Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:24

İranla sərhəddə: 'İki-üç gündür nə ora gedən var, nə də gələn'


Yük maşınları İrana getmək üçün növbəyə durub.
Yük maşınları İrana getmək üçün növbəyə durub.

Astara şəhərində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan hələ də narahatlıqla danışırlar. Yerli sakinlər həmin olayın tez bir zamanda obyektiv araşdırılmasını istəyirlər. Onlar iki ölkə arasında müharibə istəmədiklərini ifadə edirlər. Adının çəkilməsini istəməyən yerli sakinlərdən biri: "Elə bildim ki, müharibə olacaq, qorxdum. Müharibə dəhşətdir, Allah eləsin sakitliklə keçsin... 30 ilə yaxındır İranın qapısı açıqdır. Söz yox ki, koronavirus pandemiyasına görə indi piyada keçidi bağlıdır. Silahlı basqından çox üzüldük".

"Yağlar bahalaşıb. Yuyucu tozlar da elə..."

O, mövzunu dəyişir və bildirir ki, bu hadisədən sonra İrandan gətirilən məhsulların qiymətlərində artım müşahidə olunur: "Yağlar bahalaşıb. Yuyucu tozlar da elə. Ancaq şirniyyat çox ucuzdur. Bu mağazalarda, əsasən, İrandan gətirilən mallar satılır".

Piyada keçidinə gedən yol
Piyada keçidinə gedən yol

Yerli sakinlər bu mövzuda danışmağa elə də meylli deyillər. Onlar bunu narahatlıqları ilə izah edirlər. Sakinlərdən başqa biri: "Biz sərhəddə yaşayırıq, ona görə danışmaq istəmirlər. Əvvəlki kimi İrandan mallar gəlir. Mal təkcə buraya gəlmir, Azərbaycanın digər bölgələrinə də aparılır. Pulumuzu verib, mal alırıq. Onlar da bizdən alır".

"Səfirliyimizə basqın sərhədyani ticarətə də pis təsir edib"

O deyir ki, sərhədyanı ticarət tədricən ölür: "Elə gün olur ki, 1 manat da qazanc olmur. Səfirliyimizə basqın sərhədyanı ticarətə də pis təsir edib. Həmişə bizə qarşı gedirlər, amma biz onlara pislik etməmişik. Azərbaycanın qapıları onların üzünə açıqdır. Yük maşınları yollarımızdan istifadə edib Rusiyaya gedirlər. Vaxtilə burada insanlar qaynayırdı. Az adam gəlir. Bu yol İran gedən piyada keçiddir. İki-üç gündür ki, nə ora gedən var, nə də gələn. Biz bir qarın çörəyə işləyirik, siyasətə qarışmırıq".

O, tələsik mağazaya girib qapını örtür.

Sərhədyanı mağazalar
Sərhədyanı mağazalar

"Rusiya maşınları kənd təsərrüfatı məhsulları daşıyırlar"

İrana gedən nəqliyyat yolunda isə sıxlıqdır. Azərbaycana, Rusiyaya, Türkiyəyə məxsus yük maşınları növbəyə durublar. Yük maşınlarından birinin sürücüsü deyir ki, gömrükdən maşınları gec buraxırlar: "Rusiya maşınları, əsasən, kənd təsərrüfatı məhsulları daşıyırlar. Bizə isə oradan kartof gəlir. Saatlarla gözləyirik. Fasilə çox olur, amma gömrük işləyir. İran maşınları Azərbaycanın istənilən məntəqəsinə yükü apara bilir. Biz isə İranın gömrüyündən kənara çıxa bilmirik, icazə yoxdur. Səfirlikdə baş verənləri eşitmişik. Çox pis olduq. Qonağa əl qaldırmaq ən böyük günahdır. Sürücü babayıq, bizə deyirlər, sür, biz də sürürük".

Sürücünün dediklərinə Azərbaycan Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.

A.Həşimli
A.Həşimli

"Oradakı informasiyalar bizə daha tez çatır"

İctimai fəal Asən Həşimli isə deyir ki, İranda istənilən hadisə burda əks səda doğurur. O vurğulayır ki, İranda milyonlarla soydaşları yaşayır: "Oradakı informasiyalar bizə daha tez çatır. İstər-istəməz İranda baş verənlərdən narahat oluruq. Səfirliyimizə edilən silahlı basqın əhalini narazı salıb. İranla piyada gediş-gəliş dayanıb. Yalnız yük maşınları işləyir. Əvvəllər ziyarətə, müalicəyə gedənlər olurdu. İndi o da yoxdur...".

Xatırlatma

Yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki əməkdaş isə yaralanıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyində çalışanlar təxliyə ediliblər. Ondan bir gün əvvəl, yanvarın 28-də isə İran prezidenti İbrahim Rəisi prezident İlham Əliyevə zəng edərək həmin olayla bağlı başsağlığı verib. Rəisi həmçinin bəyan edib ki, "İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcəklər". Rəisinin sözlərinə görə, cinayət hərtərəfli və tam araşdırılacaq.

XS
SM
MD
LG