Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:16

Xəstə vəfat edib, qızının 20 min manat borcu qalıb. İcbari tibbi sığorta necə işləyir


Tibbi sığorta ödənişi artırlır, tibbi xidmətin keyfiyyəti də yüksələcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Tibbi sığorta ödənişi artırlır, tibbi xidmətin keyfiyyəti də yüksələcəkmi? (2021)

"Dövlət xəstəxanasına gedirsən, icbari tibbi sığortanın adını eşidəndə aparatların işləmədiyi deyilir. Özəl xəstəxanalar isə od bahasına, sığortanı da saymırlar", – bu sözləri AzadlıqRadiosuna Yasin Məmmədov deyib.

Növbəyə dayanan xəstələr

Məmmədov nə özünü, nə də ailə üzvlərini sığorta hesabına müalicə etdirə bildiyini, aylardır növbəsinin çatmadığını söyləyir: "Suraxanıda qeydiyyatda olduğum xəstəxanaya əlimdə çəlik axsaya-axsaya getdim. Oradan göndərişlə dövlət xəstəxanalarından birinə analiz üçün getməli idim. Çəkim çox olduğundan Azərbaycan Tibb Universiteti Cərrahiyə Klinikasına göndərilməli idim, amma hələ də göndərməyiblər. MRT cihazı 1 ildən çoxdur ölkənin heç bir klinikasında tapılmır. Vəziyyət ağırlaşandan sonra da dövlət yiyə durmur ki, sənin xəstəliyinə çox pul çıxır. Anam şəkər xəstəsidir, o da yararlana bilmir sığortadan. Yaşlı qadındır, ritm pozğunluğundan tutmuş, təzyiq, ağrılara kimi çox simptomu ağırlaşıb. Nə vaxta kimi pulumuz yoxdur deyə, xəstə qalacağıq. Dövlət də orada-burada deyəcək ki, biz sığorta ilə vətəndaşlara xidmət edirik".

Rayonların da eyni dərdi

İmişlidə yaşayan Nəsirovlar da tibbi sığortadan narazılığını dilə gətirir. 10-nəfərlik ailənin heç bir üzvünün sığortadan yararlana bilmədiyini söyləyən Nəsirovlar həkimlərin sığorta ilə gələnlərdən pul tələb etdiyini bildirir.

"Özüm də dövlət işində işləyib sığortaya pul verirəm. Arvadım da müəllimdir, maaşından çıxılır. Böyük qızım da 1 ildir ki, qazancından bu sığortaya pul verir. Gözümüzün qarşısında təkcə bir ailədən 3 nəfər pul verir. Lazım olanda sığorta çevrilir tapılmaz bahalı daşa. Xəstəxanada ya növbə var deyirlər, ya da xidmətin olmadığını. Başa düşmək olmur, uşağın ayağı sınanda onu sığorta ilə qarşılamaq üçün hansı xüsusi xidmət olmalıdır? Kiçik xidməti göstərmirlərsə, nəyə veririk o pulları? Ya da sığorta ilə razılaşıb, amma əlavə pul istəyirlər. Başınıza dönüm, artıq pulum olsa idi, elə dövlətin nazını çəkmək əvəzinə özəl klinikada puluna minnət müalicə olunaram da. Səhər-birisi gün əsgər aparmağa qapımıza dayanacaqlar, bu gün büdcədən bir qəpik xərcləmək istəmirlər uşaqlar səhhətinə", – ailə başçısı AzadlıqRadiosuna danışıb.

Dövlətin pulunun çatmadığı xəstəliklər

Bakı sakini Fərqanə Əkbərovanın səhhəti 2022-ci ilin iyulundan pisləşməyə başlayıb. Müalicələr heç bir nəticə vermədiyindən ötən il oktyabrın 28-dən onu xəstəxanaya yerləşdiriblər. Ağır pnevmoniyadan əziyyət çəkən Əkbərovanı həm də onkoloji xəstəliklər riski gözləyirdi. İlkin hesablamalar bir aylıq müalicə üçün təxminən 45 min manata yaxın vəsaitin gərəkdiyini göstərib. Lakin səhiyyə ilə bağlı heç bir dövlət qurumu müalicə xərclərini tam qarşılamadığından xəstənin qızı Nərmin Əkbərli başlatdığı ianələrlə xərclərin öhdəsindən qismən gəlməyə çalışıb. Daha sonra Əkbərli ölkə prezidentinə, Heydər Əliyevin Fonduna müraciət etsə də, səsinə səs verən olmayıb. Yanvarın 18-də Fərqanə Əkbərova vəfat edib, qızının isə hazırda 20 min manatdan çox borcu qalmaqdadır.

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

Hazırda səhiyyə qurumlarından, özəlliklə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yardım almadığı üçün müalicəsi ianə kampaniyalarının ümidinə qalanların sayı az deyil. Təkcə SMA xəstəliyindən əziyyət çəkən 30-a yaxın uşaq dövlətdən yardım ala bilmədiyi üçün ianələrdən asılı qalıb.

Xeyli müddətdir ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması təklif olunur. Bu məsələni parlament üzvləri də qaldırırlar. Ölkədə təxminən 58 min onkoloji xəstə var və bu xəstəliklərin icbari tibbi sığorta ilə əhatələnməsinə 200 milyon manat vəsaitin gərəkdiyi bildirilir.

Milyardlarla vəsait…

2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 milyard 125 milyon manatdan çox vəsait ayrılıb. Bu ilsə dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1 milyard 263 milyon 820 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Büdcədən səhiyyəyə ümumilikdə 1 milyard 906 milyondan çox vəsait ayrılıb. Poliklinikalar və ambulatoriyalar üçün 1 milyon 802 min 885 manat, xəstəxanalar üçün 171 milyon 384 min manat ayrılması nəzərdə tutulur.

