Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:52

Çox çalışıb az qazanan kuryerlərin problemləri


Kuryerlər tətil yoluyla nəyə nail ola bilər? – 1 May-Əmək günü
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Kuryerlər tətil yoluyla nəyə nail ola bilər? – 1 May-Əmək günü (2022)

Ortaçağ Azərbaycanında ayaqçı adlanan kuryerlər son illər Bakı küçələrinin tez-tez gözə dəyən simalarından birinə çevriliblər. Onlayn çatdırma şirkətlərinin bazarda fəaliyyəti ölkədə kuryer xidmətlərinə tələbi artırıb. Bu sahədə çalışanların çoxalması ilə yanaşı, kuryerlərin üzləşdiyi çətinliklər də yetərincədir. Onlar indiyədək iş şəraiti ilə bağlı müxtəlif etiraz aksiyalarına –boykot və yürüşlərə əl atıblar. Kuryerlərin başlıca narazılığı gəlirlərinin iş saatı və xərclərinə uyğun gəlməməsi ilə bağlıdır. Bugünlər kuryerlərin üzləşdiyi problemlər yenə gündəmdədir. Budəfəki problem qanunvericilikdəki yeniliklərdən qaynaqlanıb.

Azərbaycanda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinə dəyişikliklər avqustun 1-dən qüvvəyə minib. Həmin dəyişikliklərə görə, mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, eləcə də maksimal sürəti saatda 50 kilometri aşan bütün növ nəqliyyat vasitələrinin, o cümlədən skuter və moped sahiblərinin "A1" alt kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Avqust ayından başlayaraq polislər moped sürücüləri ilə bağlı reydlərə başlayıb və çox sayda kuryerin nəqliyyat vasitəsi cərimə meydançalarına aparılıb.

Rəsmi qurumlar qanundakı dəyişikliyi sui-istifadə hallarına bağlayır. Onların fikrincə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini sürmək sürücüləri cərimələrdən yayındırır. Bu üzdən belə sürücülər yol hərəkəti qaydalarını tez-tez pozurlar. Kuryerlərsə nəqliyyat vasitəsi qeydiyyata alınarkən çətinliklə üzləşdiklərini bildirirlər, axı həmin nəqliyyat vasitələrini satın aldıqları şirkətlər onlara nəqliyyat vasitələrini rəsmi qeydiyyata salmaq üçün tələb edilən sənədləri vermir.

Bu baxımdan aydın olur ki, yeni qaydalar hazırlanarkən məsələnin gerçək durumu yaxşı araşdırılmayıb. Azərbaycanda qanunların, bir qayda olaraq, qapalı qapılar arxasında, maraq qruplarının iştirakçılığı olmadan hazırlanması tez-tez belə problemlərin ortaya çıxmasına yol açır. Halbuki bu tip qanunlar hazırlanarkən mövcud çətinliklər öncədən nəzərə alınmalı idi. Belə məqamlar nəzərə alınmadığından, kuryerlərin fikirləri öyrənilmədiyindən bir çox yeni qaydanın tətbiqi bu cür çətinlik və narazılıq doğurur.

Kuryerlərin budəfəki etirazları həbslərlə də müşayiət edilib. Əmək hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üç üzvü avqust ayında həbs edilib. Daha bir neçə üzv də polisə çağrılıb.

Kuryerlərin sosial profili

Bakıda fəaliyyət göstərən kuryerlər arasındakı sorğudan bəlli olur ki, kuryerlik sahəsində iş Bakı ilə yanaşı, regionlardakı insanlara da cəlbedicidir. 118 kuryerlə üzbəüz keçirilən sorğuya qatılan respondentlərin 44 faizi Bakıda, 56 faizi ölkənin digər ərazilərində qeydiyyatda olan şəxslərdir. Bu iki fərqli kateqoriyalı işçilərin kuryerliyə yönəlmə səbəbləri də fərqlidir. Bakıda qeydiyyatda olan kuryerlər niyə bu sahəni seçdikləri ilə bağlı suala cavabında ən çox "sərbəst iş qrafiki" variantını (43 faiz) seçib. Rayonlarda qeydiyyatda olan kuryerlərin bu sahəyə yönəldən başlıca səbəbsə "maddi ehtiyac"dır (45 faiz).

