Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:37

Maaş artımı kimləri sevindirəcək?


Minimum əmək haqlarındakı artım maaşla işləyən şəxslərin yarısının gəlirinə təsir edəcək
Minimum əmək haqlarındakı artım maaşla işləyən şəxslərin yarısının gəlirinə təsir edəcək

Tarif Şurasının kommunal xidmətlərlə bağlı növbəti qiymət artımı qərarından sonra "Əhalinin sosial rifahının qorunması haqqında" prezident sərəncamı imzalandı. Bu sərəncamda bahalaşmanın dolanışığa təsirini azaltmaq üçün gələn ilin büdcəsində maaş və sosial ödənişlərin artırılması tapşırıldı. Əmək və əhalinin sosial müdafiəsi naziri müavininin açıqlamasına görə, söhbət 20-40 faiz arası artımdan gedir. Ölkədə minimum əməkhaqqının 250 manat olduğu nəzərə alınsa, bu o deməkdir ki, 2022-ci ildə minimum maaş 300-350 manat civarında olacaq. Təbii sual doğur? Bu artım kimləri sevindirəcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilin əvvəlində açıqladığına görə, Azərbaycanda median (verilən maaşların ortasındakı) əməkhaqqı 343 manatdır. Başqa deyimlə, ölkədə maaş alanların tən yarısı 343 manatdan az əməkhaqqı alır. Bu baxımdan, minimum əmək haqlarındakı artımın maaşla çalışanların təxminən yarısına təsir edəcəyini demək olar. Onu da nəzərə almaq lazımdır ki, minimum əməkhaqqındakı artım təkcə bu maaşı alanların deyil, daha geniş əhali qrupunun gəlirlərinə təsir göstərəcək. Axı dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının misilləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin də maaşlarına təsir edəcək.

İki il öncə minimum əməkhaqqı artımından sonra rəsmi açıqlamada bildirilmişdi ki, bu dəyişiklik dövlət sektorunda çalışan 450 min, özəl sektorda çalışan 150 min, toplam 600 min insanın gəlir səviyyəsinə birbaşa təsir edib. Həmin dövrdə ölkədə muzdla çalışan 1 milyon 534 min işçi olub. Yəni minimum maaşdakı dəyişiklik bütün muzdla çalışan işçilərin təxminən 40 faizinin gəlirinə birbaşa təsir göstərib. İndi Azərbaycanda muzdla çalışan işçilərin toplam sayı 1 milyon 685 min nəfərdir. Onlardan 900 min 600 nəfər, yəni muzdlu işçilərin 53 faizi iqtisadiyyatın dövlət sektorunda çalışır. Daha 784 min 300 nəfər, yəni bütün işçilərin 47 faizinə yaxını isə özəl sektorda fəaliyyət göstərir.

İşləyənlərin yarısının maaşlarının artırılması uğurdurmu?

Bir daha xatırlatmağa dəyər ki, minimum əmək haqlarındakı artım maaşla işləyən şəxslərin təxminən yarısının gəlirinə təsir edəcək. Hökumət bunu uğur sayır. Bəs doğrudan da minimum əməkhaqqı artımının əhalinin bütün qruplarının gəlirinə təsir göstərəcəyini demək olarmı?

İki səbəbdən bu təsir çox məhdud dərəcədə olacaq. Bu səbəblərdən biri Azərbaycanda kölgə iqtisadiyyatının miqyasca böyüklüyüdürsə, digəri vergidən yayınma hallarının çoxluğudur. Hər iki səbəb birbaşa dövlətin iqtisadi siyasətindən qaynaqlanır.

Vergidən yayınma halları ilə bağlı onu demək olar ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ölkədə əməkhaqqı alanların 23.3 faizi, yəni təxminən hər dörd nəfərdən biri minimum əməkhaqqı səviyyəsində - 250 manat maaş alır. Ölkədə yetərincə çox şəxsin minimum maaş almasıyla yanaşı, onu da nəzərə almaq lazımdır ki, bəzi şirkətlər işçilərin əməkhaqqı fonduna ödədikləri verginin həcmini azaltmaq üçün onlara minimum səviyyədə rəsmi maaş verir. Maaşın digər hissəsi işçilərə nağd şəkildə çatdırılır. Belə olan halda şirkətlər minimum əməkhaqqı artdığı halda, sadəcə, nağd verilən hissəni bir qədər azaldaraq rəsmi maaşı artırmış olur və beləcə, minimum əməkhaqqındakı artım həmin işçilərə real təsir etmir. Bu baxımdan, Azərbaycanda əmək münasibətlərinin rəsmiləşməsi ilə bağlı durum effektiv sosial siyasət aparılması baxımından ən böyük əngəllərdən biridir.

