Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Azərbaycandan çıxan milyardlar, Gömrük Komitəsinin izahı


Pulyuma
Pulyuma

Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta çıxıb. Bu barədə Hesablama Palatasının son hesabatında bildirilir. Hesabata görə, həmin vəsaiti 7 rezident bank xaricə "müxbir hesaba göndəriş" adı altında ixrac edib: "Bu pul vəsaitlərinin də son təyinat ünvanı - xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb".

Aprelin əvvəlində Mərkəzi Bank Azərbaycanın ötənilki tədiyə balansına dair göstəriciləri açıqlamışdı. Bankın məlumatına görə, ölkənin tədiyə balansında 1 milyard 987 milyon 700 min dollar kəsir yaranıb. Qurumun açıqlamasına görə, tədiyə balansında kəsirin ən önəmli səbəbi 2.4 milyard dollar həcmindəki xalis kapital çıxışıdır. Bildirilir ki, kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiya formasında, 1.4 milyard dollarıq hissəsi isə "digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir.

Maltada qalmaqal: Azərbaycanın hakim ailəsi nədə suçlanır?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

10 ildə 95 milyard dollar…

Vaşinqtonda mənzillənən "Global Financial Integrity" təşkilatının son hesabatına görə, 2004-2013-cü illər ərzində Azərbaycandan orta hesabla hər il 9.5 milyard dollar kapital qanunsuz çıxarılıb. Təşkilatın məlumatına görə, bununla bağlı Azərbaycan 144 ölkə arasında 17-ci yerdədir. Ümumilikdə isə həmin 10 ildə Azərbaycandan qanunsuz 95 milyard dollar pul çıxarıldığı vurğulanıb.

Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta vəsaitlərinin ixrac olunması ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, Hesablama Palatasının hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir: "Qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir".

Məmurların pullarını xaricdən Azərbaycana necə qaytarmaq olar?
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

"Həmin vəsaitlər hər hansı bir müştərinin deyil"

Qurumdan qeyd olunub ki, həmin məsələ rəsmi qaydada və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib: "Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşımışdır. Həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olmuşdur".

Mərkəzi Bankdan vurğulanıb ki, ixrac olunan nağd xarici valyutanın 90 faizdən çoxunu avroda olan vəsaitlər təşkil edib:

"Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinaslar kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilmişdi. Bu səbəbdən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb".

Gömrük Komitəsi: "...milli qanunvericiliyə tamamilə uyğundur"

Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Azərbycan Dövlət Gömrük ( DGK) isə fərqli açıqlama yayıb.

Qurum bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb:

“Dövlət Gömrük Komitəsi bildirir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri tam yerinə yetiriblər”
Açıqlamaya görə, hüquqi şəxs olan rezidentlərin valyuta sərvətlərinin Azərbaycana köçürülməsi, nağd şəkildə gətirilməsi, habelə ölkədən köçürülməsi və nağd şəkildə çıxarılması "Valyuta tənzimi haqqında" Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir:
“Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən təqribən 1.1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılması rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.”

Açıqlamaya görə, Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi bu növ əməliyyatlar bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədini daşıyıb:

“Yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməzlər. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur”

Açıqlamada habelə bildirilir ki, Dövlət Gömrük Komitəsinin ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur:

“Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyəti qurumun funksiyalarına aiddir”

"Kriminal tərəf axtarmaq lazım deyil"

R.Quliyev
R.Quliyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan" agentliyinə deyib ki, bütün uyğunsuzluqlarda kriminal tərəf axtarmaq lazım deyil: "Məsələ ilə bağlı Mərkəzi Bank açıqlama verib və bu əsaslandırmanı təkzib edən hər hansı sənəd yoxdur. Azərbaycan dünya ticarət sahəsinə inteqrasiya edir. Maliyyə sistemi sahəsində çatışmazlıqlar hətta ən müdafiə olunmuş ölkələrdə də var. Bu, həm ABŞ-a, həm İngiltərəyə, həm aparıcı Asiya ölkələrinə də aiddir".

"Əgər nöqsanlar olsaydı…"

Komitə üzvünün fikrincə, Azərbaycandan 1.1 milyard manatın çıxarılmasında ciddi nöqsanlar olsaydı, dünya maliyyə sistemləri bunu qeyd edərdi: ""Money World" adlı proqram var. O, qanunsuz, şəffaf olmayan maliyyə əməliyyatların aparılması ilə bağlı proseslərin qarşısını alır. Əgər nöqsanlar olsaydı, ABŞ-da və digər ölkələrdə olan xüsusi maliyyə orqanları bunu qeydə alardı".

Deputat qeyd edib ki, beynəlxalq maliyyə sisteminin Azərbaycana münasibəti çox loyaldır.

"Yəni, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və aparıcı dünya bankları bizə kreditləri ayırır, məmnuniyyətlə bizimlə əməkdaşlıq edir, layihələrimizi maliyyələşdirirlər. Bir ciddi problem olsaydı, həmin təşkilatlar, o cümlədən pul köçürüldüyü ölkələr buna reaksiya verərdi, hər hansı materiallar üzə çıxardı, yoxlamalar başlayardı".

Q.İbadoğlu
Q.İbadoğlu

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, ölkə ərazisindən kənara vəsait köçürülməsi üzərində Mərkəzi Bankın nəzarəti var.

O qeyd edib ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, 2019-2020-ci illərdə Azərbaycandan xaricə rəsmi yollarla 3.2 milyard dollar vəsait çıxıb: "Bəzən pul rəsmi yolla çıxır, yəni, ölkəyə malları idxal etməsi adı ilə xaricə köçürülür. Sonra isə həmin pul xaricdə idxal malı alınmadan təyinatdan kənarlaşdırılaraq başqa məqsədlər üçün istifadə olunur".

"O sənədlər olmayanda həmin pul ölkəyə qayıtmır"

İqtisadçının sözlərinə görə, idxal malı almaq üçün pul köçürülürsə və xaricdəki hər hansı bir hesabda oturursa, sonra bundan ötrü müşayiətedici sənədlər olmalıdır: "O sənədlər olmayanda həmin pul ölkəyə qayıtmır".

Q.İbadoğlu vurğulayıb ki, 7 rezident bankların adı açıqlanmalıdır.

Həmin bankların adı açıqlanmadığından məsələyə onlardan isə münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG