Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Səfir: Rusiyaya sanksiyalar onun Azərbaycanla münasibətlərinə töhfə verib


Prezident İlham Əliyev Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edir. 2023
Prezident İlham Əliyev Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edir. 2023

Rusiyaya qarşı sanksiyalar bu ölkənin Azərbaycanla münasibətlərinin inkişafına töhfə verib, iki ölkə arasında daha ciddi layihələrə təkan verib. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

2023-cü ildə ticarət dövriyyəsi 4.4 milyard dollara çatıb, milli valyutalarla qarşılıqlı ödəmələr 54 faizi keçib. Səfir Azərbaycanla Rusiyanın 2022-ci ilin fevralında imzaladığı müttəfiqlik münasibətləri barədə bəyannaməni ən vacib sənədlərdən biri adlandırıb.

"Sanksiyalar ona gətirdi ki, münasibətlərimiz daha da sıxlaşdı, sənaye kooperasiyasında çox ciddi layihələr reallaşdırılır. (Ticarət dövriyyəsində) 17 faizlik artım Azərbaycan ərazisindən reeksport deyil, bu, sənaye sahəsində böyük layihələr deməkdir", - səfir vurğulayıb.

Rusiya 2022-ci il fevralın sonunda Ukraynaya qarşı irimiqyaslı hücuma başlayanda Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

M.Yevdokimov "Şimal-Cənub" (Rusiya-Azərbaycan-İran) və "Şimal-Qərb" (Azərbaycan-İran-Naxçıvan-Türkiyə) nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin ildə 30 milyon tona çatıdırılmasını "nəhəng layihə" adlandırıb.

Sülh danışıqları

Səfir onu da deyib ki, Moskva Bakı ilə Yerevan arasında dinc yolla tənzimləmə prosesinin tamamlanmasına platforma verməyə hazırdır, ancaq Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında nəqliyyat dəhlizinin qurulması üzrə danışıqları uzadır.

Səfir 2023-cü ilin sentyabrında hərbi əməliyyatla Qarabağ məsələsinin bağlandığını, Rusiyanın tənzimləmə prosesində çox vacib rol oynadığını deyib.

Bu il sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə dair suala cavabında səfir deyib ki, Azərbaycan sülh sazişinin imzalanması üzrə danışıqların çox tez tamamlanmasına köklənib, "ancaq danışıqların tamamlanması üçün hər iki tərəfdə belə bir istək olmalıdır".

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Qarabağa nəzarəti bərpa etsə də, tərəflər sülh sazişi imzalamayıb. Ancaq Yerevan da sülh danışıqlarına sadiqliyini dəfələrlə bildirib, Bakını onu yubatmaqda ittiham edib.

Ermənistandan keçməli olan marşrut

2020-ci ildə imzalanmış atəşkəs bəyanatında Azərbaycandan Naxçıvana quru əlaqəsinin təmin olunması nəzərdə tutulub. Yerevan Azərbaycanın "Zəngəzur" adlandırdığı, Ermənistanın Sünik vilayətindən keçəcək bu marşruta özünün nəzarət etməsində israrlıdır. Ancaq sənəddə marşruta Rusiyanın nəzarət etməli olduğu yazılıb.

Səfir Yevdokimov təxminən 46 km-lik bu marşrutun təhlükəsizliyinin Azərbaycan üçün abstrakt mövzu olmadığını deyib: "Bu marşrutda tunellər, məncə, körpü də var. Rusiya Federasiyası onu tez, həm də öz puluna bərpa etməyə hazır idi. Müxtəlif, mənə aydın olmayan səbəblərdən erməni tərəfi danışıqları uzadır".

Bu iddialara Yerevan hələlik, reaksiya verməyib.

2020-ci il müharibəsindən sonra Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müddəti 2025-ci ildə başa çatır. Səfir deyib ki, hazırda Azərbaycan XİN ilə bu kontingentlə bağlı danışıqların növbəti raundunun tarixi razılaşdırılır.

XS
SM
MD
LG