Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:07

'Casusluq edəndə yanında olmusunuz?'


"Onların fotoları telekanallarda, saytlarda, sosial şəbəkələrdə "İrana casusluq edən daha 33 nəfər saxlanıldı" başlığı ilə yayımlandı"
"Onların fotoları telekanallarda, saytlarda, sosial şəbəkələrdə "İrana casusluq edən daha 33 nəfər saxlanıldı" başlığı ilə yayımlandı"

Son vaxtlar narkotik ittihamı ilə həbs olunan, lakin sosial şəbəkələrdə, mediada "İran casusu" kimi təqdim edilən dini inanclıların ailələri bununla əlaqədar hüquqi addımlar atmaq niyyətindədir.

Həbs olunanlardan Bəxtiyar Babaşovun həyat yoldaşı Arzu Abdulla AzadlıqRadiosuna bildirib ki, yayımlanan materialları toplayıblar, məhkəməyə müraciət edəcəklər. Onun sözlərinə görə, martın 9-dan 12-nə qədər aralarında həyat yoldaşı olmaqla, 33 nəfər dini inanclı şəxs həbs edilib: "Onların fotoları telekanallarda, saytlarda, sosial şəbəkələrdə "İrana casusluq edən daha 33 nəfər saxlanıldı" başlığı ilə yayımlandı. Altından nələr yazmırlar... Bu adamların ailələrini söyürlər. Yoldaşımın anası o, uşaq olanda ölüb, niyə söydürürsünüz? Casusluq edəndə yanında olmusunuz, ya əlinizdə faktınız var?".

Arzu Abdulla hesab edir ki, özəlliklə media və hüquqşünaslar bu cür məsələlərə daha həssas yanaşmalıdır. O deyir ki, adi vətəndaşlar "təqsirsizlik prezumpsiyası" anlayışından xəbərsiz ola bilər, amma media da, hüquqşünaslar da bunu mütləq bilməli və əməl etməlidir: "Ona görə də qarayaxma kampaniyasında iştirak edən media nümayəndələrinin cəzalandırılmasında israrlıyam. Hətta yerli məhkəmələr təmin etməsə, Avropa Məhkəməsinə qədər aparacağam. Dərs olsun ki, gələcəkdə bir daha etməsinlər...".

Z.Sadıqova
Z.Sadıqova

"Kim zəmanət verə bilər ki..."

Vəkil Zibeydə Sadıqova da Azərbaycanda təqsirsizlik prezumpsiyası hüququnun qorunması ilə bağlı çox ciddi problem olduğunu düşünür. Onun sözlərinə görə, hətta inanclıların həbsindən öncə də, demək olar, hər gün bu pozuntular müşahidə olunur: "Az qala hər gün telekanallarda divara söykənib, əlini masanın üstündəki narkotikə, silaha və ya başqa əşyaya uzatmış adamları göstərirlər. Bu, birbaşa pozuntudur. Kim zəmanət verə bilər ki, o adam təzyiq altında həmin hərəkəti etmir? İstintaqda işgəncə altında etiraf ifadəsi verib, sonradan bəraət alan nə qədər adamlar var. Və neçə nümunə də var ki, onları telekanallarda göstəriblər, sonda məhkəmə bəraət verib...".

Sadıqova yada salır ki, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin məhkəmə hökmü olmadan cinayətkar elan edilməsinə görə Avropa Məhkəməsi dövləti bir neçə dəfə cərimələyib.

Mediada 'casus' damğası. Amma rəsmi ittiham narkotik. Ailələr hər iki iddianı yalanlayır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Vəkil "Fərhad Əliyev Azərbaycana qarşı", "Əvəz Zeynallı Azərbaycana qarşı" qərarlarını yada salır. Bu qərarlarda Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin (təqsirsizlik prezumpsiyası) pozuntusunu tanıyıb: "Məsələn, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə bağlı işdə hüquq-mühafizə orqanları böyük bir açıqlama yayıb, detallı şəkildə onu müxtəlif cinayətlərdə ittiham ediblər. Həmin bəyanat da ayrı-ayrı media orqanlarında olduğu kimi tirajlanıb. Bu yolverilməzdir. Avropa Məhkəməsi bunu pozuntu hesab edib və dövlətin üzərinə həmin pozuntuya görə vətəndaşa kompensasiya ödəmək öhdəliyi qoyub".

