Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:39

Paşinyanı parlamentdə devirmək istəyirlər


Artur Vanetsyan
Artur Vanetsyan

Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının başçısı Artur Vanetsyan Yerevanın Azadlıq meydanında tək oturaq aksiyaya başlayıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın bugünlərdə parlamentdə həm də Qarabağ barədə çıxışı müxalifəti hərəkətə gətirib.

Aprelin 18-də keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının başçısı Artur Vanetsyan Yerevanın Azadlıq meydanında tək oturaq aksiyaya başlayıb:

“Bu çıxışda elə fikirlərə və qiymətləndirmələrə yol verilib ki, fikrimcə, bunlar erməni xalqının əksəriyyəti üçün məqbul deyil”.

Paşinyan həmin çıxışında demişdi ki, beynəlxalq birlik Ermənistanın Dağlıq Qarabağın statusu məsələsində tələblərini azaltmasını gözləyir.

Paşinyanın hakimiyyətə gəlişinin ilk ilində Milli Təhlükəsizlik Xidmətinin direktoru olmuş Artur Vanetsyan deyib ki, onun aksiyasından məqsəd Paşinyanın Qarabağ məsələsində birtərəfli güzəştə getməsinin qarşısını almaqdır.

Vanetsyan bildirib ki, ölçülü-biçili həyat tərzinə malik insan üçün küçədə gecələmək çətindir:

“Amma başa düşmək lazımdır ki, söhbət Artsax Respublikasının (Qarabağ-red) varlığından gedir”.

“Adamların dəqiq fəaliyyət planı var”

Müxalifətçi bildirib ki, meydanda böyük insan axını vardı və o bunu gözləmirdi.

Onun sözlərinə görə adamlar gəlirlər, söhbət edirlər və xahiş edirlər ki, “bu şər hakimiyyətindən qurtarmaq üçün sonadək mübarizə aparacağımıza söz verək”.

Keçmiş MTX rəhbəri bildirib ki, adamların dəqiq fəaliyyət planı da var:

“Bir müddətdən sonra siz bu və digər aksiyaların baş verdiyini müşahidə edəcəksiniz. Mən əminəm ki, xalq bizə inansa, mənsə inanıram ki, inanacaq, əgər hər birimiz bu mübarizəyə öz töhfəmizi versək, çox tezliklə nəticəyə nail olacağıq”.

Vanetsyan daha sonra deyib:

“Əlbəttə bu prosesin sürəti bir çox şərtlərdən asılıdır, amma mən əminəm ki, çox qısa zamanda biz bu dəfə doğrudan da ciddi dəyişikliklərə nail olacaq və son məqsədimizə - güclü Ermənistan, güclü Artsax (Qarabağ-red), suveren dövlət, öz ərazi bütövlüyünü qoruyan və adamlarının rifahını təmin edən dövlət məqsədinə nail ola biləcəyik”.

Mandatlarından keçmək fikrində deyillər

Jurnalistlər Vanetsyandan soruşublar ki, müxalifət Dağlıq Qarabağ və hakimiyyətin dəyişdirilməsi uğrunda mübarizədə deputat mandatlarından imtina edə bilərmi?

Vanetsyan cavab verib ki, bu mübarizə hakimiyyət yox, “ermənilər və Artsax (Qarabağ-red)” uğrunda aparılır:

“Bütün bunlara nail olmaq üçün keçid məsələsini – hazırkı hakimiyyətin ləğvi məsələsini həll etmək lazımdır. Hakimiyyət dəyişikliyi parlamentdə küçənin təzyiqi altında baş verəcək və mandatlar bizə bu işin başa çatdfırılması üçün lazım olacaq”.

Azatutyun yazır ki, aprelin 17-18-də Azadlıq meydanında digər müxalifət fraksiyasının – Hayastanın deputatları da olublar.

Vanetsyan deyib ki, ona başqa siyasi xadimlər də baş çəkiblər.

Deputat Ağvan Vardanyan bundan əvvəl Azatutyuna demişdi ki, söhbət çoxmərkəzli birliyin yaradılmasından gedir.

Vardanyan Vanetsyanın bu ilk addımını alqışladığını bildirib.

Laçındakı ermənilər: 'Gətirib bura azərbaycanlıları yerləşdirəcəklər'
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il martın sonunda Əsgəran rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsilə bağlı xəbərlər yayılıb.

Azərbaycan mövqelərini möhkəmləndirdiyini bildirib. Sonradan həm erməni tərəf, həm də Rusiya hərbçiləri Azərbaycan qüvvələrinin ərazidən çıxarıldığını bildirsə də, Azərbaycan Müdafiə Nazirliyi mövqelərində dəyişiklik olmadığını bəyan edib.

XS
SM
MD
LG