Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:34

'Rusiyanın Azərbaycandan istəklərindən ikisi gündəmdədir' - Səmərqənddən gözləntilər


İ.Əliyev, V.Putin və R.T.Ərdoğan
İ.Əliyev, V.Putin və R.T.Ərdoğan

Rusiya Prezidenti Vladimir Putinin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. İki gün sürəcək sammit sentyabrın 15-də başlayıb.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putinlə Əliyev arasında baş tutacaq görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət gündəmin əsas mövzusu olacaq.

Bəzi media orqanlarının məlumatına görə, V.Putinlə Türkiyə Prezidenti R.T.Ərdoğanın da gözlənilən görüşündə Qarabağ məsələsi gündəmə gələ bilər.

Ermənistan Baş naziri N.Paşinyanın isə tədbirə qatılmaqdan imtina etdiyi bildirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a deyib ki, Paşinyanın Şanxay sammitinə getməyə imkanı yoxdur: "Yerevan qarışıb və Paşinyanın istefasını tələb edirlər. Yəni, onun legitimliyi hazırda sual altındadır, çünki parlamentdə ona etimadsızlıq göstərə bilərlər".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Paşinyanın hakimiyyətdən getməsini istəmirik"

Deputat qeyd edib ki, hər dəfə Ermənistanla Azərbaycanın münasibətləri konkretləşəndə və sənədlərin imzalanması məqamı yaxınlaşanda hökmən Yerevanda ya hakimiyyət dəyişikliyi olur, ya da terror aktı törədilir, iş sıfırdan başlayır: "Ona görə də biz Paşinyanın bu gün hakimiyyətdən getməsini istəmirik. Amma reallıq budur ki, Ermənistanda vəziyyət gərgindir və sərhəddə törətdikləri son təxribatlardan sonra aldıqları cavab onları yenidən düşünməyə vadar edib. Halbuki, indi Yerevan küçələrində gedən proseslər onlara sülh vəd etmir".

Şanxay sammitinə gəlincə, komitənin üzvü düşünür ki, R.T.Ərdoğanla İ.Əliyevin bərabər ora getməsi son dərəcədə önəmlidir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan prezidentinin mövcud toplantıya qatılması Bakının Şanxay Əməkdaşlıq Təşkilatına marağından irəli gəlir: "Yəqin ki, müşahidəçi statusunu almaq istəyir. Türkiyənin də belə istəyi var, bu təşkilatda üzvlükdə maraqlıdırlar. Həm də Çinlə tərəfdaşlıq məsələsi var ki, Çinin "Bir kəmər, bir yol" layihəsində iştirak etmək istəyir".

E.Şahinoğlu
E.Şahinoğlu

"Əliyev-Putin görüşündən xüsusi bir nəticənin…"

Politoloqun fikrincə, Əliyev Putinlə bölgədəki vəziyyəti müzakirə edəcəklər: "Putin bu məsələni, yəqin, Ərdoğanla da danışacaq. Əslində mən Əliyev-Putin görüşündən xüsusi bir nəticənin çıxacağını zənn etmirəm. Putin bölgədə sülh olsun tipli ümumi sözlər deyə bilər və Azərbaycanı heç nəyə məcbur edə bilməz".

Amma onun sözlərinə görə, başqa tərəfdən Rusiyanın Qarabağdakı fəaliyyəti narahatedicidir: "Rusiya hərbçiləri orada separatçıları tərksilah etmirlər. Düzdür, biz hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşayırıq. Amma növbəti gərginlik bizi Qarabağda gözləyir, çünki orada qayda-qanun yaradılmalıdır. Rusiyanın əsl üzü orada görünəcək".

"Amma bu o demək deyil ki…"

E.Şahinoğlu qeyd edib ki, Putin Paşinyanın yerində Robert Koçaryan (keçmiş prezident) kimi şəxsi görmək istəyərdi deyə, Rusiya hərdən Ermənistan-Azərbaycan gərginliyində Bakıya mane olmaq istəmir: "Amma bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarını nəzərə alır. Əlbəttə, Rusiyanın Azərbaycandan müəyyən istəkləri ola bilər və onlardan ikisi artıq gündəmdədir – Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsun. Avrasiya İqtisadi Birliyinə üzvlük müzakirə oluna bilər, amma heç bir halda Azərbaycan KTMT-yə üzv ola bilməz. Bu, Azərbaycanın maraqlarına ziddir".

2001-ci ildə yaradılan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rusiya və Tacikistan daxildir. Bu gün, sentyabrın 15-də İran təşkilata üzv qəbul olunub.

Belarus, Əfqanıstan, Monqolustan ŞƏT-in müşahidəçi, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Şri-Lanka və Türkiyə isə tərəfdaş ölkələr sırasındadır.

Xatırlatma

Son günlər Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Azərbaycan 71, Ermənistan isə 105 hərbi qulluqçu itirdiyini bildirib. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG