Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:28

Mirzə Ələkbər Sabir. Bakı fələlərinə















Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Olmaz bu ki, hər əmrə dəxalət edə fələ,
Dövlətli olan yerdə cəsarət edə fələ,
Asudə nəfəs çəkməyə halət edə fələ,
Yainki hüquq üstə ədavət edə fələ;
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Fələ! Mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minnətin olsun!
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Dövlətli, amandır, özünü salma bəlayə,
Fələ sözü həqq olsa da, baxma о sədayə,
Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,
Öz şənini puç eyləmə hər bisərü payə!
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Aldanma, fəqirin olamaz əqli, zəkası,
Çün yoxdur onun sən kimi pakizə libası,
Yox sərvəti, yox dövləti, yox şalı, əbası,
Var köhnə çuxası, dəxi bir təkcə qəbası;
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

İstərsən əgər olmağa asudə cahanda,
Та olmayasan qəmlərə aludə cahanda --
Fələ üzünə baxma bu bihudə cahanda,
Öz fikrini çək, ol dəxi fərsudə cahanda;
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.

Gör millətinin dərdini, axtarma dəvasın,
Əl çəkmə yetimin başına, kəsmə sədasın,
Zinhar qoyub dəhrdə bir xeyr binasın
Yad eyləmə, şad eyləmə millət füqərasın....
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.
XS
SM
MD
LG