Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:49

Məktəblərin 'delta' testi – Qərb mediası


Floridada dərslər başlanır
Floridada dərslər başlanır

“Elə bil heç vaksinlənməmiş kimi yaşayırıq. Restorana gedəndə də baxmalıyıq ki, bayırda otura bilərikmi, yoxsa yeməyi özümüzlə götürməliyik”, – Atlantanın peyvənd olunmuş 58 yaşlı sakini Steysi Hopkins deyib

ABŞ-da koronavirusun delta ştammının uşaqlar arasında yayılması bəzi məktəbləri dərslərin əyani formasına yenidən baxmağa vadar edir. “The Financial Times” qəzeti hökumətin məlumatlarına əsasən 10 ştatda avqust ərzində uşaqlar arasında yoluxmaların yanvardakı pik həddə yaxınlaşdığını hesablayıb. Bu da delta ştammının özəlliklə peyvənd olunmayanlar üçün necə bir təhdid yaratdığını ortaya qoyur, qəzet yazır.

“Son bir ayda uşaqlar arasında hospitalizaziya bütövlükdə pandemiya dövrünün ən yüksək həddinə çatıb”, – Florida Universitetinin pediatrı Sonya Rasmussen deyib.

Qəzet yazır ki, ABŞ-ın yeni təhsil ilini necə idarə etməsini Britaniya, Avropa, elə digər ölkələr də yaxından izləyir.

ABŞ xəstəxanalarında koronavirusa yoluxan uşaqların sayı artsa da, ümumi sayın kiçik bir hissəsini təşkil edirlər. Amma bu göstərici yayda bir sıra ştatlardakı rekord hospitalizasiya ilə eynilik təşkil edir.

Həkim Rasmussen deyib ki, uşaqların əvvəl virusa daha az yoluxmasının səbəbi sərt maska qadağası, sosial məsafə qaydaları idi. “İndi hamı məktəbə qayıdır, bəzi məktəblərdə maska tələbi yoxdur... nəticədə hospitalizasiya rəqəmləri yüksəlir”, – o vurğulayır.

Fasiləsiz döyüş

“Sanki döyüşü qurtarırsan, yaxşıca dincəlməmiş, öz vəziyyətin haqda düşünməyə macal tapmamış yenidən səni döyüşə itələyirlər”, – “Sanford Health” tibb mərkəzinin Şimali Dakotanın paytaxtı Bismark üzrə prezidenti Maykl Löbo “The New York Times”a deyib.

Qəzet epidemioloqlara istinadla ölkənin pandemik durumunun kövrək olduğunu yazır. Digər ölkələr isə gələcəklə bağlı çox az ipucu verirlər. Hindistanda və Britaniyada deltaya yoluxmalar kəskin azalıb, amma Britaniyada yenidən başlayıb. İsraildə vaksinasiyanın miqyasına baxmayaraq delta bu yay kəskin artıma səbəb olub.

Qəzet ABŞ-ın bir çox yerlərində məktəblərin açılmağa başladığını, amma yaşı 12-dən az olanlara hələ peyvənd vurulmadığını qeyd edir.

“Məni ən çox narahat edən hazırda düşdüyümüz vəziyyət deyil, onsuz da kifayət qədər pisdir. Haraya getməyimizdir”, – Kaliforniya Universitetindən Endrü Noymer qəzetə deyib. O, məktəblərin yenidən açılmasının effektinin hələ görünmədiyini vurğulayıb.

Qəzet ölkə boyunca əhalinin pandemiyanın hazırkı durumundan qəzəbli və məyus olduğunu yazır. Bəzi amerikalılar peyvəndlənib işlərinə davam etməyə qərarlıdırlar. Digərləri isə heç bitməyən Covid-dən baş açmadıqlarını, delta ştammından narahat olduqlarını, ictimaiyyət arasında nə qədər vaxt keçirmələrinə fikir verdiklərini deyiblər.

“Elə bil heç vaksinlənməmiş kimi yaşayırıq. Restorana gedəndə də baxmalıyıq ki, bayırda otura bilərikmi, yoxsa yeməyi özümüzlə götürməliyik”, – Atlantanın peyvənd olunmuş 58 yaşlı sakini Steysi Hopkins deyib.

Azərbaycan hələ tədris ilinin hansı formada başlanacağına qərar verməyib. Sentyabrın 1-dən özəl məktəblərdə əyani tədris başlansa da, Təhsil Nazirliyi sentyabrın 3-də onlara dərslərin onlayn formata keçirilməsi haqda təlimat göndərildiyini açıqlayıb.

XS
SM
MD
LG