Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:06

Qarabağ yürüşündən sonra saxlananlar ailələrinə niyə zəng etmirlər


14 iyul yürüşündən sonra həbs olunan AXCP-çilər
14 iyul yürüşündən sonra həbs olunan AXCP-çilər

Bakıda 14 iyul Qarabağ yürüşündən sonra həbs olunan ictimai-siyasi fəalların hüquqlarının pozulduğu iddia olunur. Onların ailə üzvləri ilə görüş və həftədə iki dəfə telefonla danışmaq hüququnun məhdudlaşdırıldığı bildirilir.

Qarabağ yürüşünə görə həbs olunanlardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramid Nağıyevin atası Zəkrulla Nağıyev AzadlıqRadiosuna bildirib ki, oğlunun həbsindən ay yarım vaxt keçsə də, onunla nə görüşə bilir, nə də telefonla danışır:

"Bircə dəfə zəng eləyib – iyulun 24-də. Həm mənimlə, həm də anasıyla danışdı, paltar istədi. Məlumat verdi ki, onu Binədəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə aparıblar. Ondan sonra danışmamışıq. Nəsə aparanda qapıdan veririk, elə oradakılardan ümumi qaydada vəziyyətini soruşub, xəbər bilirik".

Vəkil də onunla görüşə bilməyib

R.Nağıyevin təkcə ailə üzvləri yox, vəkili də indiyədək onunla görüşə bilmədiyini deyir. Bu barədə AzadlıqRadiosuna danışan vəkil Aqil Layıc bildirib ki, dəfələrlə İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə getsə də, müvəkkili ilə görüşməyə imkan verilməyib. R.Nağıyev haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə onun iştirakı olmadan baxılıb.

Əli Kərimli: 'Həbsimə hazıram'
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Vəkil R.Nağıyevin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermişdi. Avqustun 28-də Nəsimi Rayon Məhkəməsində bu vəsatətə baxılanda vəkil Ramidin özünün iştirakının təmin olunmasını istədiyinə görə məhkəmə təxirə salınmışdı. Avqustun 31-də məhkəmə həmin məsələyə baxıb, amma bu dəfə də R.Nağıyevin özünü məhkəməyə gətirməyiblər. Hakim Babək Pənahov onun iştirakı olmadan işə baxıb və cəbhəçi gəncin azadlığa buraxılması barədə vəsatəti təmin etməyib. A.Layıc bu qərardan apellyasiya şikayəti verəcək.

Z.Nağıyev deyir ki, oğlunun yenə məhkəməyə gətirilməməsi onun durumuyla bağlı narahatlıqlarını daha da artırıb. Çünki Ramid həbs olunduğu ilk günlərdə onun işgəncəyə məruz qalması, durumunun ağırlığına görə Bakı İstintaq Təcridxanasında onun qəbul edilməməsi və bu üzdən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülməsi haqda məlumat yayılmışdı.

AXCP mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, təkcə R.Nağıyev deyil, Qarabağ yürüşündən sonra həbs olunan üzvlərinin heç birinin telefon danışığı və görüş hüququ təmin olunmur: "Ortada heç bir rəsmi qadağa qərarı olmadan adamların hüquqları pozulur. Yəqin ki, bu problemlə əlaqədar müvafiq orqanlara, ardınca da məhkəməyə müraciət olunacaq".

N.İbrahim
N.İbrahim

"Mənə cavab verirlər ki, "əgər özü istəsəydi...""

İctimai fəal Nicad İbrahimin xanımı Pərvin İbrahimli də AzadlıqRadiosuna deyib ki, həyat yoldaşıyla nə görüşə bilirlər, nə də telefonla danışırlar. Həyat yoldaşının iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək üçün evdən çıxıb gedəndə saxlandığını deyən P.İbrahimlinin sözlərinə görə, ilk-üç gün ərzində ümumiyyətlə, onun harada olması haqda heç bir xəbər ala bilməyiblər:

"İyulun 23-də vəkil dəqiqləşdirdi ki, həbs olunub, koronavirus yayma ittihamı veriblər. Ondan sonra Ombudsman Aparatına çoxsaylı müraciətlər etdim. Onların sayəsində bir dəfə - avqustun 5-də danışa bildik. Baş Prokurorluğa müraciət etmişəm, deyirəm, yoldaşımın bu hüquqları pozulur. Mənə cavab verirlər ki, "əgər özü istəsəydi, zəng eləyərdi, yəqin özü istəmir". Ombudsman Aparatından isə dedilər ki, onlar cavab alıblar, Nicada telefon və görüş qadağasının tətbiqi haqda müstəntiqin qərarı var".

P.İbrahimli əlavə edib ki, həyat yoldaşına ərzaq və paltar aparırlar. Arabir müəssisəyə zəng edib, onun durumunu soruşurlar. Cavab da belə olur ki, vəziyyəti yaxşıdır, narahatlığa əsas yoxdur.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu qurumun tabeliyində olan həbs yerlərində şəxslərin hüquq və azadlıqları qanunvericiliyə uyğun qaydada təmin olunur:

M.Sadıqov
M.Sadıqov

"Qanunvericilikdə nəzərdə tutulmuş qaydada telefon danışıqları, ailə üzvləri və vəkillə görüş hüququ təmin olunur. Karantin rejimi dövründə bu hüquqlar karantin qaydalarını gözləməklə təmin olunur - şüşə arxasından, maskadan istifadə etməklə və s. Əgər kiminsə hər hansı narazılığı varsa, həbsdə olan qohumlarına qarşı qanunazidd hərəkətə yol verildiyini düşünürsə, Penitensiar Xidmətə rəsmi qaydada müraciət etsin, məsələ araşdırılsın".

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu olaylarla bağlı cinayət işi açılıb. Amma rəsmilər konkret nə qədər adamın saxlandığı, onlardan nə qədərinin həbs edildiyini açıqlamayıb.

Yerli hüquq müdafiəçiləri həmin olaylarla bağlı 70 civarında şəxsin saxlandığını, onlardan 25 nəfərdən çoxunun cinayət işinə cəlb olunduğunu, haqlarında həbs-qətimkan tədbiri seçildiyini bildirir. Elə onlardan 15-dən çoxunun da AXCP üzvü olduğu qeyd edilir.

Bu cinayət işi üzrə həbs olunanlara, əsasən, özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə ümumiyyətlə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG