Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:22

AB-də yeniyetmələrə də peyvənd vurulmasına başlanır


Arxiv fotosu
Arxiv fotosu

Malayziya iyunun 1-dən iki həftəlik “tam lokdaun”a girib. Tayvan və Vyetnamda da COVID-19-a yoluxmalarda sıçrayış var.

Rumıniya və İtaliyada Avropa Birliyi (AB) məkanında ilk olaraq yeniyetmələrə də COVID-19-a qarşı peyvənd vurulmağa başlanır. Avropa Komissiyası BioNTech/Pfizer vaksininin yaşı 12 və yuxarı olanlara vurulmasını təsdiqləyib.

AB-nin icraedici qanadı vaksinlərlə bağlı qərarı mayın 31-də verib. Bir həftə öncə Avropa Dərman Agentliyi (EMA) vaksinin bu yaş qrupuna vurulmasını təsdiqləmişdi. İndi birliyin 27 üzvü ayrı-ayrılıqda yeniyetmələrə peyvənd vurulmasıyla bağlı qərar verməlidir.

Rumıniyanın Baş naziri Florin Citu isə vaxt itirməyib, 12 və yuxarı yaşlılara iyunun 1-dən peyvəndin vurula biləcəyini bildirib. İtaliya hökuməti də oxşar qərar açıqlayıb.

Avropada digər ölkələrin də buna gedəcəyi gözlənir, amma bəzilərinin ilkin hədəfi böyükləri və sağlıq problemləri olan uşaqları peyvəndləməkdir.

Birləşmiş Ştatlar

BioNTech/Pfizer vaksininin 12 və yuxarı yaşlılarda istifadəsi Birləşmiş Ştatlar və Kanadada da təsdiqlənib.

Bu arada Birləşmiş Ştatlar və Avropada vaksinasiya vüsət alır, yoluxmalar azaldıqca iqtisadiyyatlar açılır, qadağalar qaldırılır.

İlkin dövrdə vaksinasiyanın ləng getdiyi Fransada mayın 31-də 18 və yuxarı yaşlılara peyvənd vurulmağa başlanıb. Artıq böyüklərin yarısına azı bir, 20 faizdən çoxuna isə iki dozanın vurulduğu bildirilir.

ABŞ-da böyüklərin yarısı tam peyvənd olunub. Bir çox amerikalı qeyri-rəsmi olaraq yayın başlandığını göstərən üç günlük tətildən yararlanıblar.

Nəqliyyat Təhlükəsizliyi Administrasiyası ötən həftəsonu pandemiya başlanandan aeroportlarda ən yüksək sərnişin sıxlığının yarandığını bildirir. Amma rəqəmlər hələ ki pandemiyadan əvvəlki səviyyənin üçdə birinə bərabərdir.

Dünyanın digər yerlərində isə virus təhdidi qalmaqdadır.

Cənubşərqi Asiya, Cənubi Amerika

Malayziya iyunun 1-dən iki həftəlik “tam lokdaun”a girib. Son həftələr yoluxmalarda və ölü sayında artım olduğundan mayın əvvəlindən pandemiya qadağaları qüvvədədir.

Tayvan və Vyetnamda da COVID-19-a yoluxmalarda sıçrayış var.

Vyetnam ən böyük şəhəri Hoşimində 9 milyonluq əhalinin hamısını test eləməyi planlaşdırır. Mayın 31-dən qadağalar qüvvəyə minib.

İyunun 1-dən paytaxt Hanoydakı beynəlxalq aeroport xaricdən reyslərin qəbulunu dayandırır. Son bir ayda yoluxmalar iki dəfədən çox artıb.

Cənubi Amerikada isə Peru pandemiyadan ölü sayını iki dəfədən çox artırıb, səbəb yeni kriteriyanın tətbiqidir.

32.6 milyon əhali üzrə yeni ölü sayı 180 mindən çoxdur. Öncəki rəqəm isə 70 minə yaxın idi.

Latın Amerikası ölkələri içində yalnız sıx məskunlaşmış Braziliya və Meksikada virusdan yüksək ölüm göstəricisi qeydə alınıb.

XS
SM
MD
LG