Azərbaycanda rəsmi iş yeri olan hər kəs icbari tibbi sığorta üçün maaşından ödəniş verməlidir. İşçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz tutulur. Məsələn, aylıq maaşı 900 manat olan şəxs tibbi sığorta üçün maaşının 18 manatından keçməli olur.

Vətəndaşdan ödəniş tələbi qanunsuzdur

Vaxtı ikən 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyən, hazırda parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli AzadlıqRadiosuna deyib ki, tibbi sığorta zərfinə daxil xəstəliyin müalicəsində vətəndaşdan pul istənilməsi qanunsuzdur: "İcbari sığorta paketindəki bütün xidmətlərdən istifadə vətəndaş üçün ödənişsiz təşkil olunmalıdır. Türkiyədə xəstəliyin bir hissəsini müştərək müqavilə əsasında sığorta qarşılayırsa, digər hissəsi vətəndaş hesabına olur. Lakin bizim ölkədə tətbiq edilən icbari tibbi sığorta belə deyil. Məsələn, bir əməliyyat sığorta paketində varsa, proses zamanı bütün xərci də sığorta qarşılamalıdır".

Deputatın fikrincə, "vətəndaş dövlət agentliyinin rəsmi saytındakı xidmətlər siyahısına baxmalıdır, xəstəlik xidmətlər zərfinə daxildirsə, müalicə xərci çox olsa da, qarşılanmalıdır". Məmmədli onkoloji xəstəliklərin icbari sığorta paketinə salınmamasını müvafiq dövlət proqramının olması ilə əlaqələndirir.

Aydın Əliyev
Aydın Əliyev

"Pullar hara gedir?"

Həkim-radioloq Aydın Əliyev tibbi sığorta üçün ayrılan pulların qeyri-şəffaf istifadə edildiyini, sistemdə boşluqların olduğunu deyir.

"Bu yaxınlarda avtomobil qəzasına düşən şəxs mənə müraciət edib ki, tibbi sığorta onun xərclərini qarşılamadı. Özəl xəstəxanada da 40 min manata yaxın xərci çıxıb. Belə müraciətlər çoxdur, əhalinin əksəriyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazıdır. Mən də pis qiymətləndirirəm. Vətəndaşlar və dövlət müəssisələrindən alınan bu qədər vəsait hara gedir?!.. İstisnasız olaraq bütün xəstəliklər tibbi sığorta zərfinə daxil edilməlidir. Amma Azərbaycanda əhalinin bir qisminin əziyyət çəkdiyi xroniki, onkoloji xəstəliklər bu zərfə aid deyil. Çox yayılan xəstəlikləri belə ya qarşılamır, ya da bir qismini qarşılayır. Xəstəliyin bəzən bir hissəsini qarşılanması deyilir, limit qoyulur. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur", – deyən Əliyev icbari tibbi sığorta sistemini şəffaf etməyə, qurumu hesabat verməyə çağırır.

Agentliyin rəsmi vebsaytında maliyyə hesabatı gözə dəymir, AzadlıqRadiosunun sorğusu da cavabsız qalıb.

Dünya təcrübəsi

20-dən çox ölkədə tibbi sığorta ilə bağlı "büdcə" modeli tətbiq edilməkdədir. Belə olduqda vətəndaşların səhiyyə xərcləri dövlət büdcəsinə daxil olan vergi vəsaitləri hesabına qarşılanır. İngiltərədə Milli Sağlamlıq Sistemi (NHS) adlı sistemə bağlı xəstəxanalarda bütün səhiyyə xidmətləri pulsuz təqdim edilir. Avropa İttifaqı (Aİ) ölkələrində tibbi sığorta haqları adətən vergilər və ya işəgötürənlər tərəfindən ödənilir. Dövlət öz vətəndaşlarını tibbi sığorta ilə təmin edir. Fransa və İtaliya da bu sistemdən yararlanır. Səhiyyə xidmətləri özəl xəstəxanalar tərəfindən göstərilir və bu xidmətlərin ödənişlərini hökumət qarşılayır.

SSRİ dağılandan sonra icbari tibbi sığorta sistemini ilk tətbiq edən ölkələrdən biri Estoniya olmuşdu. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 1992-ci ildən bu sistemə keçən Estoniyada hazırda vətəndaşların 80 faizə yaxını tibbi sığorta ilə təmin olunub.

Qonşu Türkiyədə də Sosial Güvənlilik Qurumu (SGK) vasitəsilə bütün vətəndaşlara tibbi xidmət 100 faiz ödənilir.

Göstərilən xidmət sayı..

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığorta zərfinə 2 min 550 xidmət daxildir. Zərfə 950 cərrahi, təcili və təxirəsalınmaz tibbi xidmət üzrə yalnız altı xidmət salınıb. Agentlik bildirib ki, ötən ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 milyondan çox şəxs 16 milyon dəfədən çox müraciət edib. Vətəndaşlara 40 milyon 277 mindən çox tibbi xidmət göstərildiyi bildirilir.

Agentlik rəsmiləri qeyd edir ki, ağır xəstəliklərin xidmət zərfinə salınması Dövlət Statistika Komitəsinin məlumatı əsasında, 5 il ərzində ölümlərin hansı xəstəliklər üzrə olmasına görə müəyyən edilir. Maliyyə resursları artdıqca siyahıda yer alan xəstəliklərin sayı da artırılır.

XS
SM
MD
LG