Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:01

Eyvaz Zeynalov "Tələ" (Povest)


Növ­bə­ti də­fə­də Bakıya çathaçatda Nazi­lə xə­bər vermək üçün Dila­rə­dən Saranın vi­zit kartı­nı is­tə­di. Halbuki Saranın telefon nöm­rə­si­ni əz­bər bi­lir­di. Amma oyunu elə oynamaq lazım­dı ki, oyun olduğu duyulmasın. Dila­rə yalandan cib­lə­ri­ni eşə­lə­di, üst-başı­nı axtardı, itir­di­yi­ni söy­lə­di. Bu da onun oyunuydu, Sara ilə gö­rüş­mək is­tə­mir­di. Dila­rə Nazi­lə­nin oyununu tə­bii qəbul etdi­yi ki­mi, Nazi­lə də öz məz­hə­bin­də Dila­rə­nin oyununu tə­bii qəbul etdi. Vaysın­dı ki, gə­rək vi­zitkanı özü saxlayaydı. Dila­rə dedi:
- Vaysınma, gedək yenə öz tanı­şı­yın yanına...
Nazi­lə tez razılaşsa da talkuçkanı dolana-dolana Dila­rə­ni aparıb "təsa­dü­fən" Saranın düka­nına çıxartdı. Bazar o qə­dər qarı­şıq idi ki, hara necə getdik­lə­ri­ni Dila­rə hə­lə yaxşı bil­mir­di. Guya dükanları gə­zə-gə­zə gedir­di­lər. Qə­fil­dən Sara ilə qarşılaşanda göz­lə­ri­nə inanmadı.
- Boy, ağız, Dila­rə, bu Sara deyil?.. - Nazi­lə sü­ni bir təəc­cüb və sevinc­lə Dila­rə­nin qolundan dartdı. - Təsa­dü­fə bax, sən allah!.. Qəs­də durub axtarsan, heç tapmaz­san... - Dila­rə ürə­yin­də Nazi­lə­dən şüb­hə­lən­sə də üzə vurmadı.
- Hə­mi­şə siz gə­lə­si­niz!.. - Sara onları gü­lə­rüz­lə qarşıla­dı. - Bəs ni­yə xə­bər­siz-ətər­siz?..
Nazi­lə vi­zitkanı itir­dik­lə­ri­ni söy­lə­di. Sara tezbazar çay süf­rə­si açdır­dı. Arada bayıra çı­xıb cib telefonu ilə İlhama zəng elə­di. İlham şappadanxeyir bö­yür­dən çıx­dı. Hə­lə içə­ri gir­mə­miş:
- Hardasan, Sara?.. - deyib onu harayladı.
Sara gü­lə-gü­lə İlhama sarı çön­dü.
- Balam, sən hara, bura hara? Qulağına səs də­yib? Nə bil­din Dila­rə qonağım­dı?..
- Kim?.. Dila­rə?.. O hansı Dila­rə­di?.. - İlham da oyuna qatıl­dı.
- Keçmiş rə­fi­qə­mi, dostumuzu deyi­rəm də?.. - Sara əliy­nən arxası İlhama tə­rəf oturmuş Dila­rə­ni gös­tər­di. - Bax, gör tanıya bi­lir­sən?.. Bu da onun rə­fi­qə­si­di...
İlham Dila­rə­ni içə­ri gi­rən ki­mi qaralamış­dı. Ürə­yi əsə-əsə irə­li yeri­di.
- Çox şadam! - Gü­lüm­sə­yə­rək Dila­rə­nin qarşı­sında dayanıb əl uzatdı. - Salam, buralara xoş gəl­mi­si­niz...
Dila­rə əlacsız qalıb onun əli­ni tutdu. Özün­dən ası­lı olmayaraq qıp­qır­mı­zı qızardı.
- İlham bi­zim ümumi dostumuzdu. - Sara İlhamı Nazi­lə­yə nişan verdi. - Qabaqlar üçü­müz də şə­hər­də bir mağazada satı­cı iş­lə­mi­şik. İn­di mə­nim ki­mi İlhamın da həm şə­hər­də, həm də burda, bazarda iri toçkaları, mağazaları var.
- Çox gö­zəl, çox paki­zə!.. - Nazi­lə sevin­di­yi­ni bil­dir­di.
- Yaxşı, xeyir ola, siz burada neynir­si­niz?.. - İlham soruşdu. - Yə­qin xeyir iş-zad üçün alış-veri­şə çıx­mı­sı­nız? - Sara aydınlaşdıranda məmnunluqla gü­lüm­sə­di. - Belə de. İn­di­cə gedə­rik mə­nim də skladıma baxar, nə lazım­dısa gö­tü­rər­si­niz...
- Uzaqdadı?.. - Nazi­lə İlhamın sö­zü­nü göy­də qapdı.
- Yox, qonşuluqda, Sə­də­rək­də­di...
- Biz dükanları gə­zə-gə­zə elə Sə­də­rə­yə gedir­dik. - Nazi­lə dedi.
- Nə­yə, xeyir­di­mi? - Sara soruşdu.
- Sə­də­rək­də köh­nə tanı­şım var.
- Az, biz­dən köh­nə olmayacaq ki! - Sara dedi. - Sağlı­ğı­nıza hər iki bazar əli­miz­də­di. Nə is­tə­sə­niz İlhamla tapıb dü­zəl­də­cə­yik.
