib.

Ümumilikdə isə bu araşdırmalar kütləvi immunitetin “tezliklə yaranmayacağını” göstərib, bunu Harvard T.H. Chan İctimai Səhiyyə Məktəbinin epidemioloqu Michael Mina deyib.

Bir çox epidemioloqlar inanırlar ki, əhalinin 60-80 faizi virusa yoluxa və müqavimət formalaşdırarsa, kütləvi immunitet yaranmış olar. Daha aşağı səviyyədə immunitetin yaranması isə xəstəliyin yayılmasını nə cürsə yavaşıda bilər.

“Bunu qısa müddətdə təhlükəsiz formada formalaşdırmağın yaxşı yolunu bilmirik. Bundan ötrü virusu başlı-başına buraxmalıyıq, amma məncə, cəmiyyət bu yanaşmanı qəbul etmir”, – Dr. Mina deyib.

Yeni tədqiqatlarda bədəndə yaranmış anticisimlər öyrənilir, yəni yoluxma baş veribsə, immun sistemi protein formalaşdırır. Bu testin üstünlüyü odur ki, xəstələnmiş, amma simptomları büruzə verməmiş şəxsləri müəyyənləşir. Lakin mənfi tərəfi odur ki, bu testlər bəzən düz çıxmır.

Vaşinqton Universitetindən biologiya professoru Carl Bergstrom da bu tədqiqatların bitkin olmadığını deyir. Onun sözlərinə görə, kütləvi immunitetin səviyyəsi məkana, sıxıq və sosial ünsiyyət kimi faktorlara görə dəyişir.

Əgər xəstəlik indi güman olunduğundan daha asanlıqla yayılarsa, yoluxma həddi böyük ola bilər.

Bir məqam da odur ki, adamların koronavirusa qarşı immunitet qazandığı bəlli olsa da, onun nə qədər qaldığı, nə qədər möhkəm olduğu mübahisəlidir.

Sadəcə, yoluxma azalır

Harvarddan Dr. Mina isə kütləvi immuniteti xəstəliyin yayılmasını azaldan yanğınsöndürmə baryeri ilə müqayisə edir. Onun sözlərinə görə, virusa yoluxmuş şəxs hər kəsin həssas olduğu bir otağa girirsə, ortalama 2-3 nəfəri yoluxdura bilər.

“Amma otağa girirsiniz və həmin otaqdakı dörd nəfərin üçündə immunitet yaranıbsa, ortalama bir, yaxud ondan da az yoluxma baş verəcək”, – o vurğulayıb.

Johns Hopkins Universitetinin epidemiologiya professoru Gypsyamber D’Souza isə deyir ki, hətta kütləvi immunitet halında belə bəzi adamlar xəstələnəcəklər: “Sadəcə, yoluxma riskiniz daha az olacaq”.

Müəlliflər yazırlar ki, hər il qrip mövsümündə ABŞ əhalisinin təxminən yarısının qripə yoluxma riski yaranır. Bu xəstəlikdən ölüm səviyyəsi 0,1-0,2 faizdir. Nyu York şəhərində koronavirusdan ölüm səviyyəsi isə yoluxanların 1 faizi civarında olub.

“Hər il qrip mövsümünün əvvəlində 328 milyon amerikalının hamısı ona yoluxma riskilə üzləşmir. Ancaq COVID-19 başlayanda 328 milyon amerikalının hamısının ona yoluxma riski vardı”, – Kaliforniya Universitetinin professoru Andrew Noymer deyib.

Artıq dünya üzrə COVID-19 xəstəliyindən ölənlərin sayı 360 mini keçib, 5,8 milyondan artıq təsdiqlənmiş yoluxma qeydə alınıb.

XS
SM
MD
LG