Vəkil vurğulayıb ki, vətəndaşın təqsirsizlik prezumpsiyası hüququnu qorumaq dövlətin öhdəliyidir. Medianın da şəxsin şərəf və ləyaqətini ləkələməmək, onun şəxsi həyatına toxunmamaq öhdəliyi var. Onun fikrincə, bir sıra vebsaytlar, telekanallar dini inanclılarla bağlı son həbslərdə bu öhdəlikləri pozub. "Mənim müvəkkillərim var ki, narkotik ittihamı ilə həbsdədir, onları casus kimi təqdim edirlər, fotolarını yayırlar. Düşünmürlər ki, bu adamların uşaqları var, məktəbə gedirlər, xoşagəlməz nəticəsi ola bilər. Bu pozuntularla bağlı materialları toplayıb hüquqi addımlar atacağıq", – vəkil əlavə edib.

X.Ağaliyev
X.Ağaliyev

Kiminsə haqqında günahkar, cinayətkar obrazı yaradılırsa...

Media hüququ üzrə ekspert Xalid Ağaliyev deyir ki, məhz insanın şəxsiyyətini ləkələməkdən qorumaqdan ötrü təqsirsizlik prezumpsiyası hüququ qanunvericiliyə daxil edilib. Bu, konstitusion hüquqdur və hər kəs əməl etməyə borcludur.

Ağaliyev izah edir ki, istər mətn, istər foto, istərsə də video formasında material yayıb kiminsə haqqında günahkar, cinayətkar obrazı yaradılırsa, şəxsiyyətini ləkələmiş olur. Son olaylar kontekstində yayılan görüntülərə gəlincə, hüquqşünas hesab edir ki, onlar istər ictimaiyyətdə, istərsə də öncədən məhkəmələrdə rəy formalaşdıracaq məzmundadır.

"Etik media belə hüquqazidd məzmunları yaymaqdan çəkinməlidir. Çünki, ehtimal da olsa, kiminsə şəxsiyyətini ləkələyə, onu gözdən sala, yanlış olaraq onun günahkar obrazını yarada bilər. Onsuz da cinayət işi açılıb, istintaq gedir. Bu durumda hansısa fotonun yayılması istintaqa kömək edəcək? Ümumilikdə şübhəlilərin saxlanılması barədə xəbərlərin çatdırılması normaldır. Amma onları cinayətkar göstərən görüntülərin mediada yayılması yolverilməzdir", – ekspert əlavə edib.

Ə.Məmmədli
Ə.Məmmədli

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, təqsirsizlik prezumpsiyası hətta həmin şəxslərin ad-soyadı və ünvanla identifikasiyasını doğru hesab etmir: "Xüsusilə modern internet çağında şəxsin adının keçdiyi xəbər illərlə unudulmur və yenidən onun mənafelərinə zərər verə bilər. Məsum olduğu halda".

“Sonradan ləkəni götürmür”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyir ki, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının 3-cü prinsipində təqsirsizlik prezumpsiyasına hörmət məsələsi əksini tapıb. Onun sözlərinə görə, buna baxmayaraq, bu prinsip intensiv şəkildə pozulur.

Ələsgərli "Media haqqında" Qanuna istinad edərək bildirir ki, dövlət orqanlarının, ümumiyyətlə, rəsmi legitim qurumların məlumatlarını olduğu kimi yaymaq məsuliyyət yaratmır: "Qanuna əsasən, hətta onların yaydığı press-relizdə yanlışlıq olsa belə, buna görə media məsuliyyət daşımır".

M.Ələsgərli
M.Ələsgərli

Mətbuat Şurasının bu istiqamətdə monitorinqlərindən danışan Ələsgərlinin sözlərinə görə, bir çox hallarda pozuntular jurnalistlərin hüquqi terminlərlə bağlı bilgisizliyindən irəli gəlir.

Mətbuat Şurasının təmsilçisi media ilə bağlı başqa bir problemi də qeyd edib: "Etik Davranış Qaydalarına görə, media orqanı şəxsin ittiham olunması xəbərini veribsə, onun təqsirsizliyi sübuta yetiriləndə o xəbəri də verməlidir. Çox zaman buna diqqət yetirilmir. Onun imici haqda şübhə toxumu səpir, sonradan ləkəni götürmür".

Azərbaycan və İran son illər bir-birinə qarşı ittihamlar səsləndirir, öz ərazilərində casus şəbəkələrinin ifşa olunduğunu bildirirlər. Müstəqil media orqanları Azərbaycanda saxlanan bir neçə nəfərin narkotik ittihamı ilə həbsə atıldığını dəqiqləşdirib.

XS
SM
MD
LG