- Bu Dila­rə çox qə­ri­bə adamdı. - Nazi­lə gah Saraya, gah da İlhama baxdı. - İna­nır­sı­nız, in­di­yə­cən si­zin haqqı­nızda mə­nə bir kəl­mə də demə­yib...
- Onu qınamayın, - Sara Dila­rə­yə haqq qazandır­dı. - Bi­zim iş­lə­ri­miz­dən xə­bər­siz­di.
- Yaxşı, Dila­rə, fik­rin nə­di, ni­yə din­mir­sən?.. - Nazi­lə saatı­nı gös­tər­di. - Vaxt keçir, axşam qayıtmalı­yıq.
- Belə elə­yək də, - Sara yenə Dila­rə­ni qabaqladı, - gedək əv­vəl İlhamın skladına baxın. Tə­zə mal gə­ti­rib. Məs­lə­hət­lə­şin, necə is­tə­sə­niz, o cür də edə­rik. Düz demi­rəm, İlham?..
- Əl­bət­tə!.. - İlham təs­diq­lə­di. - Deyin gö­rüm, si­zi əsas hansı mallar maraqlandı­rır?..
- Xırdavat, - Nazi­lə dedi. - Üs­tə­lik, ucuz olsun...
İlhamın anbarına gi­rən­də Dila­rə gör­dü ki, bu, keçən də­fə Nazi­lə ilə mal gö­tür­dük­lə­ri anbardı. Şüb­hə­li-şüb­hə­li soruşdu:
- Nazi­lə, bu, tanı­şı­yın anbarı deyil­di?..
- Doğrudan haa!.. - Nazi­lə də özü­nü çaşmış ki­mi gös­tər­di. - Balam, bi­zi hara gə­tir­­mi­si­niz? Bura tanı­şım Fira­nın, Fi­rən­gi­zin anbarı­dı axı... - O tə­rəf-bu tə­rə­fə boy­lan­dı.
- Demək, siz burdan alver edir­di­niz?
- Hə, - Nazi­lə dedi.
Bu zaman arxa tə­rəf­dən çıxan orta yaşlı, gü­ləş si­fət­li bir qadın onlara yaxınlaşdı.
- Nazi­lə xanım, xoş gəl­mi­si­niz! - Əv­vəl Nazi­lə, sonra da Dila­rə ilə gö­rü­şüb öpüş­dü. - Hə­mi­şə siz gə­lə­si­niz.
- Fi­rən­giz xanım, bu nə iş­di belə?.. - Nazi­lə soruşdu.
- Nə var, nə olub, Nazi­lə xanım?..
- Mən bu anbarı si­zin­ki bi­lir­dim. İn­di deyir­lər...
- Bi­lir­si­niz necə­di, Nazi­lə xanım? - Fi­rən­giz aydınlaşdırmağa çalış­dı. - Mən buranın, belə demək müm­kün­sə, baş satı­cı­sı, mü­di­ri­yəm. Sahi­bi İlham müəl­lim­di. Özü hər saat burda olmur...
- Deyi­rəm də, mən burda sə­ni gö­rüb, sə­ni tanı­mışam.
- Bəl­kə də İlham müəl­li­mi də gör­mü­sü­nüz, tanıma­dı­ğı­nıza gö­rə fi­kir vermə­mi­si­niz.
- O da ola bi­lər.
İlham sanki deyi­lən­lə­ri doğrultmaq üçün in­di də harasa çı­xıb getdi. Dila­rə­gil xeyli mal seçib ayır­dılar. Sonra gör­dü­lər ki, çoxdu. Bə­zi­lə­ri­ni qaytarmaq is­tə­yən­də İlham qapıdan gir­di.
- Hə, ürə­yi­ni­zə yatan nə tapmı­sı­nız?.. - Ortalıqdakı mallara baxıb, - Elə bu?.. - dedi.
- Azdı?.. - Nazi­lə soruşdu.
- Canım, burda nə var?..
- Siz əv­vəl haqq-hesaba vurun gö­rək pulunu ödə­yə bi­lə­cə­yik, ya yox? - Nazi­lə dedi.
Hesabladılar, bö­yük məb­ləğ alın­dı.
- Çoxdu!.. - Nazi­lə Dila­rə­yə sarı dön­dü. - Elə deyil, bacı?..
- Hə... - Dila­rə təs­diq­lə­di.
- Bunun nə­yi çoxdu?.. - İlham gül­dü. - Problem pul problemi­di­sə, çatmayanı nis­yə yazarıq.
- Müəy­yən his­sə­ni hə­mi­şə Fi­rən­giz­dən də nis­yə gö­tü­rü­rəm, amma bu qə­dər yox də...
- Malı­mı­zın hamı­sı Dila­rə­yə qurbandı!..
Saranın mallarından da bə­zi şeylər seçdi­lər. İlham gi­rə­və­lə­yib Dila­rə­ni sorğu-suala tutdu:
- Uşaqdan-zaddan nə­yin var?..
- Bir oğlandı... - Qeyri-ix­tiya­ri ağzından qaçdı. Hə­min də­qi­qə də qızardı.
- Allah saxlasın!.. Ərin iş­lə­yir­mi?..
- Belə də... - Dila­rə miya­nə bir cavab verdi.
- Mən hə­lə subayam. - İlham zarafat tər­zin­də, söz­gə­li­şi dedi, ni­yə, özü də bil­mə­di.
Giz­li­cə Dila­rə­yə telefon nöm­rə­si­ni, tə­lə­sik qaraladı­ğı məktubunu ötür­dü...

* * *

"Salam, Dila­rə! Bəl­kə də mə­nə inanmayacaqsan. Amma bu il­lər ər­zin­də sə­ni bir­cə gün də unutmamışam. Qarşında günahkaram və güna­hı­mın bö­yük­lü­yü­nü başa dü­şü­rəm. Bunları özü­mü tə­mi­zə çıxartmaq üçün yazmıram. İs­tə­yi­rəm bi­lə­sən ki, vic­danım qarşı­sında çək­di­yim cəza güna­hımdan daha bö­yük, daha ağır­dı!.. Nə­yim varsa, fi­kir­ləş­mə­dən, bir göz qır­pı­mında hamı­sından əl çə­kər­dim, tə­ki yeni­dən həya­tıma qayıda bi­ləy­din. Kənardan baxan puluma, var-döv­lə­ti­mə köks ötür­sə də sən­siz o vaxtkı İlhamdan qat-qat kasıb, bəd­bəx­təm. Bü­tün bunları sə­nin həs­rə­ti­ni çə­kə-çə­kə dərk etmi­şəm... Sə­ni tə­zə­dən tapdı­ğıma (çox da adı­yın üs­tün­də başqası­nın adı­dı) bil­sən necə şadam! Kaş qəl­bi­nin ən məh­rəm guşə­sin­də iki­mi­zin mə­həb­bə­tin­dən yadigar üs­tü­nü kül ört­müş ki­çi­cik bir köz qalmış olaydı. Onu göz yaşlarımla alovlandırmağa gü­cüm çatardı!..
Qalan öm­rü­mü də əv­vəl­ki ki­mi sə­nin xəya­lınla yaşamağa, sə­ni göz­lə­mə­yə hazıram. Mə­ni bağışlamağa çalış. Mə­nə iy­nə gö­zün­dən keçən işıq qə­dər ümid ver!.. Sə­nin itin, pi­şi­yin İlham..."
Dila­rə İlhamın məktubunu oxuyub qurtarandan sonra əl­lə­ri ilə üzü­nü ör­tüb bərk­dən hön­kür­dü. Yatağına yı­xı­lıb doyunca ağladı...



* * *

Dila­rə məktubdan sonra öz həya­tına, Şahmarlı gün­lə­ri­nə tə­zə­dən nə­zər yetir­di. Gec də olsa etiraf etdi ki, Şahmarı sevmir. Əv­vəl­dən sevmə­yib. Ona mehriban, yaxşı adam ki­mi bağlanıb. Bu bağlı­lıq qarşı­lıq­lı, kö­nül­lüy­dü. Belə olmasaydı, Şahmar hə­lə o vaxt, baki­rə­li­yi­nin başqası tə­rə­fin­dən pozulduğunu açıb danışanda Dila­rə­dən aralanardı. Dila­rə onun şəx­sin­də sadiq hima­yəda­rı­nı tapmış­dı. Həm də ən ümid­siz vaxtlarında. Bəl­kə Şahmar özü də onu hə­qi­qi mənada sevmə­yə imkan tapmamiş­dı? Əv­vəl ki­şi qadına necə meyil salırsa elə­cə meyil salmış, sonra da halına acı­mış, qayğı­sı­nı əsir­gə­mə­miş­di... Sevən Kö­nül ki­mi olardı. Dila­rə özü­nü bu mə­həb­bə­tin qarşı­sında maneə sayır­dı. Bacarsaydı ortadan çə­ki­lər­di. Kaş Şahmar da Kö­nü­lü sevə, onun mə­həb­bə­ti­nə cavab verə bi­ləy­di. Onda Dila­rə üçün ortadan çə­kil­mək daha asan olardı!..

Düz­dü, hər­dən hə­rə­kət­lə­riy­nən onu qı­cıqlandıran, əsəbi­ləş­di­riən Kö­nü­lə acı­ğı tuturdu. Amma çox vaxt qıza yazı­ğı gə­lir­di. Hətta bə­zən ona kö­mək etmək is­tə­yir­di. Kö­nül gö­rü­nən­də səs­siz­cə aradan çı­xır, qı­zın Şahmarla tək qalmasına şər­ait yaradır­dı. Bu, bir zaman Şahmarın ona gös­tər­di­yi xeyirxahlı­ğına cavabdı-nə­di, Dila­rə özü də baş açmır­dı...

* * *

Ucsuz-bucaqsız bir ­çəmən­lik­də əl-ələ verib qaçır­dılar. Bir­dən Dila­rə­nin ayağı büd­rə­di, di­zə­cən torpağa batdı. Demə, çə­mən­lik yalançı, tə­lə imiş. Dila­rə əl-qol atır, çı­ğı­rır, İlhamı kö­mə­yə çağı­rır­dı. Ni­yə İlhamı, anlamır­dı. Axı bayaqdan əl-ələ verib qaçdı­ğı Şahmardı! Bir­dən-bi­rə hara qeyb oldu?.. Bəl­kə İlham gö­zü­nə Şahmar ki­mi gö­rün­müş­dü?.. Çaşıb qalmış­dı. Qə­ri­bəy­di, kənardan ona kö­mək əli­ni uzadan, vurnuxan də­qi­qə­də bir də­yi­şir, gö­zü­nə gah Şahmar, gah da İlham ki­mi gö­rü­nür­dü... Sonra bataqlıq Dila­rə­ni tamam uddu. Lakin o, bataqlı­ğın altından işıq­lı dünyanı gö­rür­dü. Onu səs­lə­yən, əks-səda verən sə­si də eşi­dir­di.
- Dila­rəəə!.. - Amma sə­sin İlhamın­mı, Şahmarın­mı sə­si olduğunu ayırd edə bil­mir­di...
- Nə­di, Dila­rə, nə olub?.. - Şahmar yuxuda inil­də­yən Dila­rə­ni sil­kə­lə­yib oyatdı.
- Yuxu gö­rür­düm, - Dila­rə qan-tər için­də mı­zıldandı.
- Pis yuxuydu?..
- Hə, bataqlıqda batır, sə­ni kö­mə­yə çağı­rır­dım...
- Kö­mə­yi­nə çata bil­dim­mi?..
- Yox...
- İnanmıram ki, mə­ni çağırasan, kö­mə­yi­nə çatmayam. - Şahmar zarafatyana dedi. - Yə­qin nə­yi­sə qarış­dı­rırsan...
Dila­rə cavab vermə­di...

* * *

Eyvanda çay içir­di­lər. Bərk kü­lək əsir­di. Zəhra xala dodağı­nın altında dua edir­di.
- Allah ziyanlı­ğından saxlasın!..
- Qorxma, ana. - Şahmar dedi. - Bəs Bakıda­kılar neynə­sin? İlin on iki ayı kü­lək­di!..
- Onlara baxma, oğul, öy­rən­cə­li­di­lər...
- Şahmar, vallah, elə bil bu kü­lək Bakıda­kından da betər­di. - Bayaqdan özü­nü tox tutan Dila­rə də qorxduğunu giz­lət­mə­di.
Qonşu uşaqla tut ağacı­nın altında oynayan Dil­qə­min dünya veci­nə deyil­di. Oğlan qolları­nı açıb ora-bura qaçır, Dil­qəm də velosipedlə onu qovurdu. Səs-küy­lə­ri hə­yət-bacayla bir­di.
- A bala, ay uşaq, yı­ğı­şın evə, kü­lək si­zi yıxar... - Zəhra xala arabir onları ha­ray­layır­dı.
- Yıxmaz, - oğlan gü­lə-gü­lə qış­qı­rır­dı. - Kü­lək bi­zi uçurdur ey, baxın...
Dil­qəm də tutuquşu ki­mi onun söz­lə­ri­ni təkrarlayır­dı...
Qonşu oğlanın bö­yük qardaşı gəl­di ki, anası onu çağı­rır.
- Neynir ee?.. - Uşaq dilxor oldu.
- Deyir, kü­lək­di, gəl evə...
- Oynayı­rıq axı...
Qardaşı başına bir qapaz saldı, qolundan tutub dalınca dartdı.
- Ə, uşaqla işin yoxdu!.. - Şahmar eyvandan acıqlandı.
Dil­qəm tək qaldı. Bu, Zəhra xalanın ürə­yin­dən oldu.
- Bala, sən də gəl evi­mi­zə.
Dil­qəm acığa düş­müş ki­mi velosipe­di­ni tə­zə­dən o tə­rəf-bu tə­rə­fə qovdu. Bir­dən qocaman tut ağacı lən­gər vuraraq bərk­dən şaqqıldadı. Kö­kün­dən qoparaq böy­rüs­tə aşdı.
- Dil­qəm!.. - Üçü də bir ağızdan bağıraraq irə­li cumdu.
Əsl mö­cü­zəy­di. O boyda tut ağacı hə­yət boyu sə­ril­miş, amma ortasında qalan uşağa heç bir xə­tər yetir­mə­miş­di. Bö­yük­lə­rin hay-harayı, əl-ayağa düş­mə­si Dil­qə­mi daha artıq qorxutmuşdu.
- İç, bala, iç!.. - Dila­rə tez su gə­ti­rib uşağa içirt­di.
Nə baş verdi­yi­ni anlamayan Dil­qəm hə­lə də velosipe­di­nin üs­tün­də quruyub qalmış­dı. Bir­dən şə­ri­di, qapı­nın zən­gi­ni, cağı qopardaraq yerə dö­şən­miş tut ağacına baxıb günahkarcasına:
- Mən elə­mə­dim haa, - dedi.
Bir-bi­ri­nin üzü­nə baxaraq bərk­dən gü­lüş­dü­lər...

* * *

Dər­di azmış ki­mi, Şahmarın bir böy­rə­yi də ağrımağa başlamış­dı. Hava soyuq olanda, kü­lək vuranda üşü­yür, sı­zıldayır­dı. Beli­nə yun şal bağlayır­dı. Soyuq sən­gər­lər­də keçən gün­lə­rin bü­tün ağrı-acı­sı in­di üzə çı­xır­dı. Tür­kəça­rə­yə inanmasa da qar­ğıda­lı saçağı, itburnu-zad dəm­lə­dib içir­di. Ağrıla­rı gah azalır, gah da artır­dı...
Böy­rə­yi iy­nə ki­mi sancdı. Nə­fəs çək­mə­dən əli­ni ağrıyan yerə qoyub göz­lə­di. Sanki bü­tün canı o nöq­tə­dəy­di. Ağrıya döz­mək çə­tin­lə­şir­di. Alnı­nı soyuq tər basdı. Oyuncaqları ilə oynayan Dil­qə­mi qorxutmamaq üçün astadan Dila­rə­ni çağır­dı. Dila­rə si­fə­ti­nin əyil­di­yi­ni, rən­gi­nin ağardı­ğı­nı gö­rən­də özü­nü itir­di.
- Nə­di, Şahmar? - Əlin­də toxuduğu corabı qırağa qoydu. - Boğulursan? Si­nən­di?.. - Elə bil­di yenə bronxları­dı.
- Toxunma, böy­rə­yim­di...
Dila­rə başı­nın altına mü­tək­kə qoyaraq Şahmarı uzandır­dı. Zəhra xala da əl-ayağa düş­dü.
- Az, hanı astmapenti?.. - Boğulanda astmapentdən is­tifa­də edir­di.
- Belə dur, ay ana, böy­rə­yi­di.
Şahmar Dil­qə­mə gö­rə sə­si­ni içi­nə salmağa çalışsa da döz­mür, yerin­də qıv­rılaraq inil­də­yir­di. Uşaq baxıb-baxıb bir­dən ağladı. Zəhra xala onu ovutmağa çalış­dı. Dila­rə Şahmara saçaq çayı içirt­di. Ağrı azalmayanda tə­ci­li yardım çağır­dılar. Hə­kim dər­di­ni soruşub öy­rə­nən­dən sonra iy­nə vurdu.
- Biz belə mil­lə­tik, - yı­xılmayınca hə­ki­mi tanı­mır, axtarmı­rıq.
- Düz deyir­sən, doxdur, - Zəhra xala təs­diq­lə­di. - Amma Allah kasıb­lı­ğın üzü­nü qara elə­sin.
- İcazə verin si­zin­lə razılaşmayım, anam. Kası­bı­mız da bu gün­də­di, varlı­mız da.
Göz­lə­di­lər, iy­nə­dən sonra Şahmarın halı babatlaşdı. Hə­kim yı­ğış­dı.
- Sabah polik­li­nikada analiz verər, yoxladarsı­nız. Böy­rək­lə zarafat olmaz, cavan oğlan...
- Sağ ol, hə­kim, əlin-qolun ağrıma­sın. - Zəhra xala dil-ağızla Dila­rə­nin xəl­və­ti ovcuna qoyduğu pulu hə­ki­min ci­bi­nə saldı...







* * *

Şahmar analiz­lə­ri­ni verdi, aparata düş­dü. Böy­rə­yin­də daş vardı. Hə­kim dedi:
- Mən­dən olsa, Bakıya gedər­sən. Orda aparatlar daha güc­lü, şər­ait daha yaxşı­dı.
- Bi­li­rəm, hə­kim, - Şahmar qı­mış­dı. - Pis, zə­if olan öz imkanlarım­dı. Yə­ni dava-dərmanla ötüş­məz?..
Hə­kim yarı­kö­nül bir kurs müa­li­cə yazdı. Ancaq ikin­ci tutma daha ağır keçdi. Yenə tə­ci­li yardım çağır­dılar. Keçən də­fə­ki hə­kim­di. Analiz­lə­rə, aparatın cavabına baxıb Şahmarı qına­dı:
- Qanan oğlansan, ni­yə özü­nü aldadırsan? Sə­nin­ki Bakı­lıq­dı, canına yazı­ğın gəl­sin...
Hə­kim gedən­dən sonra Zəhra xala da, Dila­rə də dad döy­dü­lər:
- Gecik­dir­mə, ay Şahmar...
- Elə hamı­nız di­rən­mi­si­niz ki, gecik­dir­mə. - Şahmar əsəbi­ləş­di. - Bakıya gedə­nin yaxşı pulu olmalı­dı. - Ən bö­yük ti­ri qabaqlarına itə­lə­di.
- Pulumuz yoxdu deyə, iraq-iraq, gö­zü­mü­zün qabağında ayağı­nı uzadıb ölə­cək­sən? - Dila­rə də hirs­lən­di. - Nə­yə gü­cü­müz çatır, onu da elə­yə­cə­yik!..
Dila­rə­nin tə­ki­di ilə gön­də­riş alıb Bakıya yola düş­dü­lər...

* * *

- Baa, ki­mi gö­rü­rəm mən?.. - Dila­rə­ni qardaşı qarşıla­dı. - Yenə tək?.. Xeyir­di­mi?..
Qorxutmamaq üçün dedi ki, xeyir­di. Anasıynan da gö­rü­şən­dən sonra içə­ri keçib paltarı­nı də­yiş­di, rahatlandı. Handan-hana anasına dedi ki, əri xəs­tə­lə­nib.
- Yerdə yatır yə­ni?..
- Bakıya, böy­rək ins­titutuna gə­tir­mi­şəm. - Ətraflı danış­dı. - Sabah bir də analiz gö­tü­rə­cək, yoxlayacaqlar. Daş mə­sə­lə­si təs­diq­lən­sə, aprestlik­di.
- Ürə­yi­ni sıxma, qı­zım, Allah kə­rim­di. - Anası toxtaqlıq verdi.
Bakıya sə­hər tezdən çatmış­dılar. Günortayacan Şahmarı hə­ki­mə gös­tər­miş, sə­nəd­lə­rin qaydaya salmış, palataya gö­türt­müş­dü. Altdan-altdan xəs­tə­lə­rin ağzı­nı arayıb hə­kim­lə­rin əmə­liyyata, müa­li­cə­yə nə qə­dər aldıqları ilə maraqlanmış­dı. Elə qiy­mət­lər eşit­miş­di ki, göz­lə­ri bö­yü­müş­dü...
Ə­mə­liyyat üçün yaxşı cərrah lazım­dı. Yaxşı cərrah da yaxşı pulu olan, arxalı-daldalı xəs­tə­yə yaxın dururdu. Onlar üçün ölüm-itim adi şeydi. Hiss­lə­ri küt bıçaq ki­mi korşalmış­dı...
Bunları fi­kir­ləşdukcə Dila­rə havalanır­dı. Neylə­sin? Dər­di­ni ki­mə desin? İs­tə­ni­lən məb­lə­ği hardan tapsın? Əlin­də­ki də nis­yə gö­tür­dü­yü malların puluydu. Əmə­liyyata çata-çatmayaydı. Hə­lə bunun müa­li­cə­si, dava-dərmanı və s. vardı. Halbuki kağız üzə­rin­də hamı­sı pulsuzdu...
- Ana, mən gedi­rəm. - Dila­rə durub-durub bir­dən ayağa qalxaraq geyin­di.
- Hara, ay bala?.. - Anası təəc­cüb­lən­di.
- Şə­hə­rə.
- Şə­hər­dən in­di gəl­mə­din?.. - Saata baxdı. - Gecdi axı. Gör saat neçə­di?..
- Narahat olma, gü­nün bi­ri bir il­di.
- Bayaqdan desəy­din, qardaşın da sən­nən gedər­di. - Qardaşı harasa çıx­mış­dı.

* * *

Də­miryol vağzalı­nın qabağında mobil telefonları­nı kira­yə verən­lə­rə yaxınlaşdı. Nə zamandı Şahmarla arzulasalar da artı­rıb öz­lə­ri­nə bir cib telefonu ala bil­mir­di­lər. Gün­də ortaya bir iş çı­xır­dı. Cavanlardan bi­ri Dila­rə­nin niy­yə­ti­ni duyub soruşdu:
- Telefon lazım­dı?..
- Hə.
- Nöm­rə­ni deyin, yı­ğım... - Telefonunu gös­tər­di.
Saranın nöm­rə­si­ni dedi. Oğlan dö­nə-dö­nə yığsa da çağırmadı.
- Bağlı­dı, xala, düş­mək olmur. Başqa nöm­rə­niz var?..
- Yox... - İlhama zəng vurmaq is­tə­mir­di.
Məq­səd­siz-filansız sovetin döv­rün­də İliç bağı adlanan bağa doğru addımladı. Elə hey fi­kir­lə­şir­di ki, İlhama zəng vursun, ya yox? Şahmar bil­sə, onu belə bir addım atmağa qoymazdı. Yox, o, İlhama zəng vuracaq, bu kö­mə­yi ondan is­tə­yə­cək­di. Gö­zü baxa-baxa Şahmarın öl­mə­yi­nə razı ola bil­məz­di!..
Tə­zə­dən telefon axtardı. Nöm­rə­ni deyib göz­lə­di. Elə ilk cəhd uğurlu alın­dı.
- Alo, kim­di?.. - İlhamın sə­si­ni eşi­dən­də ürə­yi əs­di. - Alo? Alo? Kim­di?.. Cavab ver...
Səs-küy­dən yayınmaq üçün üzü­nü o bi­ri tə­rə­fə çevir­di. Hə­yəca­nı­nı boğaraq dil­lən­di:
- Salam, İlham... mə­nəm, Dila­rə­di. - Ürə­yi az qalır­dı si­nə­si­ni deşib çıx­sın.
- Kim­di?.. - İlham soruşdu. Yə­qin eşit­di­yi­nə inanmır­dı.
- Mə­nəm ey, mən, Dila­rə... - Bərk­dən təkrarladı.
- Dila­rə, sən­sən? - İlhamın o başda ürə­yi atlandı. - Hardasan? Hardan zəng vurursan?..
- İliç bağı­nın yanından.
- Orda neynir­sən?..
Elə bil­di Nazi­lə ilə mala gə­lib­lər. Eşi­dən­də tək­di, daha uzatmadı, dedi, üz­bəüz­də, S. Vurğunun heykə­li­nin qabağında göz­lə­sin, gə­lir...
Qara rəng­li xari­ci maşın sə­ki­yə yan aldı. Oğrunca boylansa da tünd şü­şə­lə­rin­dən için­də­ki­ni yaxşı seçmə­di. Qapı­sı­nın aralanmağı ilə İlhamın sə­si­ni eşi­dən­də dik­sin­di.
- Dila­rə!..
Keçib arxada əy­ləş­di. İlham çö­nüb onun əli­ni yün­gül­cə sıx­dı.
- Haçan gəl­mi­sən, xeyir­di­mi? - Dila­rə mə­sə­lə­ni anlatdı. - Demək, aprestlik­di. Kim elə­yə­cək?..
- Bil­mi­rəm. Fi­kir­ləş­dim ki, yə­qin sə­nin tanı­şın olar...
- Dayan, bir tanı­şım var, çox delavoy oğlandı. - Cib telefonunu çıxardıb zəng vurdu. - Alo? Zaur, sən­sən? Salam. Sə­nə bir işim dü­şüb. - Qısaca anlatdı. Şahmarı xalası qı­zı­nın əri ki­mi tanıt­dı. Nə eşit­di­sə, - nolar, göz­lə­yi­rəm, - dedi, - beş-on də­qi­qə­yə bir də calaşarıq... - Telefonu sön­dü­rüb Dila­rə­yə sarı dön­dü. - Ürə­yi­ni sıxma, dü­zə­lər. Tanış uroloq-cərrah var, onunla danışacaq...
Maşı­nı tər­pə­dib axına qarış­dı. İla­hi, o, necə də də­yiş­miş, cid­di, iş­güzar adama çevril­miş­di.
Bir azdan telefonu çağır­dı.
- Eşi­di­rəm, Zaur. - Tez-tez başı­nı tər­pə­dir, arabir "aydın­dı", deyir­di. - Yadımda qalar, professor Zamanlı. Problem yaransa zəng vuraram. Sağ ol!.. - Güz­gü­də Dila­rə­ni süz­dü. - Pofessor Zamanlı ilə danı­şıb. Bir az çəm-xəm elə­yib, amma boynuna qoyub. Deyib, sabah iş­də, yə­ni xəs­təxanada yaxınlaşıb tanış­lıq verər­lər...
- Başından elə­məz ki?..
- İnanmıram, dostum vesdi adamdı. İs­tə­sən, sabah gə­lib hə­ki­min yanına özüm gi­rə­rəm.
- Lazım deyil, - Dila­rə etiraz etdi, - bu, əlavə problem yaratmaqdı.
- Şahmar mə­ni tanı­mır. Deyər­sən, si­nif yoldaşım­dı, professora tapşırmağa gə­lib...
Dila­rə is­tə­di desin ki, Şahmar sə­ni yaxşı tanı­yır, demə­di. Hə­lə vaxtı deyil­di.
- Özüm taparam. Sən hər ehtimala qarşı, sabah professora bir də zəng vurdurarsan.
- Ağıl­lı fi­kir­di. - İlham gü­lüm­sə­di. - Pul dər­di çək­mə, hə­kim mən­lik­di. Yaxşı­mı?..
Dila­rə uşaq ki­mi köv­rəl­sə də özü­nü tox tutdu. İlham is­tə­di onu restorana-zada aparsın, bir­lik­də şam etsin­lər, razı olmadı. Sonra vaxt taparıq, dedi. İlham dedi, neynək, yadında saxlayar...