Məşğul əhalinin hər üç nəfərindən, vur-tut, biri maaşla çalışır

Azərbaycanda əmək bazarı ilə bağlı diqqətçəkən məqamlardan biri də muzdla çalışan işçilərin məşğul əhalinin cəmi üçdə biri olmasıdır. Metodologiyaya görə, iqtisadi əmək fəaliyyəti ilə məşğul olan 15 və yuxarı yaşda şəxslər məşğul əhali sayılırlar. Muzdla çalışanlar dedikdə isə əmək müqaviləsi əsasında rəsmi maaş alanlar nəzərdə tutulur. Bu ilin əvvəlindəki nəticələrə görə, Azərbaycanda muzdla çalışan işçilər məşğul əhalinin cəmi 32 faizidir. Avropa Birliyində bu göstərici 85 faizdir. Region ölkələrində də həmin göstərici Azərbaycanla müqayisədə çox yüksəkdir. Rusiya və Belarusda məşğul əhalinin 93-95 faizi muzdla çalışır. Həmin göstərici Qazaxıstanda - 75; Türkiyədə - 69; Ermənistanda – 60; Gürcüstanda isə 49 faizdir.

Əməkhaqqı ilə çalışanların bütövlükdə məşğul əhali arasında xüsusi çəkisinin aşağı olması ilə yanaşı, Azərbaycanda əməkhaqqı gəlirlərinin əhalinin ümumi gəlirləri içərisindəki payı da yüksək deyil. Ev təsərrüfatlarının büdcəsinə dair Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, ölkədə ümumi ailə gəlirlərinin cəmi 30 faizə yaxın hissəsi əməkhaqqı gəlirləridir. Azərbaycan əməkhaqqı gəlirlərinin ÜDM-ə nisbətinə görə də, ən aşağı nəticə göstərən ölkələrdəndir. Ölkədə əməkhaqqı gəlirlərinin ÜDM-dəki payı təxminən 19 faizdir. Halbuki, İsveçrə, ABŞ, Fransa, Almaniya kimi irəliləmiş ölkələrdə bu göstərici 50 faizdən çoxdur. Hətta Rusiya və Belarus kimi keçmiş sovet respublikalarında da əməkhaqqı gəlirlərinin ÜDM-ə nisbəti 50 faizə yaxındır.

Rəsmi maaşla çalışan şəxslərin məşğul əhalinin cəmi üçdə birini təşkil etməsi bir çox şəxsin minimum maaş artımından yararlanmasını əngəlləyəcək. Kölgə iqtisadiyyatında fəaliyyət göstərən işçilərin rəsmi gəliri olmadığından onların əmək və sosial haqlarının qorunmasından da söhbət gedə bilməz. Bu baxımdan, kölgə iqtisadiyyatının önünün kəsilməsi büdcə gəlirlərinin artması və haqsız rəqabətlə mübarizə ilə yanaşı, sosial haqları təmin edilməyən qeyri-leqal işçilərin də sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmlidir.

Burada diqqətçəkən bir məqam da odur ki, muzdla çalışanlar ölkədə məşğul əhalinin cəmi üçdə biri olsa da, ev təsərrüfatı gəlirlərinin 70 faizə yaxını qeyri-əmək haqqı gəlirləri hesabına formalaşsa da, Tarif Şurası qiymət artımlarına dair açıqlamalarında artımları əsaslandırmaq üçün muzdla işləyənlərin orta aylıq əməkhaqqındakı artımdan arqument kimi faydalanır. Halbuki qiymətləri tənzimlənən məhsul və xidmətlər ölkədə bütün əhalinin istifadə etdiyi xidmətlərdir və rəsmi gəliri olsa, ya olmasa da, hamının rifahına təsir göstərir. Ancaq əmək münasibətlərində leqallaşma nisbətən az olduğundan hökumətin sosial ödənişləri artırması, sadəcə, rəsmi gəliri olan şəxslərə fayda gətirə bilir.

XS
SM
MD
LG