Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:43

İlham Əliyev Ermənistanla danışıqların yubanmasından danışır


Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarında Ermənistanla aparılan sülh danışıqlarının gedişindən də bəhs edib.

AZƏRTAC-ın xəbərinə görə, o deyib ki, Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır olub.

O, sərhədlə bağlı planlaşdırılan göürşün gerçəkləşməməsinə də toxunub. Əlavə edib ki, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olub:

“Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir.”

Onun vurğulamasına görə, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifindən də Ermənistanın imtina edib:

“Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq”.

Ermənistan tərəfi nə deyir?

Bu açıqlamaya, hələlik, Ermənistan tərəfindən münasibət almaq mümkün olmayıb. Amma bu il aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bu məsələdə müəyyən razılıq əldə edilmişdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan da bugünlərdə Azərbaycanla danışıqlar mövzusuna toxunub. O, "Azatutyun"a müsahibəsində deyib ki, birgə komissiya barəsində məlumatlar yaxın günlərdə veriləcək: "Yaxınlarda biləcəyik. Bəli, komissiya işləyəcək. Amma bu prosesinin texniki problemləri də var. Baş nazir səfər edib və prezident Putinlə göz-gözə görüşüb. Bütün bunlar vaxt qrafikini dəyişə bilər". (Ermənistan Baş naziri N.Paşinyanın bu yaxınlarda Rusiyaya səfərindən bəhs edilir-red.).

Üstəlik, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan da deyib ki, onlar Azərbaycandan Qarabağın statusu və beynəlxalq vasitəçiliklə bağlı təkliflərinə müsbət cavab gözləyirlər. Amma rəsmi Bakı, açıqlamalarına görə, statusla bağlı müzakirələri mümkün saymır.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Ötən il də tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG