Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:51

ABŞ İsraildəki münaqişə ilə bağlı İrana xəbərdarlıq edir


Pentaqon ötən həftə bəyan etmişdi ki, İsrail sahillərinə özünün təyyarədaşıyan gəmisini göndərir
Pentaqon ötən həftə bəyan etmişdi ki, İsrail sahillərinə özünün təyyarədaşıyan gəmisini göndərir

ABŞ baş qərargah rəisləri birləşmiş komitəsinin komandanı general Çarlz K. Braun İrana İsraildəki böhrana müdaxilə etməməsinə dair xəbərdarlıq edib.

O bildirib ki, münaqişənin genişlənməsinə qarşıdır. Bəzi xəbərlərə görə Livandakı Hizbullah silahlı qruplaşması da İsrail ərazisini raketlərdən atəşə tutub.

Reuters yazır ki, Ağ Ev bundan əvvəl İranın bu münaqişədə əli olduğunu qeyd etsə də, Tehranın münaqişədə iştirakına dair dəqiq kəşfiyyat məlumatlarının olmadığını bildirmişdi.

İsrailin Livanı atəşə tutması nəticəsində üç Hizbullah silahlısının həlak olduğu xəbər verilir.

İsrail bundan əvvəl bir hərbçisinin Livandakı fələstinlilərlə atışmada öldürüldüyünü xəbər vermişdi.

Müşahidəçilər bildirirlər ki, Livan sərhədindəki zorakılıq İsrail və fələstinlilər arasında münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsindən xəbər verir.

İranın dəstəklədiyi Hizbullah 2006-ci ildə İsrailə qarşı dörd ay ərzində müharibə aparıb.

General Braun onunla birlikdə Brüsselə uçan jurnalistlərə deyib:

"Biz çox güclü bir mesaj göndərmək istəyirik. Biz bunun genişlənməsini istəmirik və İranın bunu aydın və yaxşı eşitməsinə çalışırıq”.

ABŞ hərbiyyəsi hazırda İsrailin hava hücumundan müdafiə sistemləri, sursat və silahlarla təchizatını kəskin artırıb.

Israil Qəzza ilə sərhədə tanklar toplayır. Quru əməliyyatı başlaya bilər
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

İran hücumu alqışlayır, amma iştirak etmədiyini deyir

Ötən həftəsonu Pentaqon bəyan etmişdi ki, İsrail sahillərinə özünün təyyarədaşıyan gəmisini göndərir.

Braun bildirib ki, “bu, İsrailə verdiyimiz güclü dəstəyin göstəricisidir”.

General Həmasın hərəkətlərini İslam Dövləti ekstremist təşkilatının fəaliyyətinə bənzədib.

Braun bundan əvvəl Yaxın Şərqdə İD-ə qarşı koalisiyanın fəaliyyətinə rəhbərlik edən ABŞ Mərkəzi Komandanlığı rəisinin müavini idi.

Bu arada, oktyabrın 10-da İranın ali rəhbəri ayətüllah Əli Xameneyi deyib ki, Tehran Həmasın İsrail üzərinə genişmiqyaslı hücumunda iştirak etməyib.

Bununla belə Xameneyi İsrail hərbiyyəsinə və kəşfiyyatına “sağalmaz yara” vurulmasını alqışlayıb:

"Biz sionist rejim üzərinə bu hücumu planlaşdıranların əllərindən öpürük. Həmasın zəlzələyə bənzəyən bu hücumu bərpası asan olmayacaq bir sıra kritik strukturları dağıdıb. Bu fəlakətin baiskarı sionist rejimin özüdür”.

Ölən israillilərin sayı 900-ə çatıb

İsrail Həması silahlarla təchiz etdiyinə görə daim Tehranı ittiham edib. İsrail dövlətini rəsmən tanımayan Tehran isə bildirir ki, Həmasa yalnız maliyyə və mənəvi dəstək verib.

İran 1979-cu il İslam inqilabından bəri fələstinlilərin İsrailə qarşı mübarizəsinə dəstəyi xarici siyasətinin prioriteti edib.

İsrail oktyabrın 10-da bildirib ki, Qəzza zolağı ilə sərhəd boyunca nəzarəti ələ alıb.

Xameneyi Qəzzaya cavab zərbələri ilə bağlı deyib:

"İşğalçı rejim özünü qurban kimi qələmə verərək cinayətlərini artırır. Bu səhv yoldur və daha böyük fəlakətlərə yol açacaq”.

İsrail telekanallarının məlumatına görə Həmasın hücumu nəticəsində ölənlərin sayı 900 nəfərə çatıb.

Qəzzanın Səhiyyə Nazirliyi azı 687 fələstinlinin həlak olduğunu, daha 3736 nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG