Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:45

Paşinyan partiyasının deputatı: 'Müxalifət müharibə qızışdırır'


Ermənsitan müxalifətinin etiraz aksiyası
Ermənsitan müxalifətinin etiraz aksiyası

Aprelin 26-da Ermənistanın Yerevan da daxil bir sıra yerlərində müxalifətin etiraz aksiyaları davam edib.

“Qarabağın Azərbaycana təhvil verilməsinə” qarşı çıxdığını bildirən müxalifət, etirazları Nikol Paşinyan hökumətinin süqutunadək davam etdirəcəyini deyir.

Etiraz aksiyalarının əsas təşəbbüsçüsü keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyası və onun tərkibinə daxil Daşnaksutyun partiyasıdır.

Aksiyalarda bir neçə nəfərin polis tərəfindən saxlandığı xəbər verilir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bu aksiyalar barədə baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə söhbət edib.

Millət vəkili Qraçya Akopyan Azatutyuna deyib ki, küçələrə çıxıb hakimiyyətin devrilməsini istəyən müxalifətçilər öz hərəkətləri ilə müharibə qızışdırırlar.

Deputat xəbərdarlıq edib ki, Azərbaycan bu vəziyyətdən istifadə etməyə həmişə hazırdır.

Akopyan bildirib ki, indiki etiraz aksiyalarını 2018-ci ildə Nikol Paşinyanı hakimiyyətə gətirmiş xalq etirazları dalğası ilə müqayisə etmək düzgün deyil və bu səbəbdən də polis vətəndaşların normal həyatını təmin etməlidir:

“Əgər bunlar Yerevanda edilsə, böyük müharibəyə səbəb olmaz. Amma bunun sərhədyanı kəndlərdə və ya Artsaxda (Qarabağ-red) edilməsinin və parallel olaraq Azərbaycan silahlı qüvvələrinin hərəkətinin nəticələrini bir neçə dəfə görmüşük”.

“Müxalifət Paşinyanın bir çıxışından yapışıb”

Azatutyun müxbirinin “indiki hakimiyyət müxalifət olanda, ovaxtkı hakimiyyət də bunun müharibəyə səbəb ola biləcəyini deyirdi” iradına Akopyan sualla cavab verib:

“Düz deyirdilər. Amma bununla paralel olaraq nə edirdilər? Silah alırdılar, yoxsa qohumlarını varlandırırdılar?”

Akopyan əlavə edib ki, Paşinyan hökuməti ilk gündən silah almağa başlayıb və bunu görən Azərbaycan gecikməmək üçün müharibəyə qərar verib.

İqtidar deputatı gileylənib ki, müxalifət baş nazirin Milli Məclisdəki bircə çıxışından yapışıb.

Paşinyan həmin çıxışda bildirmişdi ki, “beynəlxalq birlik Qarabağ məsələsində Ermənistanın tələblərini azaldacağını gözləyir”.

Akopyan yada salıb ki, Paşinyan bu çıxışdan sonra keçirdiyi hökumət müşavirəsində “Qarabağın əşya olmadığını” bəyan edib.

Qraçya Akopyanın sözlərinə görə, müxalifət hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək, çünki ictimai dəstəyi və gündəliyi yoxdur.

Müxalifət iddia edir ki, Paşinyan və komandası Qarabağın Azərbaycana “təhvil verilməsini” istəyir.

Akopyan bu barədə deyib:

“Onlar deyirlər ki, Artsaxı (Qarabağ-red) təhvil verirlər. İndi baş nazir hökumət iclasında deyib ki, geniş ictimai müzakirələrsiz, heç bir hərəkət ola bilməz. Onlar bunu eşitmirlər nədir? Tələblərin aşağı salınmasına gəlincə isə, düzünü desəm, mən də baş nazirin nəyi nəzərdə tutduğunu bilmirəm”.

“Bugün beynəlxalq birlik Ermənistana deyir...”

Hakim “Vətəndaş müqaviləsi” partiyasından başqa bir deputat, Akop Aslanyan isə deyir ki, heç kəs Qarabağı verməyə hazırlaşmır.

Onun sözlərinə görə müxalifət manipulyasiya edir:

“Bugün beynəlxalq birlik Ermənistana deyir: Siz Azərbaycanın ərazi bütövlüyünü tanımalısınız, Azərbaycan da sizin ərazi bütövlüyünüzü. Biz də çalışarıq ki, öz müqəddəratını müəyyən etmək hüququ müəyyən dərəcədə Artsax (Qarabağ-red) xalqına münasibətdə reallaşdırılsın”.

Akop Aslanyan Azatutyunun “ərazi bütövlüyü tanınandan sonra Azərbaycan Qarabağ məsələsinin bağlandığını deməzmi” sualına belə cavab verib:

“Başqa dövlətlərin ərazisində anklav olan onlarca dövlət var və beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı bunu sözü gedən dövlətlərin ərazi bütövlyü tanınandan sonra qəbul edib”.

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra...”

Deputat “Ermənistan Azərbaycanın ərazi bütövlüyü tanıyandan sonra bu əraziyə Artsax (Qarabağ-red) da daxil olacaqmı” sualının cavabında deyib:

“Artsaxın (Qarabağ-red) bura daxil olub-olmayacağının əhəmiyyəti yoxdur, çünki bundan sonra dərhal millətlərin öz müqəddəratını müəyyən etməsi hüququ ortaya çıxacaq. Ermənistan bundan imtina etməyib”.

Aslanyan bildirib ki, hazırda danışıqların hansı sənədlər üzrə aparıldığını bilmir.

Deputat Azatutyunun “ərazi bütövlüyü tanınandan sonra Azərbaycanın Ermənistanla millətlərin öz müqəddəratını təyin etməsi hüququ barəsində danışıqlara razı olacağına qarantiya varmı” sualının cavabında deyib:

“Belə bir qarantiyanı “Ermənistan yox, BMT, Minsk qrupu verir... Mən XİN əməkdaşı deyiləm”.

Aslanyan deyib ki, müxalifətin uğur qazanmaq üçün heç bir şansı yoxdur. Deputatın fikrincə hazırkı etirazları təşkil etmək üçün də müxalifət soyqırımın anım günündən fürsətlənib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan (Rusiya, Azərbaycan və Ermənistan arasında) bəyanata əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən həmin görüşdə isə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb.

Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirdiyini bildirmişdi.

XS
SM
MD
LG