Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:01

Hökumətin yeni qərarları gələn il hansı qiymətlərə təsir göstərəcək?


Siqaret
Siqaret

2024-cü ildə Azərbaycanda tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələri artırılacaq. Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində belə deyilir.

Nəzərdə tutulan dəyişikliyə görə, aksiz dərəcəsi tütündən hazırlanan siqaret və əvəzedicilərinin hər min ədədi üçün 38.5 manatdan 45.5 manata yüksəldilir. Ənənəvi siqaretlərlə yanaşı, gələn il ölkədə son illər populyarlaşan elektron siqaret (hər bir ədədi üçün aksiz dərəcəsi 25 qəpikdən 2 manata) və qızdırılma nəticəsində (buxarla) istehlak edilən tütün məhsullarının (hər min ədədi üçün 14 manatdan 16 manata) qiymətlərinin qaldırılması nəzərdə tutulub.

Tütün məhsulları ilə yanaşı, spirtli içkilərə tutulan aksizlər də artırılacaq. Aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör məmulatları və konyak materiallarının hər litri üçün 4 manatdan 4.8 manata qaldırılır. Bütün bu artımlar son nəticədə həmin məhsulların maya dəyərini artıracaq. Bu da tütün məmulatları və spirtli içkilərin bahalaşması deməkdir. Nəticədə hökumət 2024-cü ildə aksiz daxilolmalarını 145 milyon manat və ya 12 faiz artırmağı proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, bu ilin ilk 9 ayında Azərbaycanda içki və tütün məmulatlarının alışına 1 milyard 751 milyon manat xərclənilib. Hazırda ölkədə pərakəndə ticarət dövriyyəsində içki və tütünün payı 4.3 faizdir. Deməli, ölkədə pərakəndə ticarət zamanı xərclənən hər 100 manatdan 4 manat 30 qəpiyi içki və ya siqaretə sərf edilir.

Maliyyə Nazirliyinin yayımladığı sənəddən bəlli olur ki, ölkədə spirtli içkilər və tütün məmulatlarının bahalaşmasına təkcə aksizlərin artırılması təsir etməyəcək. Sənəddə qeyd edilir ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyənləşdirilməsi yönündə addımlar atılır. Belə çıxır ki, bu dəyişiklikdən sonra hökumətin bəlli etdiyi qiymətdən aşağı qiymətə spirtli içki satmaq mümkün olmayacaq.

Bəzi məhsullar ƏDV-dən azad ediləcək

Maliyyə Nazirliyinin açıqladığı sənəddə gömrük rüsumları və ƏDV-də güzəştlər, bundan ötrü qanunvericilikdə dəyişikliklər edilməsi də əksini tapıb. Bildirilir ki, xaricdən gətirilən və minimum istehlak səbətinin tərkibində istifadə edilən ərzaq məhsullarına güzəştlər olacaq. Ayrıca sahəyə aid daxili istehsalda gərəkli aralıq məhsulların, habelə bir sıra texnika və avadanlığın xaricdən gətirilməsinə də güzəştlər tətbiq ediləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, şəkər, bitki və kərə yağı Azərbaycanda minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsullarıdır.

Güzəştlər qiymətlərə təsir edə biləcəkmi?

Son iki ildə Azərbaycanda özəlliklə ərzaq qiymətlərinin kəskin bahalaşması gözə çarpır. Ötən il ölkədə ərzaq inflyasiyası 20 faizi aşırdı. Bu il də eyni göstərici 15 faizə yaxındır. Bu qədər yüksək inflyasiya olsa da, hökumətin əlavə dəyər vergisinə (ƏDV) və gömrük rüsumlarına önəmli güzəştlər etməməsi indiyədək müstəqil ekspertlərin hökumətə ünvanlandığı əsas tənqidlər arasındadır. Bu baxımdan, qeyd edilən istiqamətlərdə, gec də olsa, güzəştlərin tətbiqi qiymətlərin səviyyəsinə bəlli dərəcədə təsir göstərə bilər.

Onu da unutmaq olmaz ki, son illər Azərbaycan inflyasiya hesabına proqnozdan çox gömrük gəliri əldə edib. Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyində bildirilir ki, Dövlət Gömrük Komitəsinin 2022-ci ildə topladığı vəsaitin 17 faizi - təxminən 961 milyon manatı inflyasiya hesabına formalaşıb. Qiymətlər bahalaşdığından həmin məhsullar üçün alınan ödənişlər daha yüksək olub. Başqa sözlə, ötən il Dövlət Gömrük Komitəsi inflyasiya hesabına gözləniləndən 1 milyard manat çox gəlir götürüb. Proqnozdan 1 milyard manat çox gömrük ödənişləri toplansa da, yüksək qiymət artımları şəraitində hökumətin gömrük rüsumlarına ciddi güzəştlər etməməsi haqlı tənqidlər doğurur.

Ancaq onu da nəzərə almaq lazımdır ki, indiki halda təkcə gömrük rüsumlarının azaldılması da bahalaşma səviyyəsinə ciddi təsir etməyə bilər. Axı hökumətlərin tətbiq etdiyi belə mexanizmlər o halda effektiv olur ki, bazarda rəqabət ortamı olur və iştirakçılar hökumətin bu tip addımlarına uyğunlaşmağa məcbur qalır. Amma Azərbaycanda bir çox sahələrdə rəqabət ortamının səviyyəsində ciddi problemlər var. Bu üzdən ölkənin iqtisadiyyatında rəqabət ortamını gəlişdirmədən gömrük rüsumlarının azaldılması, sadəcə, həmin məhdud sayda şirkətin xərclərini azalda bilər. Nəzərə almaq lazımdır ki, belə addımların atılmasındakı əsas məqsəd şirkətlərin xərclərinin azaldılmasına yol açıb daha çox gəlir götürmələrinə imkan yaratmaq deyil. Hökumət effektiv gömrük siyasəti ilə istehlakçıların artan xərclərinə təsir etmək imkanı qazanır. Bu səbəbdən indi Azərbaycanda hökm sürən yüksək inflyasiyanın önünün kəsilməsi baxımından, ölkədə iqtisadi fəaliyyətin liberallaşdırılması, bazara daxil olan hər kəsə eyni fürsətlərin yaradılması və bənzər amillər də çox vacibdir.

XS
SM
MD
LG