Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:02

Mirzə Fətəli Axundov. Con Stüart Mill azadlıq haqqında


Ingilis filosofu Con Stüart Mill azadlığı izah etmək məqsədi ilə
yazdığı kitabda göstərir:

– Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və
fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini
zəmanəmizdə sivilizasyon adlandırırlar.

Sivilizasyon elə bir ümumi məfhumdur ki, onun məzmununda
bütün sənətlər, fənlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu
kimi şərtləri cəm olmuşdur. Pəs bu cür tərəqqi o zaman imkan
tapar ki, cəmiyyətin fərdləri öz fikirlərində müqəyyəd olmasınlar; hər
nə istəsə desin və hər nə bacarırsa etsin. Və əgər onun sözü, ya işi cəmiyyətin
başqa fərdlərinin nəzərində məqbul olsa, cəmiyyətin başqa
fərdləri də düşündükdən sonra onu təsdiq edər və ondan fayda taparlar;
əgər məqbul olmasa, başqa bir adam onun səlahiyyətsizliyini bəyan edər.
Bu üsula “kritika” deyərlər. Fikir azadlığı olduqda kritikanın faydası
o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rə’ylərin toqquşmasından
haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat
zühur edəcəkdir.

Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları atababanın
və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan
kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə
məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər
bir işi düşünmədən və fikir vermədən görən avtomat olarlar və ya
onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar
və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra
genə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar
edərlər. Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər,
otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır;
əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri
görərdilər və dünya ne’mətlərindən tamamilə faydalanmış olardılar.

Bu gün bizim kürəmizdə Hindistan brəhmənlərinin və Musa dininin
peyrəvləri və Çin dövləti qanunlarına bağlı olanlar haman dəyirman
atları kimidirlər ki, dinlərin və qanunların meydana çıxdığı tarixdən bu
günə qədər onların halında heç bir dəyişiklik üz verməmişdir və bundan
sonra əgər minlərcə il bu tərzdə keçsə, genə bu biçarələrin əvvəlki
halı ilə axırkı halları arasında heç bir fərq olmayacaqdır. Bəlkə
demək olar ki, onlar daima geri gedəcəklər; çünki insan növünün tərəqqisi
ağıl ilədir, bu biçarələrin ağlı üçün isə hərəkət yolu bağlanmışdır.

Avropa əhalisi də, papaların təsəllütü və katolik məzhəbinin şiddəti
nəticəsində miladı tarixin ortalarına qədər yuxarıda zikr olunan
biçarələr kimi idi. Lakin miladi tarixin ortalarında mütəfəkkirlər, hükəma
və filosoflar zühur etdi və papalara itaət etmək boyunduruğunu
boyundan atdılar və katolik məzhəbinin əleyhinə qalxışdılar və revolyusyon,
yə’ni şuriş etdilər və dedilər ki: Bu nə deməkdir ki, biz də
insan sinfindən olduğumuz halda, ağıl və bilikdən payımız olduğu
halda, özümüzü bir neçə nəfər elmsiz və mə’rifətsiz papaların və həvariyyunun
ki, vaxtı ilə bə’ziləri balıqçı, bə’ziləri də paltaryuyan olmuşlar,
qulu edək?.. Əgər bu növ avamaldadan şəxslər bu əsrdə bizə
təsadüf etsələr, biz onları bilik dərəcələrinə görə, öz məclis və müsahibətimizə
layiq bilmərik. Necə ola bilər ki, biz onlara baş əyək!

Oxucu özü insaf etsin ki, onlardan hansı biri Nyuton və Uatta bərabərdir?
Aya, rəvadır ki, Nyuton və Uatt və Avropa əhalisinin bugünkü
tərəqqisinə bais olan minlərcə bu kimi bəşər dostları, filosof və
mütəfəkkirlər, bu nadanlara nisbətən qul vəziyyətində dursunlar, onları
özlərinə ağa qərar versinlər və onların haqlı-haqsız hökmlərindən
çıxmağı qətiyyən caiz bilməsinlər?

Fərz edək ki, bu din və qanun sahiblərinin sözlərindən və hökmlərindən
bə’ziləri bəşəriyyətin əhvalına aid hüsn və səlahiyyətdən xali
deyildir, amma onların düşüncələrində məcburilik meydana çıxdığından
və onlar fikir azadlığını aradan qaldırdıqlarından, o növ hökmlərin
rədd edilməsi vacibdir. Çünki onların qanunlarından hasil olacaq
fayda, fikir azadlığının olmamasından üz verən ziyan yanında, dəniz yanında
bir qətrə kimidir.
XS
SM
MD
LG