Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:16

Aİ-nin Ermənistandakı missiyası gərginlik yaradır? Prezident sanksiyalardan danışır


İlham Əliyev və Co Bayden
İlham Əliyev və Co Bayden

Bu həftə ABŞ-Azərbaycan münasibətlərində artan gərginlikdən, Aİ-nin Ermənistandakı missiyasına yeni ittihamlardan, o cümlədən Tərtər cinayətlərində adı hallanan Mais Bərxudarovun vəzifədən kənarlaşdırılmasından danışırıq.

Ötən həftənin sonundan bəri Azərbaycan hakimiyyətinin ABŞ-yə yönəlik qəzəbli bəyanatları bu həftə də kəsilmədi. Prezident İlham Əliyev ABŞ konqresmenlərinin dövlət katibi Entoni Blinkenə insan haqları, siyasi məhbuslara azadlıq çağırışını "çirkin" adlandırandan sonra Milli Məclisin bir qrup üzvü cavab məktubu yaydı. Deputatlar xarici işlər naziri Ceyhun Bayramovdan xahiş etdilər ki, ABŞ ilə münasibətlərə yenidən baxılsın, konkret iki sazişə xitam verilsin, USAID-in Azərbaycandakı layihələri dayandırılsın.

Dövlət Departamentinin sözçüsü isə "Turan" agentliyinin Vaşinqton müxbirinin mövzu ilə bağlı sualına cavabında deyib ki, "Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir".

Azərbaycanla ABŞ arasında hansı ikitərəfli razılaşmalar var və onların dayandırılmasından tərəflərin itkisi nə olar? AzadlıqRadiosu #İzahla proqramında bu suala cavab axtarıb.

'ABŞ bütün qırmızı xətləri keçmək üzrədir' - ABŞ-Azərbaycan gərginliyindən kim itirəcək?
Gözlə

No media source currently available

0:00 0:12:21 0:00

"907-ci düzəliş" qüvvəyə minib?

Prezident Əliyev bu həftə Moskvada MDB Dövlət Başçıları Şurasının iclasına qatıldı, rusiyalı həmkarı Vladimir Putinlə görüşdü. Prezident "Rossiya-1" televiziyasına müsahibəsində yenə ABŞ-nin ünvanına sərt bəyanat səsləndirdi. O, Vaşinqtonu Azərbaycana sanksiyaları özünə gərəkdiyi zaman kəsimində, Əfqanıstana tranzit daşımalı vaxtı aradan qaldırmaqda, sonradan bərpa etməkdə suçladı. Prezidentin sözlərinə görə, ABŞ administrasiyası "ABŞ Əfqanıstandan qaçana qədər" hər il bu sanksiyaları öz qərarı ilə ləğv edib, bundan sonra həmin sanksiyalar yenidən tətbiq olunub.

Azadlığa Dəstək Aktına "907-ci düzəliş" 1992-ci ildə elə bu qanunla birlikdə qəbul olunub, Birləşmiş Ştatların Azərbaycan hökumətinə birbaşa yardımını qadağan edir. Ancaq sonradan konqresmenlər bu düzəlişi dəyişərək prezidentlərə terrorçuluğa qarşı əməliyyatlarda Azərbaycana hərbi yardım imkanı yaradıblar.

Ötən ilin noyabrında ABŞ Senatının qəbul etdiyi qanun layihəsi isə 2024-2025-ci maliyyə illərində Azərbaycana yardımla bağlı administrasiyanın "907-ci düzəliş"i dondurmaq səlahiyyətini aradan qaldırıb.

İ.Əliyev: "Bu cəhdlər əbəsdir"
İ.Əliyev: "Bu cəhdlər əbəsdir"

Prezident özü xarici mediaya cavab verir

Noyabrda keçiriləcək BMT-nin COP29 iqlim konfransı öncəsi beynəlxalq insan haqları qrupları Azərbaycana çağırışları artırır. Bu həftə "Human Rights Watch" və "Freedom Now" insan haqları təşkilatları birgə hesabatda bildirdilər ki, Azərbaycanda hökumətin tənqidçilərinə, müstəqil qruplara və mediaya qarşı "kinli" hücum aparılır. "Amnesty International" təşkilatı isə narahatdır ki, tənqidçilər özəlliklə COP29-dan sonra, ölkə artıq diqqət mərkəzində olmayanda ağır qisasla üzləşə bilərlər. Qurum Azərbaycan hakimiyyətinin COP29 öncəsi, tədbir keçirilən vaxt və sonra ətraf mühit fəalları və insan haqları müdafiəçiləri ilə rəftarını izləyəcəyini bildirir.

Xarici media orqanları da son vaxtlar Azərbaycanda insan haqları, demokratik durumu daha çox tənqid etməyə başlayıblar. Elə hakimiyyət də onlara daha uca səslə etirazını bildirir. Belə ki, prezident Əliyev COP29 öncəsi tədbirin iştirakçılarına müraciətində bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan "qarayaxma" kampaniyasına toxunub. O deyib ki, bu cəhdlər əbəsdir, "bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz".

Mais Bərxudarov
Mais Bərxudarov

Orduda kadr dəyişiklikləri?

Həftənin digər diqqətçəkən olayı Azərbaycan ordusundakı kadr dəyişikliyi olub. Yerli media general-mayor Vilayət Quliyevn 2-ci ordu korpusuna komandir təyin olunduğunu, həmin korpusun komandiri general-leytenant Mais Bərxudarovun sərəncama götürüldüyünü yazıb. Hökumətyönlü media bu xəbəri yayarkən hər iki generalın 44 günlük Qarabağ savaşındakı xidmətlərinə görə mükafatlandırıldığını da qeyd edir. "Turan" agentliyi daha iki ordu korpusu komandirinin vəzifəsindən azad edildiyini yazıb.

M.Bərxudarovun adı "Tərtər", "Beyləqan" işləri kimi tanınan, dövlətə xəyanət ittihamı üzrə məhkəmələrdə hallanırdı. Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsini icra etmiş Bəkir Orucov məhkəməsində deyirdi ki, onu general olduğuna görə həbs ediblər, məqsəd də "Tərtər işgəncələri" olayında zərərçəkmişlərin və cəmiyyətin gözündən pərdə asmaq olub: "Xainlər siyahısını kim tərtib edib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim?".

Tərtər işi

2017-ci ildə "Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlara 20 ilədək həbs cəzası kəsilib.

2021-ci ilin dekabrında yenidən araşdırmalar başlanandan bəri dövlətə xəyanətdə suçlanan şəxslərdən 19 nəfərin işinə də yenidən baxılıb və onlar bəraət alıblar. Hüquq müdafiəçiləri 14 nəfərin işgəncələrdən öldüyünü deyirlər. Ölənlərdən beş nəfərə sonradan bəraət verilib.

Bu iş çərçivəsində təkrar istintaq aparılıb, cəzalandırılanlar olub. Ancaq ittiham olunanlar özlərini təqsirli bilməyib, daha yüksəkrütbəli ordu rəhbərlərinin çağırılıb dindirilməsini tələb ediblər. Elə zərərçəkənlər də işin sifarişçilərinin cəzasız qaldığını deyirlər.

General-leytenant M.Bərxudarov ünvanına səslənən ittihamları qəbul etməyib, məhkəmədə deyilənlərin gerçəyi əks etdirmədiyini deyib. Onun sərəncama götürülməsini bəzi müşahidəçilər cəzalandırılması kimi yozublar. Digərləri başqa vəzifəyə təyin olunacağını istisna etmirlər.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə M.Bərxudarovun adının məhkəmələrdə çəkilməsinə baxmayaraq, indi vəzifədən kənarlaşdırılmasını nə Tərtər, nə də Beyləqan hadisələri ilə bağlı olduğunu deyir. Təhlilçi daha iki korpus komandirinin də vəzifəsindən azad olunmasının arxasında başqa səbəblər ola biləcəyini deyir. "Tərtər işi"nə gəlincə, bu cinayətdə əli olan hər kəsin vəzifədə böyüdüldüyünü vurğulayır: "Əgər bu cinayətlərin istintaqı düzgün getsəydi, 1-ci ordu korpusunda komandir səlahiyyətlərini icra edən Teymur Məmmədov birinci həbs olunmalı idi, ona qarşı həmin işdə təqsirləndirilənlərin ifadələri vardı. Onun qətl icra etdiyi, işgəncə verdiyi deyilir. Həmin briqadada ən çox zərərçəkmiş və qətllər olub. Amma onu başqa bir korpusdan gətirib korpus komandirinin səlahiyyətlərini icra edən təyin etdilər".

Polkovnik T.Məmmədov Tərtərdə hərbi hissənin komandiri olub. O, məhkəmədə şahid kimi dindirilib, işgəncələrdə iştirakı haqda deyilənləri "böhtan" adlandırıb.

Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində
Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində

Ermənistandakı Aİ missiyasından narazılıq

Bu həftə Rusiya və Azərbaycandan Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasından narazılığı da bir daha gündəmə gəldi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Moskvanın həmin missiyadan narazılığını dilə gətirməsindən bir gün sonra Bakıdan da oxşar bəyanat səsləndi.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev dedi ki, şərti sərhədin Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirir. Rəsmi Bakı sözügedən missiyanı əvvəllər də zaman-zaman tənqid edib, sərhəddə casusluq fəaliyyəti apardığını iddia edib.

Ötən həftə isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Aİ müşahidəçilərini Rusiya və onun partnyorlarının marağı əleyhinə və spesifik NATO ölkəsi üçün kəşfiyyat tapşırığı yerinə yetirməkdə suçlayıb.

Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano AzadlıqRadiosuna özəlliklə Rusiya rəsmilərindən gələn hər "cəfəngiyat" və dezinformasiyanı şərh etmədiyini deyib. Bununla belə, sözçü missiya barədə əsas faktları bir daha sadalayır: "Ermənistandakı Aİ missiyası Ermənistan hakimiyyətinin xahişi ilə yerləşdirilib, beynəlxalq səviyyədə tanınan ikitərəfli sərhədin Ermənistan hissəsində fəaliyyət göstərir. Bu silahsız, dinc missiya Aİ-nin regionda sülhü irəli aparmaq səylərini dəstəkləmək üçün yerləşdirilib. Missiya heç kəsə qarşı yönəlməyib: müşahidə aparmaq, etimadı gücləndirmək üçün göndərilib. Keşik çəkmək, yerdəki vəziyyəti müşahidə etmək və bu barədə hesabat verməklə Ermənistanla Azərbaycan arasında normallaşma cəhdlərinə töhfəsini verir".

P.Stano onu da əlavə edir ki, Aİ bu missiya barədə Azərbaycan hakimiyyətini bilgiləndirir, missiya Azərbaycanla gələcəkdə də əməkdaşlığa hazırdır.

"Aİ Ermənistanla Azərbaycan arasında davamlı sülh naminə bütün səyləri dəstəkləməyə tam sadiq qalır", – sözçü vurğulayıb.

XS
SM
MD
LG