Kuryerlərin yararlandığı nəqliyyat vasitələri arasında ilk yeri velosiped tutur (47 faiz). Respondentlərin daha 36 faizi motosikl, 14 faizi moped istifadəçisi olub.

Kuryerlər arasında tələbə sayının yetərincə yüksəkliyi də diqqət çəkir. Sorğuya qatılan kuryerlərin 37 faizi tələbə olduğunu bildirib. Onlardan cəmi biri qiyabi, qalanları isə əyani təhsil aldığını söyləyib. Kuryer fəaliyyətinə bu qədər böyük maraq ölkədə yaşayan tələbələrin də öz xərclərini qarşılamaqda çətinlik çəkdiyini göstərir.

Kuryerlərin gəlir və xərcləri

Kuryerlər arasındakı sorğunun nəticələrinə görə, onların 48 faizinin aylıq gəliri 300-600 manat arasında dəyişir. Daha 17 faiz aylıq gəlirlərinin 600-900 manat arasında olduğunu bildirib. Kuryerlərin daha 22 faizi isə ayda 900 manatdan çox gəlir götürdüyünü deyib. Toplamda sorğu iştirakçılarının orta aylıq gəlirinin 646 manat olması üzə çıxıb. Bu, ölkə üzrə qeydə alınan orta aylıq əməkhaqqı göstəricisindən təxminən 25 faiz aşağı göstəricidir.

Onu da nəzərə almaq lazımdır ki, kuryerlər bu gəliri normadan artıq iş saatı hesabına əldə edir. Belə ki, sorğunun nəticələrinə görə, orta-statistik kuryerin həftəlik iş saatı 54 saatdır. Halbuki əmək müqaviləsi əsasında çalışanlar üçün bu göstərici 40 saatdır. Bu baxımdan, kuryerlərin həftəlik iş saatı Əmək Məcəlləsində göstərilən həddən ortalama 14 saat çoxdur. Bəzi kuryerlərdə bu fərq daha çoxdur, axı sorğuya qatılanların 8 faizi günlük hətta 12 saatdan çox işlədiyini bildirib.

Bunu da unutmaq olmaz ki, kuryerlər əmək müqaviləsi əsasında çalışmadıqlarından öz gəlirlərindən vergi də ödəməli olurlar. Digər tərəfdən, əməl müqaviləsinin olmaması kuryerlərə yanacaq, ehtiyat hissələri, nəqliyyat vasitəsinin təmiri kimi xərcləri də ödəməyə məcbur qoyur. Bu baxımdan, bir çox ekspertin fikrincə, kuryer və digər platforma işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı əsas problem onlara əmək müqavilələrinin tətbiq edilməməsidir. Sorğu nəticələri göstərir ki, hətta kuryerlərin önəmli bölümünün heç xidməti müqaviləsi də yoxdur. Respondentlərin 46 faizi VÖEN-inin olduğunu bildirib. Yerdə qalan kuryerlərsə araçı şirkətlər vasitəsi ilə bu işdə çalışdığını vurğulayıb.

Sorğuya qatılan kuryerlərin 47 faizi kirayədə qaldığını bildirib. Bu o deməkdir ki, kuryerlər yuxarıda qeyd edilən xərclərlə yanaşı, kirayə xərcləri də ödəyirlər. Bu baxımdan, bəlli olur ki, onların aylıq ortalama gəlirləri ən yaxşı halda aylıq xərclərini qarşılamağa yetir və heç bir yığım imkanı yaranmır. Beləcə, ağır iş şəraiti və az gəlir imkanı ilə yanaşı, qanunvericiliyin sərtləşdirilməsi də kuryerlərin durumunu bir qədər də ağırlaşdırır.

XS
SM
MD
LG