Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Üzeyir bəy Hacıbəyli. Müsəlman intelligentinin məclisi


Baxırsan ki, mәclisә yığılanların hamısı, allaha şükür, hәm rusca, hәm müsәlmanca oxumuş intelligent adamlardır. Bunlar buraya cәm olub, "millәti irәli aparmaq" kimi mühüm bir mәsәlә xüsusunda danışırlar. İntelligent natiqlәrdәn birisi durub nitq söylәyir:

"Hәzәrat, sizin hamınıza mәlumdur ki, bizim millәt geridә qalıbdır. Onları irәli aparmaq üçün bizim borcumuzdur ki, filan şeyi, filan şeyi, filan şeyi ... hökumәtdәn tәlәb edәk...."

Cәnab natiq bu axırkı sözlәri elә bәrk deyir ki, onun tәsirindәn әhli-mәclis hәyәcana gәlib, tәmiz yarım saat әl çalır, "Bravo, bravo"--deyirlәr.

Ondan digәr bir natiq durur, o da belә söylәyir:

-- Hәzәrat, iş buradadır ki, bir bu qәdәr şeylәri biz hökumәtimizdәn tәlәb edә bilmәrik. Biz bunları, yaxşı olar ki, tәvәqqe vә rica ilә alaq. Çünki tәlәb etmәyә bizdә qüdrәt yoxdur, yox!

İkinci natiqin bu sözlәri dә camaata artıq tәsir edib, intelligent camaat bu natiqә dә әl çalır, yenә "Bravo, bravo"--deyirlәr. Sonra üçüncü natiq durur:

Hәzarat, bizdәn ötrü әn yaxşısı budur ki, nә tәlәb edәk, nә tәvәqqe elәyәk, bir cür, bir tövr ilә işimizi aparaq ki, bir dә baxıb görәk millәt özbaşına irәli getmәyә qәdәm qoyubdur. Yoxsa, qәdәm qoymasa (axırkı sözlәri çığırır), biz heç vәdә adam olmarıq.

Әhli-mәclisin bu sözlәr dә xoşuna gәlir. Yenә әl çalırlar, yenә "Bravo"--deyirlәr. Sonra hazırlaşırlar ki, dördüncü, beşinci, altıncı natiqlәrә dә әl çalıb, "Bravo" desinlәr, küçәdәn keçәn әcnәbilәrә bildirsinlәr ki, burada müsәlman intelligentinin mәclisi vardır.

Yaxşıdır, işlәrimiz belә gedәrsә, yaman deyil....
XS
SM
MD
LG