Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Qarabağda erməni və azərbaycanlıların ev həsrəti


Dağlıq Qarabağdan olan qaçqınlar yük maşınları ilə Ermənistanın sərhədyanı Kornidzor kəndinə gəlirlər. 26 sentyabr 2023
Dağlıq Qarabağdan olan qaçqınlar yük maşınları ilə Ermənistanın sərhədyanı Kornidzor kəndinə gəlirlər. 26 sentyabr 2023

Ötən il – sentyabrın 19-da Azərbaycan Ermənistanın ötən əsrin 90-cı illərdə işğal etdiyi Dağlıq Qarabağ ərazisini azad etdi. 24 saat içində Dağlıq Qarabağın de-fakto erməni rəhbərliyi təslim oldu. Bir neçə gün ərzində ərazinin sadəcə ermənilərdən ibarət olan bütün əhalisi buranı tərk etdi.

AzadlıqRadiosunun əməkdaşları Eva Bağdasaryan, Coşua Kuçera və radionun Azərbaycan xidmətinin hazırladığı məqalədə deyilir ki, SSRİ-nin dağılmasından bəri ikinci dəfədir ki, bütöv bir etnik qrup bu ərazini tərk edir. 1990-cı illərdə Azərbaycanın bu torpaqları itirməsi ilə azərbaycanlı əhali buradan didərgin düşmüşdü.

Azərbaycan bir il öncə azad etdiyi ərazilərin bərpası və yenidən məskunlaşdırılması istiqamətində işlər görür.

"Deyirdim, haranı qazsan, insan sümükləri çıxacaq"

"Mən Xocalını ruhlar şəhəri kimi təsəvvür edirdim. Düşünürdüm ki, öldürülən insanların ruhları göylərdə uçur. [Deyirdim] haranı qazsan, insan sümükləri üzə çıxacaq. Ancaq ilk səfərimdən aldığım təəssürat fərqli və, əsasən, müsbətdir. Son ildə çoxlu yeni binalar tikilib. Hər şey dəyişib", - 1990-cı illərdə evini tərk evini tərk edərək qaçqın düşən, bu vaxtadək Pirşağıda yaşayan Vəsilə Məmmədova belə deyir. O, gələn il öz doğma torpağına dönməyə ümid bəsləyir.

Vəsilə Məmmədova
Vəsilə Məmmədova

Qarabağı tərk edən ermənilərsə öz həyatlarını yenidən qurmağa çalışırlar. Jurnalist Tatevik Xaçatryan altı qohumu ilə birgə Yerevanın uzaq bir qəsəbəsində, sovet dövründən bəri təmir üzü görməyən bir mənzildə yaşayır. Ev köhnə olsa da, onların büdcəsini aşan xeyli xərc istəyir. Xaçatryana elə gəlir ki, Ermənistan hökuməti insanları unutmağa çalışır.

"Bütün bu faciəli hadisələrdən sonra Ermənistanda, bircə gün də olsun, matəm elan edilmədi. Artsaxın (ermənilər Qarabağı bu cür adlandırır) xatirə… günü yoxdur. Belə görünür ki, Artsax Respublikası (tanınmamış qurum idi-red.) səhifəsini tam bağlamaq üçün səy göstərilir", - Xaçatryan belə deyir.

Azərbaycan Dağlıq Qarabağ ətrafındakı, işğaldan qurtarılmış yeddi rayonun bərpasına 2020-ci ildə başlayıb. Di gəl, buradakı şəhər və kəndlərin bir çoxu 1990-cı illərdə yer üzündən silinib və ərazinin xeyli hissəsi minalanıb. Qarabağın yalnız ötən il azad edilən bölümü, əsasən, məskunlaşmış ərazi olduğundan infrastrukturu toxunulmamış qalıb.

Əvvəllər üzərində erməni dilində "Artsax Dövlət Universiteti" yazılan binanın yazıları sökülüb və yeni Qarabağ Universitetinin açılışına hazırlıq görülüb. Sovet dövründə bura Stepanakert Dövlət Pedaqoji İnstitutu idi. Keçmiş separatçı administrasiyanın tikdiyi binalarsa sökülüb.

Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramında - bu binalar söküləndən sonra belə demişdi: "Daha burada separatçıların izi-tozu qalmadı. Son təmizlik işini də Novruz tonqalı görür".

Qarabağda yeni salınan Ağalı kəndi
Qarabağda yeni salınan Ağalı kəndi

Məskunlaşma yavaş gedir

Tikinti işləri sürətlə getsə də, Qarabağın yenidən məskunlaşdırılması yavaş gedir. İyulun sonuna olan məlumata görə, 8 min keçmiş sakin Azərbaycanın 2020-ci ildən bəri azad etdiyi ərazilərə geri dönüb. Daha 3 min adam bölgənin əsas şəhəri olan Xankəndiyə köçüb. Onların bir bölümü Xankəndi Universitetində çalışacaq. Xankəndi Universiteti bu payız 1100 tələbə ilə fəaliyyətə başlayır.

Azərbaycanın ötən il azad etdiyi ərazilərin arasında Vəsilə Məmmədovanın doğma şəhəri Xocalı da var. İyun ayında artıq 50 ailə Xocalıya geri dönmüşdü. Hökumət ilin sonunadək daha 228 ailənin burada məskunlaşacağını bildirir.

Ancaq yenidənqurma prosesi korrupsiya və səmərəsizlik halları ilə bağlı tənqidlə müşayiət olunur. Sakinlərin istəklərinin nəzərə alınmamasına dair də şikayətlər var. Əliyev may ayında Xocalıya gələrək çoxmərtəbəli yaşayış binalarını nümayiş etdirmişdi. Ancaq V.Məmmədova əvvəlki kənd həyatını istəyir.

Onun oğlu 2023-cü ilin sentyabrından az sonra Xocalını ziyarət edərkən evləri dağılsa da, təməlinin qaldığını görübmüş. Ancaq növbəti ziyarətində ailə evlərinin əvvəlki yerində tikinti sahəsinin olduğunu görüb.

"Mən hökumətdən xahiş etdim ki, həyətimizi bizə geri versin. Ancaq bizə dedilər ki, şəhər hökumətin planına görə yenidən tikilir və onlar bizə Xocalının başqa bir hissəsində oxşar ölçüdə torpaq sahəsi verə bilərlər", - V.Məmmədovanın oğlunun sözləridir.

Onun sözlərinə görə, hökumətin tikdiyi "gözəldir, ancaq onlar bizə bircə dənə toyuq saxlamağa icazə vermirlər. Biz Moskvada deyil, Xocalıda - kənddə yaşamışıq. Görürsünüz, burada (Pirşağıdakı həyətini göstərir) nə qədər toyuq-cücəm var. Mən yumurtaya pul vermirəm. Toyuğu kəsirəm, uşaqlarım yeyir. Orada da eyni cür olmasını istəyirik, ancaq bunun üçün şərait yoxdur".

Qarabağdan Ermənistana gələn qaçqın kütləsi Ermənistanın toplam əhalisinin 4 faizi qədərdir. Onların bir hissəsi qohumlarının evində, kirayədə, yaxud hökumətin verdiyi qaçqın yataqxanalarında qalır.

Hələ də qeyri-müəyyənlik var

Ancaq bir il ötsə də, Qarabağın erməni qaçqınlarının gələcəyi ilə bağlı hələ də qeyri-müəyyənlik var. Hökumət qaçqınlara verdiyi kirayə subsidiyalarını gələn ilin əvvəlindən kəsəcəyini elan edib və qaçqınların ev almasına kömək məqsədilə birdəfəlik ödəmə proqramına başlayıb. Ancaq hüquq müdafiə təşkilatları bu proqramdan narazıdır.

Dağlıq Qarabağdan olan qaçqın Ermənistanda papaq tikir.
Dağlıq Qarabağdan olan qaçqın Ermənistanda papaq tikir.

Dağlıq Qarabağa dair videopodkast aparan Xaçatryan deyir ki, onun ailəsi proqramın üçüncü mərhələsinə, yəni 2027-ci ilədək hökumətdən pul ala bilməyəcək: "Adamlar ümidlərini tam itirib və olanla barışıblar. Bu o deməkdir ki, insanlar mühacirət etməli olacaqlar, axı hansısa Tixoretskdə [Rusiyada] kirayə ev tutmaq Ermənistandan daha ucuzdur".

"Artsaxdan gələn adamlara qarşı açıq-aşkar ayrıseçkilik var. Buna media, hökumətin təbliğatı təsir edir. Onlar deyirlər ki, "Biz filan şeyi Artsaxdan olanlara veririk. Reallıqda isə bizə heç nə vermirlər", - Xaçatryan belə deyir.

10 mindən çox Qarabağ qaçqını artıq Ermənistanı tərk edib. Onların çoxu Rusiyaya üz tutub.

Qarabağ ermənilərinin Qarabağa dönmək hüququnu hökumətin təbliğ etməməsi qaçqınları və bir çox digər erməniləri ruhdan salıb.

ABŞ, Avropa və Rusiya rəsmiləri münaqişənin həllinə dair bəyanatlarında erməni əhalinin Qarabağa qayıtmaq hüququnu qeyd edib. Ancaq Ermənistan hökumətinin özünün bu ehtimalın üzərinə soyuq su tökməsi onu göstərir ki, bu məsələ sadəcə daxildəki siyasi müxalifətin gündəliyindədir.

"Dağlıq Qarabağ xalqını qayıtmaq imkanının olmasına inandırmağa çalışanların hamısı Ermənistanın boynuna yeni siyasi xalta taxmaq üçün gərginlik yaratmağa çalışan avantüristlərdir…", - hakim "Vətəndaş Sazişi" partiyasının parlamentdəki təmsilçisi Artur Ovannisyan AzadlıqRadiosunun erməni xidmətinə belə deyib.

Xocalı və Xankəndi sakinləri geri qayıdıb ermənilərlə birgəyaşayışa necə baxırlar?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

"Gələcəkdə hansı geosiyasi dəyişikliklərin olacağını bilmirik"

Xaçatryan uzunmüddətli perspektivdə özünün və digər ermənilərin siyasi və hərbi şərtlərin dəyişəcəyinə ümid bəslədiklərini söyləyir: "Heç birimiz gələcəkdə hansı geosiyasi dəyişikliklərin olacağını bilmirik. Bəlkə, işlər elə dəyişəcək ki, …Artsax yenidən ermənilərin olacaq. Bu, ən azı, mənim uşaqlarıma aşıladığım arzudur".

Azərbaycansa belə fikirləri revanşizm sayır və ermənilərin Qarabağı yenidən ələ keçirmək iddialarına son qoymağa çalışır. Ermənistanın hələ də Ermənistanla Qarabağın "yenidən" birləşdirilməsindən danışan konstitusiyasını dəyişdirməsini də bu üzdən tələb edir.

Əgər Əliyev 2023-cü ilin sentyabrından öncə Qarabağın erməni sakinlərinin qalmalı olduğunu deyirdisə, artıq bu cür fikirlər dilə gətirilmir. Əliyev artıq separatçı rəhbərlikdən başqa hər hansı erməni əhalidən söz açmır.

Öz torpaqlarına geri dönən azərbaycanlılar arasında da erməni qonşularının geri dönməsinə maraq çox deyil.

V.Məmmədova deyir ki, birinci müharibədən əvvəl azərbaycanlılarla ermənilər arasında çoxlu dostluq əlaqələri vardı: "Ancaq indi yox". Onun əri Ramil birinci müharibədə - 1992-ci ildə həlak olub: "Mənim dörd uşağım atasız qalıb. Özüm evsiz qalmışam. Mən onlarla necə dost ola bilərəm? Bəlkə, zaman bu problemi həll edər, bilmirəm. Ancaq mənim ürəyim sağalmayacaq".

XS
SM
MD
LG