* * *

Maşın cür­bə­cür dön­gə­lə­ri dö­nür, evlə­rin arasına gi­rir, xeyli gedən­dən sonra tə­zə­dən geniş­li­yə çı­xır­dı. Dila­rə tünd şü­şə­lər­dən qaranlıqda hara getdik­lə­ri­ni binalara, mağazalara gö­rə tə­yin etmə­yə çalışsa da bacarmır­dı. Elə bil heç onun tanı­dı­ğı şə­hər deyil­di... Sonra yağış yağmağa başladı. Yavaş-yavaş güc­lə­nib leysana çevril­di... Maşın hər­lə­nib-fırlanıb doqquzmər­tə­bə­li bina­nın qarşı­sında dayandı.
- Mə­ni hara gə­tir­mi­sən, İlham?..
İlham cavab vermə­di. Dila­rə­nin əlin­dən yapı­şıb darta-darta bloka saldı. Ordan da lif­tə. Qapılar bağlandı, lən­gər­lə­nə­rək köh­nə, yağlanmamış araba ki­mi xı­rıldaya-xı­rıldaya, mı­rıldaya-mı­rıldaya yuxarı qalxdı. Başı fırlanır, qulaqları kü­yül­də­yir­di. İlham qucaqlayıb dodaqlarından bərk-bərk öp­sə də müqa­vi­mət gös­tər­mə­di... Sonra onlar tanıma­dı­ğı otaqda, bir yataqdaydılar. Tamam mü­ti­ləş­miş­di. İlham is­tə­di­yi­ni edir, ürə­yin­dən keçə­ni ondan alır­dı...
- Doğrudan, o hə­kim professordu, İlham?.. - İşin o yerin­də bir­dən­cə soruşdu.
- Doğrudan!.. - İlhamın nə­fə­si tən­ti­miş­di.
- Yə­ni deyir­sən, daşı böy­rə­yin­dən çıxardacaq?..
- Elə çıxardacaq, heç ruhu da in­ci­mə­yə­cək...
- İkibaşlı danı­şırsan, haa?.. - Ondan şüb­hə­lən­di.
- İkibaşlı-zad danış­mıram. Şahmardı-nə­di, ona elə bir maya buraxmışam ki, daha bir də əl-ayağıma dolaşmayacaq. - Şaqqanaq çə­kib gül­dü.
- Nə gic­lə­yir­sən?.. - Dila­rə İlhamı üs­tün­dən aşır­dı. - Onu aradan gö­türt­mək fik­rin­də­sən?..
Öz çı­ğır­tı­sına ayıl­dı. Qan-tər için­dəy­di...
* * *

Dila­rə professor Zamanlı­nı çə­tin­lik çək­mə­dən tapdı. Tanış­lıq verdi. Xəs­tə­nin adı­nı, fami­liya­sı­nı, hansı palatada, nə­dən yatdı­ğı­nı söy­lə­di. Professor onu arxayın saldı... Axşamtə­rə­fi İlhamla zəng­ləş­di. İs­tə­di yuxusunu danış­sın, vaz keçdi...

Ə­mə­liyyat uğurlu alın­dı. Xəs­təxanadan, Şahmarın yanından qayı­dıb anası­gil­də tə­zə­cə rahatlanmış, divanda yatmış­dı. Anası oyadıb dedi ki, kü­çə­də onu çağı­rırlar. Yuxulu-yuxulu bu qə­fil xə­bər­dən qorxdu.

- Bil­mə­din kim­di?.. - Soruşdu.

- Maşın­lı bir gə­lin­di. Dedim, keç içə­ri, keçmə­di.

davamı
XS
SM
MD
LG