Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:50

Rusiyanın tutduğu Xersonda yoxa çıxanlar var


Xerson Şəhər Şurası, arxiv fotosu
Xerson Şəhər Şurası, arxiv fotosu

“Əcinnə ovdur, 1937-ci ildəki sistemdir. Bilmirəm nə baş verir, amma qorxuludur”

Rusiya qüvvələrinin qismən tutduğu Ukraynanın Xerson regionunda onlarla fəalın, blogerin, digərlərinin yoxa çıxdığı deyilir. AzadlıqRadiosu-nun əməkdaşları yerlilərin buna görə Rusiya qüvvələrini günahlandırdığını yazır.

Sergey Tsihipa martın 12-də səhər itiylə birlikdə evdən çıxıb. 60 yaşlı fəal, bloger olan Tsihipa Rusiya işğalına qarşıdır. Həyat yoldaşı Olena radioya ərinin evə dönmədiyini deyib.

“Telefonu bir neçə dəqiqəlik işə düşdü, vəssalam. Ona səsli mesaj ata bildim, başqa heç nə”, – Olena radionun Ukrayna xidmətinə danışıb.

Tsihipa itən gün “Noviy Den” adlı yerli xəbər saytının müxbiri Oleh Baturin də yoxa çıxıb. Qohumları, həmkarları onu axtarırlar.

Meri də oğurlayıblar

Ukraynanın cənubundakı Xerson regionunda sonuncu oxşar hadisə martın 16-da baş verib. Silahlı şəxslər Skadovsk sahil şəhərinin merini və müavinini saxlayaraq naməlum istiqamətə aparıblar.

Bu regionun böyük hissəsi martın 3-dən Rusiya işğalı altındadır. Rusiya qüvvələri həmin gün region paytaxtı Xersona giriblər. Fevralın 24-də başlamış irimiqyasıı hücumda Xerson Rusiyanın nəzarətinə keçən ilk böyük şəhər olub.

Amma Xerson sakinləri şəhərdə böyük etirazlar keçiriblər, Ukrayna bayraqları qaldırıblar, Rusiya əsgərlərinə qarşı çıxıblar. Skadovskda etirazçılar yerli administrasiya binasına qarşısına yığışaraq merin buraxılmasını tələb ediblər.

Zelenski ABŞ Konqresində alqışlarla qarşılandı
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00


Bir neçə saat sonra mer Aleksandr Yakovlyev onlayn videoda buraxıldığını, digərlərinin də tezliklə buraxılacağını deyib. Amma o, videoda narahat görünürdü, səsi də yaxşı gəlmirdi.

Rusiya qüvvələri nümayişçilərə qarşı azından ictimai şəkildə zorakılıq işlətməyiblər. Martın 13-də bir yürüş vaxtı Rusiya əsgərləri etirazçıları qorxutmaq üçün havaya atəş açıb.

Amma yerli sakinlər getdikcə daha çox adamın yoxa çıxdığını, maskalı, silahlı şəxslərin qapı-qapı gəzərək adamları axtardığını danışırlar.

Adamların qorxmadıqlarını bilirlər

Ukrayna ordu rəsmiləri son həftələr regionda 400-dək insanın itkin düşdüyünü bildirir.

“Onlar fəallar, yürüş təşkilatçılarıdır. İstənilən etirazı boğmağa çalışırlar, çünki adamların Rusiya əsgərlərindən heç qorxmadığını, onların nə dediyini tam anlayırlar”, – Xerson sakini Pavlo Keba “Current Time”a danışıb.

İşğalçı qüvvələr Xerson regionunun müstəqilliyi barədə referendum planlarından danışırlar. Yerli sakinlər və Ukrayna hökuməti bu biabırçı addımın Rusiya nəzarətini rəsmiləşdirmək bəhanəsi olacağını deyirlər.

Xerson regional şurası başçısının müavini Sergey Xlan “Current Time”a deyib ki, Rusiya rəsmiləri ukraynapərəst fəalları və yerli deputatları axtarırlar.

“Onlar gizlənirlər, amma axtarışdadırlar. Reydlər olur. Rusiya qüvvələr onları Xerson şəhərində və ətraf regionda axtarır. Onlara telefon zəngləri olub, əməkdaşlıqdan imtina ediblər… Amma onları hədələyiblər, güllələməklə hədələyiblər”, – o söyləyib.

Xersona kimlər nəzarət edir

Xlanın sözlərinə görə, şəhərə nəzarət üçün Rusiya polisi və vətəndaşları göndərilib. Bunun Rusiya Milli Qvardiyasının göstərişilə edildiyi görünür. Ancaq polis əməkdaşlarının içində Ukraynanın Berkut adıyla tanınmış çevik polis alayının keçmiş üzvləri də var.

Bu alay etirazçılara divan tutmaqla ad çıxarıb, 2014-cü ilin fevralında, Maydan etirazlarının son günlərində Ukrayna vətəndaşlarına atəş açmaqda ittiham edilib.

Olena Tsihipa deyir ki, ərinin itdiyini ictimailəşdirəndən sonra Nova Xarkovkanın digər sakinləri onu hərbi nəzarət məntəqəsində gördüklərini deyiblər. Qadın iti bağlanmış vəziyyətdə tapıb. O, ərinin, həmçinin “Noviy Den”in müxbiri Oleh Baturinin Rusiya işğalına qarşı çıxdıqları üçün saxlandıqlarını düşünür.

“Onlara saxlayıblar ki, ukraynayönümlü heç nə yazmasınlar, çünki informasiya müharibəsi aparırdılar, işğalçılara ciddi mane olurdular”, – qadın bildirir.

Təkcə Xersonda deyil, qonşu Zaporojye regionunun Melitopol şəhərində də itkin düşənlər var. Zaporojyenin hakim orqanları Rusiya qüvvələrini martın 11-də şəhər merini oğurlamaqda suçlayırlar. Onun ofisinə girərək başına torba keçiriblər, naməlum istiqamətə aparıblar.

1937-ci il

Melitopolun özünü Anna kimi təqdim edən sakini onların binasında silahlıların qapı-qapı gəzdiyini deyir.

“Əcinnə ovdur, 1937-ci il sistemidir. Bilmirəm nə baş verir, amma qorxuludur”, – qadın deyib. 1937-ci il sovet diktatoru İosif Stalinin repressiyalarının pik dövrü idi.

O, silahlıların bəzilərinin ləhcələrinə görə Donbas sakinlərini xatırlatdıqlarını deyir. Donbasda 8 ildir Ukraynanın hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında müharibə gedir. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Donbasda separatçıları dəstəkləməyə başlayıb.

Bəy rus, gəlin ukraynalı - Tbilisidə toy oldu
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Milli Jurnalistlər Birliyinin direktoru Sergey Tomilenko deyir ki, Xersonda naməlum şəxslər Ukraynayla bağlı vətənpərvərlik sərgiləyən jurnalistlər və ictimai xadimlərin evlərinin qapılarını sındırırlar. O, Krımın ilhaqı vaxtı baş verənlərlə paralellər aparır.

“Onların ilk işlərindən biri ictimai informasiya məkanını tənqid edənlərdən, güc, nəzarət əldə etmək üçün törədilən, irimiqyaslı insan haqları pozuntuları ilə müşahidə olunan cinayətləri dilə gətirənlərdən təmizləmək oldu”, – Tomilenko deyir.

XS
SM
MD
LG