Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:11

Astarada sahibkarın oğlu: 'Qorxuruq plantasiyanı bu yolla əlimizdən alsınlar'


Çay plantasiyası
Çay plantasiyası

85 yaşlı sahibkar, Astara rayon Züngüləş kənd sakini Müzəffər İmaməliyevin deməsinə görə, "başı qaldadır". O bildirir ki, öhdəsində olan çay plantasiyasını sənədləşdirmək üçün müvafiq qurumların heç biri onunla müqavilə bağlamaq istəmir.

Onun yaşadığı kənd rayonun dağlıq ərazisində, İranla sərhəddə yerləşir. Kənddən çay plantasiyasına qədər məsafə dörd kilometrdən çoxdur. Amma yol bərbad olduğundan onu qət etmək saatlar çəkir. M.İmaməliyev deyir ki, yolu özləri əl ilə salıblar. Yağışda, qarda bu yolda maşınla hərəkət etmək çətindir.

Onun dörd hektarlıq çay plantasiyasının yaxınlığından İranla sərhəd xətti keçir. İran tərəfi aydın görünür. M.İmaməliyev söhbətə bu sərhədlə bağlı xatirələrdən başlayır: "Burada Molotov adına kolxoz olub. Kolxoz 20 kəndi əhatə edib. SSRİ rəhbəri İ.Stalinin ölümü ərəfəsində yerli əhalinin İranla əlaqəsini bəhanə gətirərək kənd sakinlərini sürgün ediblər. İndi də evlərin qalıqları var. Sonralar bu yerlər Səncərədi adına sovxoza verilib. Həmin illərdə də çay plantasiyası salınıb. 1990-cı ildə Səncərədi sovxozu ilə müqavilə bağlayıb ailə podratı yaratdım. O dövrdən bəri çay plantasiyasına nəzarət və xidmət edirik".

Müzəffər İmaməliyev
Müzəffər İmaməliyev

"Müqavilə bağlamamaq üçün bəhanə..."

M.İmaməliyevin vurğulamasına görə, keçmiş dövrə qayıtması təsadüf deyil. Sahibkarın vurğulamasına görə, müraciət etdiyi qurumlar çay plantasiyasının salınma tarixini yaxın illərə salırlar: "Guya, bura meşə fondu torpağı olanda çay plantasiyası salınıb. Bu da müqavilə bağlamamaq üçün onların əlində bəhanə olub".

O, əvvəlki illərdə bağladığı müqavilələri göstərir. Deyir ki, 2003-cü ildə Astara rayon İcra Hakimiyyəti ilə 15 illik müqavilə bağlayıb. Əlavə də edir ki, bu illər ərzində hər hektara subsidiya və güzəştli gübrə alıb, vergi ödəyib. Bildirir ki, 2018-ci ildə də oğlu Nazim İmaməliyevin adına beş illik yeni müqavilə bağlayıblar. Beş il başa çatandan sonra müqaviləni uzatmaq üçün yenidən Astara rayon İcra Hakimiyyətinə müraciət olunub. Lakin bu dəfə müqavilənin müddəti uzadılmayıb.

Çay plantasiyasına gedən yol elə də rahat deyil
Çay plantasiyasına gedən yol elə də rahat deyil

"Canımızı burada qoymuşuq"

Deməsinə görə, icra hakimiyyəti səbəb kimi həmin torpaqların meşə torpaq fonduna aid olduğunu göstərib: "Bu illər ərzində çay bağını özümüz bərpa etmişik. Hər işi əl ilə görürük. Sahə uzaq olduğuna görə bura kənd təsərrüfatı texnikası gəlmir. Astaraçayın bir qolu var, ona "Latınçay" deyirlər. Burdan beş kilometr uzaqdadır. Oradan su çəkmişik, 4 min manat xərcimiz çıxdı. Hər dəfə xətti təmir edirik. Canımızı burda qoymuşuq".

M.İmaməliyevin yeddi övladı və nəvələri var. Bir oğlu Qarabağ müharibəsinin veteranıdır. O deyir ki, ailəsini çay plantasiyasının hesabına saxlayır: "Plantasiyaya aqrotexniki qaydada xidmət edirik. Şum işini də əl ilə görülür. Kənardan işçi cəlb edəndə hər birinə gündə 40 manat verilir. Yeməklə təmin olunur. Bizim ailələrimiz daxil olmaqla buradan doqquz ailə də evinə çörək aparır. Ona görə plantasiya yüksək məhsuldarlığa malikdir. İldə 30 tona yaxın yaşıl çay yarpağı götürürük. Çay fabriki bir kiloqram yaşıl çay yarpağını 1 manat 45 qəpikdən alır. Qazancımız xərcimizi güclə ödəyir. Yaşayırıq. Kiməsə borclu qalmırıq".

Sübhan İmaməliyev
Sübhan İmaməliyev

"Çay sahələrində indi villalar ucalır"

Yaxınlıqda durub söhbətimizi dinləyən M.İmaməliyevin oğlu Sübhan İmaməliyev yaranmış vəziyyətlə bağlı narahatçılığını gizlətmir: "Qorxuruq plantasiyanı bu yolla əlimizdən alsınlar. Nümunəvi təsərrüfat qurmuşuq, dağ yerində iş yeri yaratmışıq. Qalmışıq odla su arasında. Müqavilə olmadığına görə dövlət yardımından faydalana bilmirik. Şirkətdən avans alırıq. Yaşıl çay yarpağını fabrikə verəndə pulunu çıxırlar. Əlimizdə pul qalmır, problemimizi həll olunmur. Ölkədə bahalaşma olsa da, yaşıl çay yarpağın satış qiyməti yerində qalır".

Onun deməsinə görə, artıq plantasiyada işlər dayanıb: "Kimlərsə süni şəkildə bizim üçün problemlər yaradır. "Cayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət proqramı" kağızda qalıb. Gedişatdan belə başa düşürəm ki, bu çay plantasiyasının taleyi məhv edilmiş çay bağları kimi olacaq. Həmin məhv edilmiş yaşıl çay sahələrində indi imkanlı adamların villaları ucalır".

Bu yolları keçə bilən yeganə nəqliyyat vasitəsi
Bu yolları keçə bilən yeganə nəqliyyat vasitəsi

Çay plantasiyasının qonşuluğunda yenicə inşa edilmiş fərdi yaşayış evi diqqətimizi çəkir. Yerli sakinlər evin kimə məxsus olduğunu bilmirlər. Adının çəkilməsini istəməyən Züngüləş kənd sakinin dediyinə görə, bu əraziləri "Astaranın cənnəti" hesab edirlər: "Bura dağ yamacıdır, meşəlikdir. Suyu və havası təmizdir, həm də sakitlikdir. Ona görə buraya maraq çoxdur. Kənddə işsizlikdir, cavanlar iş dalınca Bakıya gedirlər, çoxları geri qayıtmır. Bizdə maldarlıqdır. Bir də bu çay plantasiyası. Onu da müxtəlif bəhanələrlə əlimizdən almaq istəyirlər".

"Prezidentimiz xəbər tutsa, kömək edər"

M.İmaməliyevdən ayrılanda deyir ki, rayon üzrə çay sahələrində məhsuldarlıq 2.4 ton olduğu halda, onların plantasiyalarında bu rəqəm 7.5 tondur. Sonra da təkrar-təkrar belə deyir: "Çay plantasiyası son ümid yerimizdir. Prezidentimiz xəbər tutsa, kömək edər".

M.İmaməliyev bu məsələ ilə bağlı ölkə prezidentinə də rəsmi məktubla müraciət edib. Bundan sonra iki qurumdan- Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən və Astara rayon İcra Hakimiyyətindən ona cavab məktubları gəlib.

Yaxınlıqdan İranla sərhəd xətti keçir
Yaxınlıqdan İranla sərhəd xətti keçir

Rəsmilərin cavabı...

Cavablardan bəlli olur ki, Astara rayon İcra Hakimiyyəti şikayətçiyə müqavilə bağlamaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməyi tövsiyə edib. Nazirlik isə cavab məktubunda yazıb: ""Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Qanuna... əsasən, milli parkların ərazilərində qeyd etdiyiniz fəaliyyətin həyata keçirilməsi mühafizə rejiminə uyğun deyil".

Öz növbəsində nazirlik vətəndaşa məsləhət görür ki, Astara rayon İcra Hakimiyyətinə müraciət etsin. İcra hakimiyyəti başçısının müavini İlqar Malıyev də bununla bağlı onlara müraciət olunduğunu deyir: "Müzəffər İmaməliyev bizə müraciət edib. Əslində o ərazilər meşə torpaq fondu olub. Götürüb dövlət torpaq fondu kimi sənədləşdiriblər. Orada böyük zəhmət çəkib, onu başa düşürük. Biz onun üçün Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinə məktub yazdıq. Oradan cavab gəldi ki, həmin torpaq meşə fonduna aiddir və müvafiq orqana müraciət etmək lazımdır. Biz ona demişik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsin, "həmin torpağı sənə icarəyə versinlər". Biz ona tövsiyə məktubu vermişik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ayrılıqda əlaqə saxlamaq mümkün olmadı.

Astara rayonunda 231 hektardan çox məhsuldar çay sahəsi var. Bu il cəmi 536 ton yaşıl çay yarpağı istehsal olunub. Yaxın keçmişdə isə bu rayonda ildə 7 min tona yaxın yaşıl çay yarpağı tədarük edildiyi bildirilir.

XS
SM
MD
LG