Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:00

Azərbaycan ötən il hərbi xərcləri 17 faiz artırıb


Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında

SIPRI COVID-19 pandemiyasının dünyada hərbi xərclərə böyük təsir göstərmədiyini qeyd edir. Ötən il hərbi xərclər 2019-cu illə müqayisədə 2.6 faiz artıb

2020-ci ildə Azərbaycan hərbi xərcləri 17 faiz artırıb və bu, Şərqi Avropa ölkələri içində ən böyük artım sayılır. Artım əsasən Ermənistanla 44 günlük müharibə ilə bağlıdır.

Ermənistanın hərbi xərcləri isə ötən il 2.6 faiz azalıb.

Aprelin 26-da Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) hesabat yayıb.

Azərbaycan hesabatda dünyada hərbi xərc yükü böyük olan 10 ölkə sırasında yer alıb, ÜDM-nin 5.4 faizini orduya xərcləyib. Ermənistanda bu göstərici 4.9 faiz, Rusiyada 4.3 faizdir.

Müqayisə üçün, Oman ÜDM-nin 11 faizini orduya xərcləyib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirildi və Qarabağın üçdə ikisi separatçıların və Rusiya hərbçilərinin nəzarətində qaldı.

1.9 trilyon dollar

SIPRI COVID-19 pandemiyasının dünyada hərbi xərclərə böyük təsir göstərmədiyini qeyd edir. Ötən il hərbi xərclər 2019-cu illə müqayisədə 2.6 faiz artıb.

Qlobal miqyasda hərbi xərclər 1.9 trilyon dollar yüksəlib. Çili və Cənubi Koreya kimi ölkələr isə hərbiyə xərcləməyi planlaşdırdıqları vəsaitin bir hissəsini pandemiya ilə mübarizəyə yönəldiblər. Braziliya və Rusiyanın büdcədə nəzərdə tutulduğundan daha az vəsaiti orduya yönəltdiyi vurğulanır.

Hesabatın müəlliflərindən biri Dieqo Lopes da Silva 2020-ci ildə baş verənlərin gözlənilməz olduğunu deyib. “Kimsə düşünə bilərdi ki, pandemiyaya görə hərbi xərclər azalacaq”, – o, “Frans Pres”ə deyib.

“Görək ölkələr pandemiyanın ikinci ilində hərbi xərcləri bu səviyyədə saxlaya biləcəklərmi”, – da Silva söyləyib.

2020-ci ildə hərbi xərclərə görə öndə gedən beş ölkə Birləşmiş Ştatlar, Çin, Hindistan, Rusiya və Britaniya olub. Onlar qlobal hərbi xərclərin 62 faizi qədər vəsaiti orduya yönəldiblər.

Təhdidlərdən doğan artım

ABŞ-da hərbi xərclər 778 milyard dollar olub ki, bu da 2019-cu illə müqayisədə 4.4 faiz artım deməkdir. Birləşmiş Ştatlar 2020-ci ildə qlobal hərbi xərclərin 39 faizini əhatələyib. Artıq üçüncü ildir ABŞ-da hərbi xərclər artır.

SIPRI-nın tədqiqatçısı Aleksandra Marksteyner qeyd edir ki, ABŞ-ın hərbi xərclərində artım əsasən ölkənin nüvə arsenalının modernləşdirilməsi kimi uzunmüddətli layihələrin tədqiqatı və inkişafına sərmayələrlə bağlıdır.

Onun sözlərinə görə, bu həm də Çin və Rusiya kimi strateji rəqiblər tərəfindən hiss olunan təhdidlə əlaqədardır.

Çin isə hərbi xərclərə görə dünyada ikinci yerdədir. Çinin ötənilki hərbi xərclərinin 252 milyard dollar, 2019-cu ildən 1.9 faiz çox olduğu bildirilir.

Hindistanın hərbi xərcləri 72.9 milyard, Rusiyanınkı 61.7 milyard dollar olub.

SIPRI 2020-ci ildə NATO-nun üzvlərinin hamısında hərbi yükün artdığını qeyd edir. Alyansın 12 üzvü ÜDM-nin 2 faizini, yaxud ondan artığını hərbiyə xərcləyib və bununla da qurumun tətbiq etdiyi xərcləmə hədəfinə çatıb.

XS
SM
MD
LG